image-1backend

Gələn il Bakı yenə dünyanın mərkəzi olacaq

image-reklam_sirab_01

Dövlət başçısı İlham Əliyev BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının – COP29-un gələn il ölkəmizdə keçirilməsi ilə əlaqədar müşavirədə bir daha belə bir əminliyi ifadə etdi ki, COP29 beynəlxalq konfransını da yüksək səviyyədə keçirəcəyik və bu, ölkəmizin, xalqımızın növbəti böyük uğuru olacaq.

Dekabrın 15-də isə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının – COP29-un gələn il ölkəmizdə keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirə ölkəmizin qazandığı uğurların əsasında bu tədbiri də yüksək səviyyədə keçirəcəyimizə işıq saldı. Bu il ölkəmiz, eyni zamanda, 74-cü Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etdi. Bakıda keçirilən bu Konqres ölkəmizin kosmik sənaye, müasir texnologiya və innovasiya sektorlarının inkişafına və onun müasirləşdirilməsinə mütləq yeni təkan verəcək.

Günümüzün əsas reallıqlarından biri budur ki, Azərbaycan beynəlxalq ictimaiyyətin fəal üzvünə çevrilib. Siyasətimiz hər zaman aydın, şəffaf və birmənalı olub, dostlar qazanılmasına və əməkdaşlığın gücləndirilməsinə yönəlib. Beynəlxalq ictimaiyyətin fəal üzvü kimi Azərbaycan çoxsaylı siyasi, iqtisadi və regional inkişaf layihələrində iştirak edir. Azərbaycan BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisata – Qoşulmama Hərəkatına sədrlik edir. Bu, Azərbaycanın geniş beynəlxalq dəstəyə malik olmasının göstəricisidir. Azərbaycanın Avropa institutları ilə əməkdaşlığı da yüksək səviyyədədir. Belə ki, ölkəmiz Avropa İttifaqının 9 üzvü ilə strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalayıb. Bu, Azərbaycanın xarici siyasət gündəliyini nümayiş etdirir.

Dövlət başçısı İlham Əliyev BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının – COP29-un gələn il ölkəmizdə keçirilməsi ilə əlaqədar keçirilən müşavirədə diqqəti bu kimi məqamlara yönəldərək bildirdi ki, bu qərarı bütün dünya ölkələri bir neçə gün bundan əvvəl qəbul etmişdir. Beləliklə, Azərbaycana növbəti dəfə böyük etimad və böyük hörmət göstərilmişdir: «Biz buna layiqik, biz apardığımız siyasət nəticəsində dünya miqyasında çox güclü mövqelərə sahib olmuşuq. Azərbaycana beynəlxalq aləmdə olan hörmət günbəgün artır və biz bu hörməti öz əməlimizlə, işimizlə, siyasətimizlə qazanmışıq. Bizim müstəqil siyasətimiz, prinsipial mövqeyimiz, beynəlxalq hüquqa bağlılığımız, sədaqətimiz və eyni zamanda, ölkə ərazisində suverenliyin bərpa edilməsi bizə olan hörməti daha da artırdı.»

Prezident İlham Əliyev onu da əlavə etdi ki, bu hadisənin önəmi o cümlədən ondadır ki, bu qərar antiterror əməliyyatından iki ay yarım sonra qəbul olundu və bütün dünya ictimaiyyəti bir daha Azərbaycana öz dəstəyini ifadə etdi: «Düzdür, antiterror əməliyyatından sonra bəzi Qərb ölkələri Azərbaycana əsassız ittihamlar irəli sürmüşdür. Bizə qarşı irəli sürülmüş bu ittihamların heç bir əsası yoxdur. Çünki Azərbaycan öz suveren ərazisində separatçılığa qarşı, işğalçılara qarşı antiterror əməliyyatı keçirərək beynəlxalq hüququn aliliyini özü bir daha təmin etmişdir və eyni zamanda, bütün humanitar normalara riayət edərək öz suverenliyini bərpa etmişdir. Bəzi Qərb ölkələri, onların arasında təbii ki, ənənəvi olaraq Fransa bununla barışmaq fikrində deyil. Halbuki artıq beynəlxalq birlik də görür ki, hətta Ermənistan bu vəziyyətlə barışıb və COP29 konfransının keçirilməsi bunu bir daha göstərir. Ancaq Fransada bəzi siyasi liderlər ermənilərdən daha çox erməni olmağa çalışırlar. Ancaq onlar da bu vəziyyətlə barışmağa məcbur olacaqlar.»

Dövlət başçısı beynəlxalq birlik anlayışının Qərbdə təhrif edildiyini önə çəkərək qeyd etdi ki, beynəlxalq birlik 30-40 ölkə deyil. Beynəlxalq birlik dünyanın bütün ölkələridir və bu ölkələr yekdilliklə Azərbaycana öz böyük dəstəyini göstərmişdir. Azərbaycan Qoşulmama Hərəkatına dörd il ərzində uğurla sədrlik edir. Ölkəmizin sədrliyi 120 ölkənin dəstəyi ilə mümkün olmuşdur. Bu mühüm məqamı da xüsusi qeyd etməliyik ki, ölkəmizin sədrlik müddətinin bir il uzadılması quruma üzv dövlətlərin yekdil qərarı əsasında olmuşdur. Bu, Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan rolunun və mövqeyinin göstəricisi idi. Eyni zamanda, bu məqamı da nəzərə alaq ki, ölkəmizin Qoşulmama Hərəkatına sədrliyi dünyanın koronavirus infeksiyası ilə mübarizə tədbirlərinin gücləndirildiyi, eyni zamanda, 44 günlük İkinci Qarabağ müharibəsinin yaşandığı və tarixi Zəfərimizin yaratdığı reallıqlar fonunda həm regionda dayanıqlı sülhun və təhlükəsizliyin yaradılması istiqamətində səyləri göstərildiki, həmçinin işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işlərinin geniş vüsət aldığı dövrə təsadüf edir. Azərbaycanın qlobal problemini həlli ilə bağlı səylərin birləşdirilməsinin zəruriliyini təsdiqləyən təşəbbüsləri beynəlxalq dəstək qazandı. Belə ki, Türk Şurasının ardınca Qoşulmama Hərəkatının koronavirus infeksiyası ilə bağlı Zirvə görüşü keçirildi. Azərbaycanın hər bir təşəbbüsü, qərarı beynəlxalq aləmdə yüksək dəyərləndirilir. Bu, ölkəmizin artan rolunun, eyni zamanda, dövlət başçısı İlham Əliyevin şəxsi nüfuzunun göstəricisidir.

İrimiqyaslı beynəlxalq tədbirlərin keçirilməsi ölkəmizin üzərinə böyük məsuliyyət qoyur. Azərbaycan hər bir beynəlxalq tədbiri yüksək səviyyədə keçirməklə dünyaya malik olduğu zəngin təcrübəni təqdim edir. Dövlət başçısı İlham Əliyev müşavirədə belə bir əminliyi ifadə etdi ki, COP29 beynəlxalq konfransını da biz yüksək səviyyədə keçirəcəyik və bu, ölkəmizin, xalqımızın növbəti böyük uğuru olacaq: «Eyni zamanda, Azərbaycan neft-qaz ölkəsi kimi bu sahədə də özünü göstərəcəkdir və dünyada hər kəs bir daha görəcək ki, bizim gündəliyimiz yaşıl enerji ilə bağlıdır. Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli hazırda bizim enerji siyasətimizin prioritetidir. Bu, reallıqdır və bütün dünya bunu bir daha görəcək.»

Təranə Tağıyeva – BDU,  Beynəlxalq munasibətlər və iqtisadiyyat fakultəsinin dosenti,  Tarix üzrə fəlsəfə doktoru

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki