image-reklam-veteninfo
image-nahid-canbaxisisli-veteninfo-azbackend

Zülmətdən işıqlı sabahlara-NAHİD CANBAXIŞLI YAZIR

image-reklam-veteninfo

Hər bir xalqın tarixində elə dönüm nöqtələri olur ki, həmin anlar təkcə təqvim vərəqlərində qalmır, bütöv bir millətin taleyini, gələcəyini və varlığını müəyyən edir. Azərbaycan xalqı üçün 15 iyun- Milli Qurtuluş Günü məhz belə bir tarixi müqəddəratın adıdır. Bu gün biz sadəcə bir tarixi qeyd etmirik, biz dövlətçiliyimizin uçurumun kənarından xilas edilib, əbədiyyətə qovuşdurulduğu o çətin, lakin şərəfli yolu yad edirik.

1993-cü ilin iyununa qədər Azərbaycan ağır bir sınaqla üz-üzə qalmışdı. Daxili çəkişmələr, vətəndaş müharibəsi təhlükəsi, torpaqlarımızın işğalı və dövlət idarəçiliyindəki iflic vəziyyəti müstəqilliyimizin ilk illərini bir növ “qaranlıq dövr”ə çevirmişdi. Xalqın öz dövlətinə olan inamı sarsılır, ölkə öz daxili münaqişələri içərisində parçalanmaq təhlükəsi ilə yaşayırdı.
Məhz belə bir taleyüklü məqamda, xalqın təkidli tələbi ilə böyük dövlət xadimi Heydər Əliyev paytaxta qayıtdı. Onun Bakıya gəlişi ilə Azərbaycanın siyasi səmasında yeni, işıqlı bir səhifə açıldı. 15 iyun 1993-cü ildə onun Azərbaycan Ali Sovetinin sədri seçilməsi ilə ölkədəki anarxiyaya, özbaşınalığa və parçalanma meyllərinə son qoyuldu.

image-heyder
Qurtuluş, sadəcə bir siyasi qərar deyil, o, milli oyanışın, vahid bir amal ətrafında birləşməyin adı idi. Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində dövlətçilik institutları bərpa olundu, ordudan tutmuş idarəetmə aparatına qədər bütün sistem sistemli şəkildə formalaşdırıldı.
“Əsrin müqaviləsi” ilə Azərbaycanın dünya iqtisadi sisteminə inteqrasiyası və enerji təhlükəsizliyi təmin edildi.
Müxtəlif fikir ayrılıqları bir kənara qoyularaq, dövlətin müstəqilliyinin qorunması ali məqsəd kimi önə çıxdı.
Bu gün 15 İyun Qurtuluş Günü bizə xatırladır ki, güclü dövlət- vahid xalq və müdrik liderin birliyindən yaranır. O dövrdə qoyulan bu sarsılmaz təməl, bu gün Azərbaycanı regionun lider dövlətinə, dünyada söz sahibi olan bir ölkəyə çevirib.
Qurtuluş günü- müstəqilliyimizin ömrünü uzadan, onu əbədi edən, Azərbaycanı tarix səhnəsindən silinməkdən qoruyan bir qələbədir. Bu gün biz bu tarixi yaşatmaqla, həm də gələcək nəsillərə dövlətə sevgi, vətənə sədaqət və çətinliklər qarşısında sınmaz iradə miras qoyuruq.
Qurtuluşumuz mübarək, dövlətimiz əbədi olsun!

Nahid Canbaxışlı
”Vətəninfo.az”baş redaktoru




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki