image-1backend

“Ermənilər tarixi abidələrimizi məhv edib” – Millət vəkili

image-reklam_sirab_01

Ermənistan  Azərbaycan ərazisində – Qarabağda və Şərqi Zəngəzurda güya ermənilərə məxsus olan 140 tarixi və dini abidədən ibarət “siyahı” tərtib edib. Aydın məsələdir ki, Yerevanda gələcəkdə bu siyahıdan Azərbaycanı ləkələmək kampaniyasında yararlanmaq niyyətindədirlər. Rəsmi Yerevan bir tərəfdən Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edir və az qala bütün beynəlxalq platformalarda yekun sülh müqaviləsinin bağlanması üçün yalvar-yaxır kampaniyası qaldırır, digər tərəfdən isə belə “siyahı”larla yenidən daxili işlərimizə qarışır, maddi-mənəvi irsimizə iddiasını irəli sürür. 140 rəqəminin hansı tarixi saxtakarlığın nəticəsi olması bir yana, Ermənistanda işğal dövründə inşa etdikləri tikililəri belə tarixi abidə kimi dünyaya təqdim edirlər. Məsələn, Cəbrayıl rayonunu işğal etdikləri dövrdə burada dislokasiya olunmuş hərbi hissənin ərazisində tikdikləri kilsə belə tarixi abidə kimi qələmə verilir. Odur ki, belə siyahıların hansı prinsiplər hesabına ərsəyə gəlməsi məlumdur.

Başqa vacib məqam beynəlxalq ictimaiyyətin, ayrı-ayrı dövlətlərin və qurumların belə təxribatlara verdikləri və verəcəkləri reaksiyadır. Məsələn, Azərbaycan 20 ilə yaxın YUNESKO kimi qurumun qarşısında məsələ qaldıraraq həyəcan təbili çalsa da, bu beynəlxalq təşkilat işğal altında olan torpaqlara faktaraşdırıcı missiya göndərməkdən boyun qaçırıb. İndi isə Xankəndiyə səfər etmək istəyirlər. Azərbaycan təklif edəndə ki, Ağdama da gedin, törədilən vəhşiliyi öz gözlərinizlə görün, imtina edirlər. Aydındır niyə. 30 il ərzində 67 məscidimizdən 65-nin viran və təhqir edilməsinə, zəngin tarixi-mədəni irsimizin dağıdılmasına, yaşayış məntəqələrimizin yer üzündən silinməsinə necə qiymət versinlər axı?!

Elnur Allahverdiyev

Milli Məclisin deputatı


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki