Vaşinqtonun müttəfiqlərinə müdafiə sahəsində daha çox məsuliyyət götürmələri üçün təzyiq etdiyi bir vaxtda, NATO-ya ayırdığı mühüm hava və dəniz qüvvələrinin sayını azaldaraq hərbi mövqeyində ciddi dəyişikliyə hazırlaşdığı bildirilir.
“New York Times” qəzetinin yüksəkrütbəli avropalı rəsmilərə istinadən yaydığı xəbərə görə, Amerika Birləşmiş Ştatları Avropadakı NATO əməliyyatları üçün istifadəyə verdiyi təyyarə və hərbi gəmilərin sayını əhəmiyyətli dərəcədə azaltmağı planlaşdırır. Bu addımın Alyansın hərbi balansını yenidən formalaşdıra biləcəyi qeyd olunur.
Sözügedən qərarın NATO-nun uzaq mənzilli hücum və müşahidə əməliyyatları aparmaq imkanlarını azaldacağı, bunun da ABŞ-nin Avropa miqyasındakı qüvvə öhdəliklərində diqqətçəkən dəyişikliyə işarə etdiyi vurğulanır.
Qırıcı təyyarələr, hərbi gəmilər və tanker təyyarələrin sayı azaldılacaq
Plana əsasən ABŞ F-16 və F-15E qırıcı təyyarələrinin sayını təxminən 150-dən 100-ə endirəcək. Dəniz kəşfiyyat təyyarələrinin sayını 26-dan 15-ə düşürəcək və daha əvvəl Avropaya ayrılmış səkkiz havada yanacaqdoldurma tanker təyyarəsinin hamısını geri çəkəcək.
Xəbərdə həmçinin Vaşinqtonun raket buraxılış gücünə malik bir sualtı qayıq ilə bir aviadaşıyıcını (təyyarə gəmisini), onlara müşayiət edən hərbi gəmilər və hava qüvvələri ilə birlikdə başqa bölgələrə keçirməyi nəzərdən keçirdiyi bildirilir. Avropanın müdafiəsinə ayrılmış iki bombardmançı qrupundan birinin də yenidən vəzifələndirilə biləcəyi ifadə olunur.
ABŞ rəhbərliyi detalları təsdiqləməyib. NATO və Pentaqon isə “Reuters” agentliyinin şərh tələblərinə hələlik cavab verməyib.
Amerikalı rəsmilər daha əvvəl Vaşinqtonun NATO qüvvə strukturlarındakı töhfələrini “münasib ölçüyə gətirməyə” yönəlmiş daha geniş fəaliyyət daxilində olduğunun siqnalını vermişdilər.
Bu addım Vaşinqtonun avropalı müttəfiqlərinə müdafiə xərclərini artırmaları və regional təhlükəsizlik mövzusunda daha çox məsuliyyət götürmələri üçün təzyiq göstərdiyi bir dövrə təsadüf edir. ABŞ Avropanın Amerika hərbi dəstəyindən həddindən artıq asılı vəziyyətə düşdüyünü müdafiə edir.


























