image-1backend

  ERMƏNİSTANIN TƏXRİBATI MƏQSƏDLİDİR, ARXASINDA ORTAQ SİYASİ MARAQLAR DAYANIR

image-reklam_sirab_01

Fevralın 12-də Ermənistanın törətdiyi təxribat bir daha göstərdi ki, xaricdə Nikol Paşinyanı və onun hökumət üzvlərini az qala “mələk” obrazında, “sülh göyərçini” kimi təqdim etməyə çalışanlar riyakarlıq edirlər. Bu təxribatın guya Ermənistan hökumətinin maraqlarına cavab vermədiyini iddia edənlər isə ya həqiqəti görmürlər, ya da qəsdən onu görməzdən gəlirlər.

Təxribatdan dərhal sonra, fevralın 13-də Avropa İttifaqının (Aİ) xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrellin Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ilə birgə mətbuat konfransı keçirməsi, konfrans zaman hər iki tərəfin Azərbaycan əleyhinə səsləndirdiyi əsassız iddiaların nöqtə-vergülünə qədər üst-üstə düşməsi ona dəlalət edir ki, bu təxribat hərbi məqsədlərdən daha çox Avropa İttifaqı ilə Ermənistanın ortaq siyasi maraqlarının legitimləşdirilməsi məqsədini güdür. Cənab Borrellin artıq mövcud olmayan “Dağlıq Qarabağ” ifadəsindən ictimai şəkildə istifadə etməsi də bir mərkəzdən idarə olunan, tərəflər arasında sinxronlaşdırılmış siyasi planın tərkib hissəsidir və eyni məqsədə xidmət edir. Cozep Borrellin ölkəmizin suveren hüquqları ilə yanaşı, beynəlxalq hüquq normalarını da gözardı edən bu cür leksikonu hansısa texniki xətadan qaynaqlanmır. O, həmin ifadəni işlətməklə, əslində, Fransa Senatının “Dağlıq Qarabağ Respublikasının müstəqilliyinin tanınması” ilə bağlı son qətnaməsindəki siyasi xəttdən kənara çıxmadığını və ya çıxmayacağını nümayiş etdirir.

Təəssüf ki, bu, cənab Borrellin ilk belə cəhdi deyil. Bundan əvvəlki bəyanatında o, gerçəkliyi təhrif edərək, Qarabağı könüllü tərk etmiş ermənilərin sayını 100 min nəfərdən 150 minə qədər şişirtmişdi. Şübhəsiz ki, bu da texniki xəta deyildi. Belə olsaydı, cənab Borrell “texniki səhvini” indiyədək etiraf edər və üzr istəyərdi. Həqiqətə uyğun olmayan, süni şəkildə şişirdilmiş rəqəmin səsləndirilməsi daha böyük kütləvilik görüntüsü yaratmağa, etnik və dini ayrı-seçkilik zəmnində ictimai rəyi körükləməyə xidmət edirdi. Bu, Avropa Parlamentindəki deputatların islamofob və türkofob ritorikasından heç nə ilə fərqlənmir. Cozep Borrellin heç bir obyektiv əsas olmadan erməniləri “qaçqın” adlandırması elə bu cür uydurma fobiyaların davamlı olaraq yaşamasına xidmət edir. 30 il ərzində qaçqın və məcburi köçkün vəziyyətində, ağır məhrumiyyətlər içərisində yaşamağa məhkum edilmiş milyona yaxın azərbaycanlının yada düşməməsi də həmin ayrı-seçkiliyin, etnik bölücülüyün göstəricisidir.

Müşahidə etdiyimiz bu cür hallar onu da deməyə əsas verir ki, əgər Azərbaycan sonuncu təxribatın məhz Ermənistan ərazisindən törədildiyini sübut edən videogörüntüləri vaxtında təqdim etməsəydi, nə Cozep Borrell, nə də onu danışdıranlar hadisədən guya təəssüfləndiklərini belə, dillərinə gətirməyəcəkdilər. Kimlərdəsə elə təəssürat yarana bilər ki, guya Avropa siyasətçiləri snayper silahını ov tüfəngindən fərqləndirə bilmirlər. Əlbəttə ki, bu, belə deyil. Onlar yaxşı bilirlər ki, sülh müqaviləsinin imzalanmadığı bir şəraitdə erməni döyüş postundakı snayper silahından açılan atəş Azərbaycan əsgərinin həyatını hədəf seçmişdi. İnanın ki, bunu bizimkilər etmiş olsaydılar, indi unvanımıza ən iyrənc iftiralar yağdırılırdı. Necə ki, ötən ilin sentyabrında həyata keçirdiyimiz legitim və lokal xarakterli antiterror tədbirindən sonra bunu edirlər, həmin tədbirin qanuniliyini hər fürsətdə şübhə altına almağa çalışırlar. Haqsız iddialarını əsaslandırmaq üçün hətta bəyan edirlər ki, guya həmin vaxt mülki ermənilərə qarşı zor tətbiq edilib. Halbuki bu iyrənc iftiranı BMT missiyası ilə yanaşı, N.Paşinyanın özü də ictimai şəkildə təkzib edib. Çünki o vaxt bir mülki erməninin burnu belə qanamayıb. Amma nədənsə cənab Borrell və onu önə verənlər bu həqiqəti etiraf etmək istəmirlər, yalan və iftiralarla milli ədavətin, etnik nifrətin qızışdırılması kimi utancverici təbliğatda iştirakçıya çevrilirlər.

Ermənistan rəhbərliyinin və himayədarlarının birgə səyi ilə uydurulan saxta “qaçqın hekayəsi” onların ortaq maraqlarının hüquqi baxımdan legitimləşdirilməsi məqsədini güdür. Bu saxta hekayə Ermənistanın beynəlxalq təşkilatlar və məhkəmələr qarşısında qaldırdığı əsassız iddialara siyasi dəstəyi ifadə edir. Amma heç kimin yadına düşmür ki, həmin iddiaların əksəriyyətində olduğu kimi, Ermənistanın Konstitusiyasında və digər normativ-hüquqi aktlarında Azərbaycana və qardaş Türkiyəyə qarşı ərazi iddiaları nəzərdə tutulur. Avropa siyasətçilərinin bu acı reallığa göz yumması, üstəlik, qoşunların şərti dövlət sərhədindən geri çəkilməsi ilə bağlı təklifi sağlam məntiqə sığmır və yalnız Aİ missiyasının Ermənistan ərazisində mövcudluğunu hüquqi baxımdan legitimləşdirməyə xidmət edir. Amma bu təkliflə çıxış edən cənab Borrell nədənsə unudur ki, təxribat məhz missiyanın fəaliyyət göstərdiyi ərazidə baş verib.

Dövlət Sərhəd Xidmətinin fevralın 13-də həyata keçirdiyi lokal xarakterli “Qisas əməliyyatı” ilə ermənilərin Nerkin-And məntəqəsinin yaxınlığındakı döyüş postu məhv edildi, təxribat-terror ocağı susduruldu. Cənab Borrell beynəlxalq hüquqa söykənərək əməliyyata haqq vermək əvəzinə, yenə də geosiyasi intriqaların arxasında gizlənən maraqları üstün tutdu və bu əməliyyatı qeyri-mütənasib adlandırdı. Görəsən, Avropa İttifaqına üzv ölkələrin hər hansı birinə qarşı bu cür təxribat törədilsəydi, hansı Avropa siyasətçisi yalnız təəssüf bəyanatı ilə kifayətlənər və əks-legitim tədbiri qeyri-mütənasib adlandırmağa cəsarət edərdi? Təəssüf ki, geosiyasi intriqalar beynəlxalq hüquq normalarını və elementar ədalət hissini hələ də üstələməkdədir. Elə buna görə də bəzi Avropa siyasətçilərinin sülhə çağırışlarının səmimiliyinə Azərbaycan cəmiyyətində ciddi şübhələr var. Cənab Borrellin özü də ədalətli və dayanıqlı sülhün əldə edilməsində gerçəkdən maraqlı olsaydı, Avropa İttifaqı ilə Ermənistan arasında hərbi təhlükəsizlik sahəsində daha dərin əməkdaşlıq imkanlarının yaranmasından məmnunluq duyduğunu bəyan etməzdi. Bu cür ziddiyyətli açıqlamalardan sonra elə təəssürat yaranır ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin sülh gündəliyi ilə bağlı liderlik təşəbbüsləri eyni təşkilatda təmsil olunan bəziləri tərəfindən siyasi qısqanclıqla qarşılanır. Elə qənaət formalaşır ki, sanki geosiyasi intriqalar Avropanın aparıcı siyasətçiləri arasında da haqsız siyasi rəqabətə rəvac verib. Hadisələr bu qənaətin əsassız olmadığına işarə edir.

Ədalətsiz qətnamələri və əsassız bəyanatları ilə Azərbaycana qarşı sinxron şəkildə hərəkət edən ölkə və təşkilatlar bilməlidirlər ki, bütün bunlar, o cümlədən, siyasi şantaj ritorikası Cənubi Qafqaza sülh gətirməyəcək, Azərbaycan isə haqlı mövqeyindən bir addım belə geri çəkilməyəcək. Bunu, ilk növbədə, “nə yardan doyur, nə əldən qoyur” düşüncəsi altında ziddiyyətli siyasi qərarlar verən Ermənistan rəhbərliyi anlamalıdır. Anlamalıdır ki, gah nala, gah da mıxa vurmaq, könüllü şəkildə kimlərinsə intriqalarının siyasi girovuna çevrilmək, millətinin dinc yaşayışını onların güdazına vermək sonda fəlakətlə nəticələnir. Azərbaycan xalqı fevralın 7-də bütün dünyaya nümayiş etdirdi ki, o, növbəti yeddi ildə də şəksiz Lideri ilə bir yerdə olacaq, Prezident İlham Əliyevin qərarlarına yekdilliklə dəstək verəcək. Azərbaycan bundan sonra da imkan verməyəcək ki, Ermənistanı gözləyən böyük fəlakətin fəsadları ölkəmizə sıçrasın, kimlərsə milli və dövlət maraqlarımızı təhdid edərək Cənubi Qafqazda xam arzularına çata bilsin. Ermənistan və himayədarları ona da şübhə etməməlidir ki, istənilən hərbi-siyasi təxribatın qarşısı bundan sonra da eyni qətiyyətlə alınacaq, özü də kimi nə deməsindən asılı olmayaraq.

Ülvi Quliyev

Milli Məclisin deputatı
 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki