Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi vardır. Məhz müəllim doğma yurdumuzu sevməyi, hamının rifahı namınə vicdanla işləməyi müdrikliklə və səbirlə bizə öyrətmiş və öyrədir.
Gələcək gənclərin, gənclər isə Müəllimlərin əsəridir!!!
Heydər Əliyev, Ümummilli lider Müəllim – zülməti yaran nur, cəhaləti elmin qılıncıyla yox edən, elmi üstün olan, qəlbiylə insanlara yaxınlaşan, böyük örnək, insanlara elm öyrətməklə həyatını şam kimi əridən, qəlblərdə əbədi həyat quran şəxsiyyətdir. O, hikkədən kənar, qürurdan uzaq, bar verən ağac kimi başıaşağı, gülməsi təbbəssüm, millətin xalqın yükünü çiynində daşıyan fədaidir. İdeallığa doğru gedən, ancaq yerişini dəyişməyən, heç bir qarşılıq gözləmədən könül saraylarını inşa edən, ciddiyyəti qəlbinə hakim edən, ancaq təkəbbürlənməyən, peşəsini sevən, sevməyi sevən, nifrətə nifrət edən bir anadır. O, xətaları görən ancaq, sahibinə söyləməyən, əməlləri ilə onlara örnək olmağa çalışan bir insandır. Onun örnəyi elə onun həyatıdır. Əsl müəllim bildikləri ilə kifayətlənməyərək hər gün elmin bağçasında yeni-yeni biliklər öyrənər. Bildiklərini şagirdləri ilə paylaşmağı özünə sevinc hesab edər. İnsani münasibətlərdə insanlara insan olduğu üçün dəyər verər. Müəllim insan memarı, ümid qəhrəmanı, məhəbbət dolu bir qəlb, ismətliylə bir örnəkdir.
Elə bir örnək ki uşaq təfəkkürümüzdə saf, təmiz, əxlaqlı mehriban bir qəhrəmana çevrilərək bütün həyatımız boyu əməllərimizdə yanımızda olan bir örnək. Anadan sonra yer üzünün fədaisi müəllimdir. İnsan məxluq, elm isə Allahın mülküdür. Müəllim isə elm mülkünün Allahın bəndəsinə ötürücüsüdür. Ən böyük ötürücü isə Hz.Muhəmməd (səllalahü aleyhi və alihi salam) dır. ― Alimlər mənim varislərimdir ‖, ― Alimin ölümü yerdə aləmin ölümüdür ‖ deyən peyğəmbərimiz, elm sahiblərinin alim olmasında da müəllimin roluna müstəsna əhəmiyyət vermişdir. Müəllim könül insanı, qəlb dostu, həqiqət carçısı bəşəriyyətin iftixarı dünya və axirət günəşidir. O, dinləyicisinin mənəvi dünyasına baş vuraraq onun nəfsinin təmizliyini, əxlaqının gözəlliyini təmin edər. Beləliklə müəllim əməyi sayəsində dil qəlbin tərcümanına, göz də qəlbin aynasına çevrilər. İnsan onun vasitəsi ilə kainatda bütövləşər, özünə yer tapar. Məktəb – müqəddəs bir məbəddir. Müəllim isə burada maarif, fəzilət, sevgi qapılarını insanların üzünə açandır. Ən parlaq ulduzdu, nur saçan aydı, Dalğalı dənizdi, ləpəli çaydı. Ömrü ömürlərə paylanan paydı, Safdı, müqəddəsdi müəllim ömrü!.. Hər insanın həyatında bir müəllim izi vardır. Onun yaddaşəna həkk olmuş,onun qəlbində taxt-tac qurmuş bir müəllim ömrü. Bəli mənim də müəllim deyərkən hər zaman fəxarət və qürur hissi ilə xatırladığım bir müəllim vardır.
O müəllim ki, daim ğz yüksəkliyindən enməyən, o zirvəni qartal təkin qoruyan, adı bğyük hərflərlə yazılan SƏTTAR MÜƏLLİM…
Məmmədov Səttar Həsən oğlu 18 oktyabr 1958-ci ildə anadan olub. Naxçıvan Dövlət Universitetinin kimya fakültəsini bitirib. Uzun müddət Muxtar Respublikanın ayrıayrı rayon və kəndlərində müəllim olaraq fəaliyyət göstərmişdir. 1995-2002-ci illər ərzində Səttar müəllim Culfa rayon Göydərə kənd tam orta məktəbində direktor vəzifəsində çalışmış, 2002-2006-cı illərdə isə Culfa rayon təhsil şöbəsinin müdiri vəzifəsində fəaliyyətini davam etdirmişdir. İşlədiyi bu müddət ərzində Səttar müəllim Naxçıvan təhsilinə sözün əsl mənasında təkrarsız töhfələr vermiş, Muxtar Respublikada savadlı kadrların yetişməsində səmərəli işlər görmüşdür. Səttar müəllim ziyalı bir nəslə mənsub şəxsiyyət olduğu üçün öz missiyasını layiqincə bacarmış və adından uzun illər söz etdirməyə layib birinə çevrilmişdir. Bu günlərdə mənim məktəb və eyni zamanda, həyat müəllimim olan bu peşəkar ziyalının – Səttar müəllimin 65 yaşı tamam oldu. Mənim və digər savadlı Naxçıvan müəlliminin yetişməsində özünəməxsus dəstixəttə məxsus bu ziyalının 65 illik yubileyi hesab edirəm ki, biz təhsil işçilərinin həqiqi mənada bayramıdır. Təhsilin tərəqqisinə əmək vermiş, zamanla elm divarlarına çoxlu sayda rəngarəng kərpic hörmüş qocaman müəllimimizin doğulması bizim yalnız tapıntımız, ən böyük qazancımız ola bilər. Peşə fəaliyyətim boyunca daim dəstək və müdrikcəsinə məsləhətlərini aldığım Səttar müəllim neçə-neçə mənim kimi uğurlu insanların inkişafında öz imzasını qoymuşdur. Qəlbi vətən eşqi, torpaq sevdalısı olan Səttar müəllimin amalı və yön aldığı yol elm, tərəqqidir desəm, yanılmaram. Ey qocaman müdrik ziyalı, ey hörmətli müəllim, Səttar müəllim, səni həm öz adımdan və eyni zamanda Azərbaycan müəllimləri adından doğum gününüzü təbrik edir, sizə can sağlığı arzu edirəm. Çinar təki saldığınız o kölgə daim əbədi, mayaq təki verdiyiniz o sönməz işıq isə hər zaman nurunda qalacaq. Axı, müəllim heç zaman batmayan günəş, tutulmayan aydır.
Abdulla Əsgərov