image-reklam-veteninfo
image-1677060887_arzuman-teze-1-2backend

Arzuman Muradlı: Putin artıq Zelenski ilə masaya oturmağa hazırdır

image-reklam-veteninfo

Vətəninfo.az-ın suallarını cavablandıran siyasi şərhçi Arzuman Muradlı, Rusiya Xarici İşlər naziri Sergey Lavrovun son bəyanatlarını şərh edərkən, bunun Rusiyanın dəyişən geosiyasi vəziyyətlə ayaqlaşmaq cəhdi olduğunu bildirib.

“Lavrovun Ukrayna ilə birbaşa danışıqlara hazır olduqlarını bəyan etməsi, son 4 il yarımın siyasi ritorikası ilə müqayisədə köklü bir dəyişikliyi ehtiva edir” – deyə Arzuman Muradlı bildirib.

Politoloq qeyd edib ki, uzun müddətdir  Kreml Ukraynanı dövlət kimi qəbul etməmək, Zelenskini qeyri-legitim saymaq və vasitəçisiz danışıqları rədd etmək kimi sərt xətt yürüdürdü.

“Lakin indi biz tamamilə fərqli bir mənzərə görürük. Putin və komandasının birbaşa danışıqlara razılıq verməsi, Rusiyanın hərbi-siyasi müstəvidə yaranan yeni reallıqları qəbul etməyə məcbur qaldığını göstərir. Rusiya artıq anlayır ki, zaman onun xeyrinə işləmir.”– deyə ekspert bildirib.

Siyasi ekspert Lavrovun İstanbul danışıqlarını xatırladaraq Qərbi günahlandırmasını və Alyaskadakı danışıqlarla bağlı nikbinliyini belə izah edir:

“İstanbul danışıqlarının Qərb tərəfindən pozulması tezisi, Rusiyanın öz daxili auditoriyasına “biz sülh istəyirik, mane olan Qərbdir” mesajını ötürmək strategiyasıdır. Eyni zamanda  Putinin ABŞ-ın təklifini qəbul edərək Alyaskadakı danışıqlara müsbət yanaşması, Rusiyanın sülhə olan ehtiyacının ciddiliyindən xəbər verir. Bu, Kremlin artıq “ikili” formatda masaya oturmağa hazır olduğunun göstəricisidir.”– deyə Arzuman Muradlı əlavə edib.

Arzuman Muradlı Rusiyanın Qərbin Ukraynaya uzaqmənzilli ballistik raketlər təmin etməsinə olan narahatlığını, Ukraynanın hərbi potensialının strateji artımı kimi dəyərləndirib: “Lavrovun raket təchizatı ilə bağlı narahatlığı təsadüfi deyil. Qərbin, xüsusən də ABŞ-ın Ukraynanı bu cür yüksək texnologiyalı silahlarla təchiz etməsi, savaşın gedişatını tamamilə dəyişir. Ukraynanın sürətlə gücləndirilməsi, Rusiyanı həm hərbi, həm də diplomatik müstəvidə ciddi çətinliklərlə üz-üzə qoyur. Belə bir vəziyyətdə Putin üçün yeganə çıxış yolu, vaxt itirmədən, diplomatik masada öz mövqeyini qorumağa çalışmaqdır.”

Arzuman Muradlının fikrincə bu bəyanatlar Rusiyanın zəiflədiyini, Ukraynanın isə Qərbin dəstəyi ilə artıq savaşın şərtlərini diktə edən tərəfə çevrildiyini təsdiqləyir.

“Kreml nəhayət ki, müharibənin hərbi yolla deyil, yalnız danışıqlar masasında, üstəlik, legitim bir dövlət kimi qəbul etmək məcburiyyətində qaldığı Zelenski ilə həll edilə biləcəyini dərk edir.”– deyə Arzuman Muradlı bildirib.

Vətəninfo.az




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki