image-55162360-aac1-4efe-b6af-235ff7b40f56backend

Fransa müstəmləkə siyasətini davam etdirir

image-reklam_sirab_01

Martın 2-də ölkəmizin paytaxtı Bakı şəhərinin Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşünə ev sahibliyi etməsi Azərbaycanın bəşəriyyəti narahat edən çağırışlara münasibətdə beynəlxalq hüququn qlobal məsuliyyətini yüksək səviyyədə nümayiş etdirən bir üzvü kimi davranmasının növbəti təzahürüdür.   Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik etdiyi dönəm təsisatın tarixində ən effektiv və ən məsuliyyətli bir zaman kəsiyi kimi qəbul olunur.

Azərbaycanın sədrliyinin Qoşulmama Hərəkatının təsis olunduğu dövrdən bəri ilk pandemiya dönəminə təsadüf edib. Prezident İlham Əliyevin təşəbbüsü ilə Hərəkatın və Birləşmiş Millətlər Təşkilatının tarixində ilk dəfə BMT Baş Assambleyasının xüsusi iclasının çağırılıb və  pandemiya ilə mübarizədə humanizm prinsiplərinin əsas götürülməsi, peyvənd millətçiliyinə son qoyulmasının zəruriliyinin vurğulanıb. Bununla da Azərbaycan bir sədr ölkə kimi təşkilatın işində öz tarixi missiyasının öhdəsindən layiqincə gələrək Qoşulmama Hərəkatının gələcək fəaliyyəti üçün nümunə yaradıb.

Martın 2-də Bakıda keçirilən Zirvə görüşü çərçivəsində Azərbaycan Prezidenti cənab İlham Əliyev qlobal çağırışlara münasibətdə vahid mövqenin nümayiş etdirilib, beynəlxalq münasibətlərdə ədalət prinsiplərinin əsas götürülməsi, davamlı sülhə və təhlükəsizliyə nail olunması üçün Qoşulmama Hərəkatı, BMT və digər beynəlxalq təsisatların gələcəyi ilə bağlı baxış bucağına, özündə işlək mexanizmləri əks etdirən təşəbbüslərinə nəzər salıb.

Yeni dünya düzənində Fransanın müstəmləkəçilik siyasəti xüsusi qeyd edilməlidir. Bu gün Fransa kimi müstəmləkəçilik siyasətindən əl çəkə bilməyən ölkələrin yeni dünya düzəninə neokolonializm meyilləri   istismarçı feodal təfəkkürü ilə yanaşmaları xalqların öz tarixi və hüquqi əraziləri çərçivəsində azad və suveren yaşamaq hüquqlarını məhdudlaşdırır, insan hüquq və azadlıqlarının neoimperialist iddiaların basqısı altında əzilməsinə zəmin yaradır. Öz qaranlıq müstəmləkəçi keçmişindən və bu günündən dərs götürməyən, qanlı müstəmləkə cinayətlərinə, amansız soyqırımı aktlarına görə üzr istəməyən, məsuliyyətini etiraf etməyən Fransa kimi bir ölkənin BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi müstəsna səlahiyyətə – veto hüququna sahib olması sözügedən təsisatda ədalətli qərarların qəbulunu, hətta qəbul edilsə də belə icrasını şübhə altına alır. Bu baxımdan, Prezident İlham Əliyevin daha əvvəllər də, qeyd  etdiyi kimi, BMT Təhlükəsizlik Şurasında islahatların aparılması zəruridir və bəşəriyyətin təhlükəsiz gələcəyi bu islahatların sürətindən, effektivliyindən və ədalət prinsiplərinə söykənməsindən asılıdır. Bu məqsədlə, Azərbaycan Prezidenti BMT Təhlükəsizlik Şurasının tərkibinin genişlənməsini, təsisatın coğrafi baxımdan daha əhatəli və daha ədalətli olmasını təklif edir.

Qoşulmama Hərəkatının dünyanın ikinci ən böyük beynəlxalq təsisat olmasına baxmayaraq, BMT Təhlükəsizlik Şurasının daimi üzvləri arasında yer almaması təəssüf doğurur. Dövlətimizin başçısı bu xüsusda olduqca ədalətli və məsuliyyətin paylaşılmasına xidmət edən təşəbbüs irəli sürdü. Qeyd etdi ki, bir daimi yer Qoşulmama Hərəkatına verilməlidir.

Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının sədri kimi Təhlükəsizlik Şurasında Afrikaya da daimi yerlərin verilməsi fikrini dəstəkləməsi sözügedən təsisatda ədalətli, beynəlxalq hüququn norma və prinsiplərinə söykənən qərarların qəbulu və ayrı-seçkilik etmədən tətbiqi baxımından mühüm əhəmiyyətə malikdir. Ərazisində yerləşən dövlətlərin sayına görə, Afrika qitəsi dünyada ön sırada dayanır, amma BMT Təhlükəsizlik Şurasında qitənin bir üzvü belə təsis olunmur.

Bütün bunlar, eyni zamanda, Azərbaycanın torpaqlarının 30 illik işğalı dövründə qarşılaşdığı ədalətsizliklər BMT Təhlükəsizlik Şurasının qlobal təhlükəsizliyə görə məsuliyyət daşıyan bir təsisat kimi səmərəli olmadığını sübuta yetirir. Məhz bu aspektdən BMT-də islahatların həyata keçirilməsi bütün bəşəriyyət üçün həyati əhəmiyyət daşıyır.

Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Bakıda keçirilən Zirvə görüşü təkcə pandemiya ilə mübarizədə Azərbaycanın və QH-nin oynadığı rolun önəminin vurğulanması baxımından deyil, həm də bəşəriyyətin təhlükəsiz gələcəyi naminə səsləndirilən fikirlərin qlobal əhəmiyyəti baxımından da tarixdə qalacaqdır.

 

 

Vahid İsmayılov

Tarix üzrə fəlsəfə doktoru

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki