image-02186ff2-3a03-47ee-8e6a-aba1cf99ca32backend

“ERMƏNİSTAN BU CÜR DAVAM ETSƏ, HƏRBİ ƏMƏLİYYATLAR KEÇİRİLƏCƏK…” – “Bu il sülh sazişi olmayacaq”  

image-reklam_sirab_01

Mehman Əliyev: “2023-cü ildə regional, geosiyasi və daxili dəyişikliklər gözlənilir”

“Putin erməniləri ifşa etdi və Qərb də bunu açıq gördü…”

Müşahidələr belə qənaətə gəlməyə əsas verir ki, 2022-ci ilin sonuna qədər Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalanmayacaq. Rəsmi İrəvanın əsas hədəfi prosesi mümkün qədər uzatmaq və Qarabağda yaşayan bir ovuc erməninin “məsələsini” gündəmə gətirməkdir.

Bununla yanaşı, İrəvan İran və Hindistandan silah tədarük etməyə çalışır, həmçinin, Rusiya və Fransadan dəstək almış kimi görünür. Əksər ekspertlər hesab edirlər ki, bu cür davam edərsə, regionda yeni hərbi qarşıdurma qaçılmaz olacaq.

Bu mövzunu “Turan” İnformasiya Agentliyinin direktoru, analitik Mehman Əliyevlə müzakirə etdik:

– Mehman bəy, hazırda Azərbaycan-Ermənistan münasibətlərində irəliləyiş əldə edilməsi və sülh müqaviləsinin hazırlanması prosesi sanki dalana dirənib. Mövcud reallıqlar nəzərə alınmaqla, yaranan durumu necə qiymətləndirirsiniz?

– Ermənistan sülh sazişinin imzalanmasından və münasibətlərin qaydaya salınmasından boyun qaçırır. Eləcə də bütün diqqətini ona yönəldib ki, Azərbaycanla Rusiya və Qərb arasında qarşıdurma yaratsın, bununla da İrəvanın xeyrinə olacaq addımların atılmasına nail olsun. Ermənistan eyni zamanda çalışır ki, Qarabağın ermənilər yaşayan hissəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində mövcud olmasın. Bu da sülh prosesində irəliləyişin əldə olunmasına mane olur.

– Amma Nikol Paşinyan açıq elan edir ki, Azərbaycanın ərazi bütövlüyünü tanıyır, ilin sonuna qədər sülh sazişi imzalamaqda maraqlıdır…

– Bunların hamısı ritorikadır. Mən real hərəkətlərdən və prosesdən bəhs edirəm. İndi İrəvanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) liderləri toplaşıb. Ermənistan yenə başlayıb ki, bizə dəstək vermirsiniz, köməklik etmirsiniz, Azərbaycan bizə hücum edib və s. Hətta Paşinyan KTMT-nin yekun bəyannaməsini imzalamadı. Məqsəd odur ki, aranı qarışdırsın, prosesi Azərbaycana qarşı çevirsin.

– Bəs, indiki halda bu məsələdə Rusiyanın tutduğu xətt nədən ibarətdir?

– Rusiyanın açıq formada Ermənistanın tərəfində durmaq niyyəti yoxdur və durmur da. Sadəcə olaraq, ruslar yaranan vəziyyətdən istifadə edərək, Azərbaycanla daha yaxın əlaqələr saxlamaq niyyətindədir. Bir neçə gün əvvəl Baş nazir Mixail Mişustinin Bakıya gəlməsi, iqtisadi münasibətləri gücləndirmək istəyi əsasdır. Onlar bu durumdan istifadə edərək, Azərbaycanla iş birliyi yaratmaq və bundan bəhrələnmək xəttini tuturlar. İndiki halda məqsəd budur.

– Amma bir sıra mütəxəssislər bildirirlər ki, hazırda bölgədə Rusiya, İran və Ermənistan birgə addımlar atırlar…

– Mən belə bir əməkdaşlığı və addımları müşahidə etmirəm.

– Lakin son Soçi görüşü zamanı Putin Qarabağın taleyini gələcəyə saxlamaq haqqında fikirlər işlətdi, bundan əvvəl isə “Valday” klubundakı çıxışı zamanı açıq şəkildə Ermənistanın və ermənilərin mövqeyindən çıxış etdi…

– Putin “Valday” klubundakı çıxışı zamanı bildirdi ki, Qarabağla bağlı Vaşinqton və Rusiya variantları var. Vaşinqton variantı Qarabağdakı ermənilərə hansısa bir suverenlik verməyi nəzərdə tutmur. Ermənilərə dedi ki, istəyirsinizsə onunla razılaşın. Bundan sonra Paşinyan dedi ki, rus sülhməramlılar Qarabağda 20 il qalsın. Eləcə də Xankəndində ermənilər mitinq təşkil etdilər. Daha sonra Soçi görüşü oldu və ermənilərə dedilər ki, gedin başınıza çarə qılın. Bildirildi ki, 2020-ci ilin 10 noyabrında imzalanan üçtərəfli saziş yerinə yetirilməlidir.

Əslində, Putinin bəhs etdiyim gedişləri çox yaxşı idi və ermənilərin iç üzünü ortaya çıxarırdı. Buna qədər ermənilər deyirdilər ki, Putin-Əliyev-Ərdoğan üçlüyü bizə qarşıdır, Bakı Moskva ilə birgə hərəkət edir və s. Yəni bizi Rusiyaya bağlamağa çalışırdılar. Bunu da Rusiyanın Ukraynaya qarşı işğalçılığı fonunda edirdilər. Belə hiyləgər addımla bizi Rusiyanın müttəfiqi kimi təqdim etməyə çalışırdılar. Əslində isə Azərbaycan nə KTMT-nin, nə də Avrasiya İqtisadi Birliyinin üzvüdür. Amma özləri Rusiyanın müttəfiqi olduğu halda, bizi elə göstərirdilər.

“Valday” klubunda Putinin çıxışından sonra aydın oldu ki, məhz Ermənistan Rusiyanın müttəfiqidir, Ermənistan rus ordusunun Qafqazdan çıxarılmasına qarşıdır. Yəni, öz məqsədlərinə çatmaq üçün Rusiyanın imkanlarından yararlanmağa çalışırlar və bunu da açıq ortaya qoyurlar. Gah dedilər rus ordusunun Qarabağda qalmasını istəyirlər, gah Xankəndində mitinq keçirib gələcəklərini Rusiya ilə birgə gördüklərini dedilər. Əslində isə Putin onları ifşa etdi və Qərb də bunu açıq gördü.

 

– Amma Azərbaycan tərəfinin son açıqlamaları göstərir ki, rəsmi Bakı bir sıra məsələlərdə Rusiya ilə razılaşmır…

– Azərbaycanın mövqeyi açıqdır. Bakı deyir ki, ərazi bütövlüyü bərpa olunmalıdır, Qarabağ Azərbaycanın ərazi bütövlüyü çərçivəsində götürülməlidir. O, həm də digər variantları birmənalı rədd edir. Bu da açıq, qəti və haqlı mövqedir. Əslində nə Rusiya, nə də ABŞ bu mövqeyə qarşı getmir. Bir qədər Fransa gedir, bu da reallıqdır.

– Bəs, İran?

– İran bizə qonşu ölkədir, açıq bəyan edir ki, ərazi bütövlüyümüzü tanıyır. İran-Azərbaycan münasibətləri ərazi bütövlüyü üzərində qurulub. Bu da məncə, ermənilərə mesajdır ki, bizim üçün ərazi bütövlüyü əsasdır…

– Tərəflərin mövqe və niyyətlərini izah etdiniz. Bəs, indiki geosiyasi atmosfer fonunda Qarabağla bağlı nələri proqnozlaşdırmaq olar?

– İndi hər şey Ukraynada həll olunur. Bundan sonra Cənubi Qafqazda Qərbin təsiri güclənəcək. Bu da müsbət haldır. Ümumən hesab edirəm ki, 2023-cü ildə müsbət dəyişikliklər gözləniləndir. Regional, geosiyasi səviyyədə və daxildə belə dəyişiklikləri proqnoz etmək olar.

Birincisi, regionumuzda qlobal şəkildə Qərbin mövqeyi və təsiri güclənəcək.

İkincisi, regionda sülhün bərqərar olması üçün proses gedəcək. Bu da vacib məsələdir.

Üçüncüsü, Azərbaycan daxilində demokratiya ilə bağlı addımlar olacaq.

-Sizcə, regiondakı durum nəzərə alındıqda, yeni müharibənin baş verməsi nə dərəcədə realdır?

– Düşünürəm ki, müharibə, hərbi qarşıdurma da mümkündür. Bu, daha çox sülhə dəvət fonunda baş verə bilər. Ermənistan bu formada davam etsə hərbi əməliyyat keçiriləcək ki, İrəvan sülhə gəlsin, sazişi imzalasın və əsassız iddialarından əl çəksin. Əslində, bu proses 2020-ci il müharibəsindən sonra bir neçə dəfə baş verib. Müharibədən sonra Azərbaycn üç əməliyyat keçirib – ikisini Qarabağda, birini Ermənistanla sərhəddə. Hesab edirəm ki, Ermənistan bizimlə razılığa gəlməsə, bu tip əməliyyatlar yenə olacaq. Bunda həm də beynəlxalq oyunçular maraqlıdır. Onlar istəyirlər ki, məsələ tez bitsin, həll olunsun. Amma göründüyü kimi, Ermənistan buna mane olur.

– Deyirsiniz ki, ABŞ, Rusiya, İran və Avropa məsələnin tezliklə həllini istəyir, amma Ermənistan buna mane olur. Bu qədər sanballı qüvvənin Ermənistana təzyiq edib onu sülh masasına gətirə bilməməsi qəribə deyilmi?

– Bu qüvvələr gəlib Ermənistanı bombalayan deyillər. Onlar bunu deyirlər, amma bu qüvvələrin əksəriyyəti həm də istəyər ki, Qarabağ ermənilərinə hansısa bir mədəni və ya başqa “status” təyin olunsun. Bəli, bunda maraqlıdırlar. Çünki bunun olması gələcəkdə daim regiona təsir etmək imkanı verir. Əlbəttə, Ermənistana təzyiq var, amma mümkündür ki, bizimlə də danışıq aparırlar ki, nəsə olsun.

Sözsüz ki, Rusiya, ABŞ, Fransa və digər ölkələrdə müəyyən qüvvələr var ki, Ermənistana dəstək vermək istəyirlər. Məsələn, biz Rusiya kanallarına baxdıqda nə qədər ermənipərəst rus siyasətçilərini və ekspertlərini görürük. Lakin dövlət, siyasət və Putin var. Başqa ölkələrdə də vəziyyət təxminən eynidir. Fakt odur ki, Ermənistanı sıxırlar ki, kompromisə və sülh sazişinə getsin.

– Sizcə, 2022-ci ildə sülh sazişi gözləniləndirmi?

– Yox, bu il sülh sazişi görməyəcəyik. Faktiki olaraq dekabrın 15-dən tətil başlayır, dünyanın başı özünə qarışır. İndi Ermənistanın məqsədi prosesi uzatmaqdır. Düşünürlər ki, onsuz da müharibəni uduzmuşuq, prosesi uzadaq, bəlkə nəsə dəyişdi. Mənim qənətimcə, istənilən halda sülh sazişi imzalanacaq. Gələn il üçün bu, gözlənilən və mümkündür.

– Sülh sazişinin imzalanması ilə rus sülhməramlıların regionda qalıb-qalmaması arasında bağlılıq olacaqmı?

– Öncədən ATƏT-in qərarı var. Fransa, Ermənistan, Rusiya, ABŞ və digər ölkələr də buna imza atıblar. Sülh sazişi imzalanacaqsa, bundan sonra regiona beynəlxalq qüvvələr daxil olmalıdır. Rusiya beynəlxalq qüvvə deyil, forsmajor vəziyyətdə əraziyə girib. Onun statusu da yoxdur. Odur ki, regiona beynəlxalq qüvvələr gələcək. Bu qüvvələrin daxilində Rusiyanın iştirakı olsa da, 30 faizdən çox ola bilməz. Bu da yalnız ATƏT-in bayrağı altında olacaq.

– Prezident Əliyev son dövrdə iki vacib məqamla bağlı qəti mövqeyini açıqlayıb. Bunlardan biri rus sülhmərmlıların regiona müvəqqəti gəldiyi, digəri Moskvadan təlimatlandırılaraq Xankəndinə göndərilən Ruben Vardanyanın qəbuledilməz fiqur olması ilə bağlıdır. Sizcə, Bakı bu mesajları kimə və niyə verir?

– Mən belə başa düşürəm ki, Moskvada diaspora və ya başqa səviyyədə danışıqlar gedib. Yəni, kimsə Xankəndinə gəlir və filan xətti aparır, tərəfləri bir araya gətirir, Qarabağ erməniləri kompromisə gedir və sair. Amma Vardanyan Xankəndinə gələrək ikibaşlı oyunlar oynayır, götürdüyü öhdəliyi yerinə yetirmir. Bir tərəfdən bəyan edir ki, nəsə düzəltmək istəyir, digər tərəfdən isə elə vəziyyət yaradılır ki, heç nə baş verməsin. İlham Əliyev də deyir ki, bizim orada yerli əhali ilə dialoqumuz var. Belə çıxır ki, Əliyev içəridə nəyin baş verdiyi haqda məlumatlı olduğunu ortaya qoydu. Yəni, bilirik ki, Vardanyan orada neyləyir. Əliyev bu fikirləri səsləndirir, sonra Putin ona zəng edib danışır. Beləliklə, Azərbaycan çatdırır ki, Vardanyan oyun qaydalarını pozur, odur ki, Bakı onunla danışmayacaq. Çünki o, başqa missiya ilə gəlib.“AzPolitika.info”


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image