AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda “Əbul Qasım əz-Zəhravi: Ərəb müəlliflərinin əlyazmalarının tədqiqi və tərcümə problemləri” mövzusunda elmi sessiya keçirilib.
Tədbir Əlyazmalar İnstitutunun və Səudiyyə Ərəbistanı Krallığı Kral Əbdüləziz Fondunun birgə təşkilatçılığı ilə baş tutub.
Əvvəlcə iştirakçılar institutun ekspoziya zalında ərəbdilli əlyazmaların sərgisi ilə tanış olublar.
Elmi sessiya Azərbaycan Respublikasının Dövlət Himni və Səudiyyə Ərəbistanı Krallığının Himninin səsləndirilməsi ilə başlayıb.
Tədbiri giriş nitqi ilə açan AMEA-nın prezidenti akademik İsa Həbibbəyli iki qurumun təşkilatçılığı ilə keçirilən sessiyanın əhəmiyyətini vurğulayıb.
Hazırda iki ölkə arasında iqtisadi, mədəni, elmi, siyasi və diplomatik sahələrdə əməkdaşlığın dinamik şəkildə inkişaf etdiyini deyən AMEA rəhbəri Səudiyyə Ərəbistanı Krallığının Azərbaycan üçün dost və qardaş ölkələrdən biri olduğunu vurğulayıb. Qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti Səudiyyə Ərəbistanı ilə münasibətlərin bütün istiqamətlər üzrə inkişafına xüsusi önəm verir. Bu əlaqələrin əsası Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulmuş möhkəm təməllər üzərində qurulmuşdur.
Akademik İsa Həbibbəyli vurğulayıb ki, bu gün AMEA-nın bir sıra institutlarında ərəb dili və ədəbiyyatı üzrə ayrıca tədqiqat qrupları və şöbələr fəaliyyət göstərir. Azərbaycan təkcə keçmiş Sovet məkanında deyil, dünya miqyasında da əsas şərqşünaslıq və ərəbşünaslıq mərkəzlərindən biri kimi tanınır.
Vurğulayıb ki, AMEA-nın Səudiyyə Ərəbistanının ən böyük elmi-mədəni mərkəzlərindən biri olan Kral Əbdüləziz Fondu ilə rəsmi əməkdaşlığa başlaması mühüm əhəmiyyət kəsb edir. Bu əməkdaşlıq, xüsusilə Əlyazmalar İnstitutunda ərəb dili və ədəbiyyatı istiqamətində aparılan tədqiqatların daha sistemli və dərin şəkildə həyata keçirilməsinə yeni imkanlar yaradacaq.
Akademik İsa Həbibbəyli qeyd edib ki, görkəmli alim Əbul Qasım əz-Zəhravinin tibb elminə dair 30 cilddən ibarət fundamental əsəri üzrə Əlyazmalar İnstitutunun alimlərinin apardıqları tədqiqatların nəticəsi olaraq müstəqil nəşrin təqdim olunması nəzərdə tutulur. Onun sözlərinə görə, bu əsər təkcə müsəlman dünyasında deyil, ümumilikdə dünya elmi tarixində cərrahiyyəyə həsr olunmuş ən qədim və zəngin mənbələrdən biridir. Əsərdə 240-dan artıq cərrahiyyə aləti təsvir olunub, konkret əməliyyatlar zamanı onların tətbiq üsulları elmi əsaslarla izah edilib və bu, Müsəlman Şərqində cərrahiyyə elminin inkişafına mühüm təsir göstərib.
Sonra Araşdırma və Arxiv Mərkəzinin (Darah) icraçı direktoru Turki bin Məhəmməd əş-Şuveyr Kral Əbdüləziz çıxış edərək keçirilən elmi sessiyanın iki qurum arasında formalaşmış münasibətlərin möhkəmlənməsinə və elmi əməkdaşlığın genişlənməsinə mühüm töhfə verəcəyini bildirib. O, tədbirin əlyazmaların elmi irs baxımından daşıdığı əhəmiyyəti bir daha nümayiş etdirdiyini diqqətə çatdırıb.
Azərbaycan arxivlərində qorunub saxlanılan ərəb əlyazmalarından bəhs edən Turki bin Məhəmməd əş-Şuveyr Kral Əbdüləziz X–XI əsrlərdə İspaniyada, Kordovada yaşamış görkəmli ərəb alimi Əbül-Qasim əz-Zəhraviyə aid əlyazmanın xüsusi elmi əhəmiyyət daşıdığını vurğulayıb. O, Əbül-Qasim əz-Zəhravinin elmi irsinin dünya tibb elminin inkişafına mühüm töhfələr verdiyini söyləyib.
Səudiyyə Ərəbistanı Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri İssam bin Saleh al-Cuteyli isə çıxışında iki ölkə arasında müxtəlif sahələr üzrə mövcud əlaqələrin davamlı şəkildə genişləndiyini qeyd edib. Vurğulayıb ki, hər iki ölkənin dövlət başçılarının bu münasibətlərin inkişafına göstərdiyi xüsusi diqqət əməkdaşlığın strateji xarakter daşımasının bariz nümunəsidir.
Səfir bildirib ki, bugünkü elmi sessiya məhz bu əlaqələrin ardıcıl və məqsədyönlü şəkildə davam etdirilməsinin göstəricisidir.
Daha sonra Əlyazmalar İnstitutunun direktoru akademik Teymur Kərimli çıxış edərək müasir dövrdə informasiya texnologiyalarının sürətli inkişafı fonunda bu kimi görüşlərin xüsusi elmi və strateji əhəmiyyət daşıdığını vurğulayıb. Bildirib ki, son illərdə rəqəmsallaşma proseslərinin intensivləşməsi, süni intellektlə bağlı şöbələrin yaradılması və bu sahə üzrə məsul şəxslərin müəyyənləşdirilməsi beynəlxalq elmi əməkdaşlığın daha da gücləndirilməsi üçün geniş imkanlar açır.
O, fondun nəzdində saxlanılan 4 milyondan artıq əlyazma və eksponatın əhəmiyyətli hissəsinin rəqəmsallaşdırıldığını söyləyib, gələcəkdə iki qurum arasında elektron əlyazmaların mübadiləsinin yüksək səviyyədə həyata keçiriləcəyinə əminliyini ifadə edib.
Tədbirdə Əlyazmalar İnstitutunun Ərəbdilli əlyazmaların tədqiqi şöbəsinin müdiri prof. Kamandar Şərifov, İmam Məhəmməd bin Səud İslam Universitetinin Sosial Elmlər fakültəsinin Tarix və mədəniyyət kafedrasının professoru Gəda bint Abdullah al-Qablan, Əlyazmalar İnstitutunun baş elmi işçisi, fəlsəfə elmləri doktoru dos. Zəkiyyə Əbilova, Səudiyyə Ərəbistanının müsəlman xalqlarının tarixi və sivilizasiyası üzrə tədqiqatlar professoru İbrahim bin Məhəmməd bin Həməd əl-Muzeqni və digərləri çıxış edərək sessiyada aparılan müzakirələrin gələcək birgə fəaliyyətlər üçün yeni imkanlar açdığını bildiriblər.


























