Mərkəzi Asiya ölkələri ilə əlaqələrin inkişaf etdirilməsi Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biridir. Prezident İlham Əliyevin cari ilin 14 sentyabr tarixində Tacikistana səfəri və Düşənbədə Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə fəxri qonaq qismində iştirak etməsi bu əlaqələrin inkişafına yeni bir təkan verəcəkdir.
Azərbaycanı və Mərkəzi Asiya ölkələrini xalqlarımızın çoxəsrlik qardaşlıq münasibətləri bağlayır. Ortaq mədəni köklər dövlətlərarası əlaqələrin möhkəm bünövrəsini təşkil edir. Son iki il ərzində Prezident İlham Əliyev Mərkəzi Asiya dövlətlərinə doqquz, o cümlədən cari ildə qardaş Tacikistana iki dəfə səfər edib. Eyni zamanda, iki il ərzində bütün qardaş dövlətlərin başçıları da Azərbaycanda səfərlərdə olublar. Otuz ildən artıqdır ki, biz müstəqil dövlətlər kimi həm ikitərəfli, həm çoxtərəfli formatda fəal şəkildə qarşılıqlı fəaliyyət aparırıq, bir-birimizin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəkləyirik, iqtisadi əlaqələri fəal şəkildə inkişaf etdiririk.
Bu əlaqələrin inkişaf etməsi isə təkcə Azərbaycan və Mərkəzi Asiya ölkələri üçün deyil, həm də bütün türk dünyası üçün mühüm əhəmiyyət kəsb edir. İstər regionda, istərsə də dünyada baş verən geosiyasi proseslər dövlətləri birgə əməkdaşlığa səsləyir.
Müşavirədəki çıxışında dövlətimizin başçısı bildirib: “Otuz ildən artıqdır ki, biz müstəqil dövlətlər kimi həm ikitərəfli, həm çoxtərəfli formatda fəal şəkildə qarşılıqlı fəaliyyət aparırıq, bir-birimizin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəkləyirik, iqtisadi əlaqələri fəal şəkildə inkişaf etdiririk”.
Prezident İlham Əliyev həmçinin vurğulayıb ki, Mərkəzi Asiya və Azərbaycan artan iqtisadiyyatı, demoqrafiyası və geosiyasi potensialı ilə dünya siyasətində strateji əhəmiyyətə malik olan vahid tarixi-mədəni coğrafi regiondur. Məlumdur ki, Azərbaycan Mərkəzi Asiya ölkələri üçün Türkiyə və Avropa bazarları istiqamətində etibarlı tranzit ölkəsidir.
Əks istiqamətdə də tranzitin əhəmiyyətinin az olmadığını diqqətə çatdıran dövlətimizin başçısı qeyd edib ki, Azərbaycanın bütün nəqliyyat–logistika infrastrukturu Mərkəzi Asiya ölkələri üçün açıqdır. Bundan əlavə, Şərq-Qərb marşrutu ilə yükdaşımalarına artan tələbatı təmin etmək məqsədilə Bakı-Tbilisi-Qars dəmir yolu Azərbaycan tərəfindən müasirləşdirilir. Gələn il həmin yol ilə daşınan yüklərin həcminin 1 milyon tondan 5 milyon tona qədər artırılacağı gözlənilir.
Tranzit daşımaların şəffaflığının və daşımalar prosesinin iştirakçıları üçün bərabər şərtlərin təmin edilməsində mühüm meyarlardan biri Şərq-Qərb nəqliyyat dəhlizinin rəqəmsallaşdırılmasıdır. Bu xüsusda, fikirlərini ifadə edən Prezident İlham Əliyev vurğulayıb: “Ölkələrimiz arasında əməkdaşlığın yeni sahəsi fiber-optik infrastrukturun yaradılmasına yönəlmiş və üzərində fəal çalışdığımız “Rəqəmsal İpək Yolu” layihəsidir”.
Mərkəzi Asiya ölkələri ilə möhkəm və uzunmüddətli əməkdaşlığın qurulması və bugünədək yüksələn xətt üzrə inkişaf etdirilməsi Prezident İlham Əliyevin uzaqgörən siyasətinin və gərgin əməyinin nəticəsidir.
Aysel Mənsimova – politoloq