“Gənc Liderlər üçün Yay Universiteti”nin iştirakçıları üçüncü günə “Davam” Gənclər Hərəkatının İdarə Heyətinin üzvü Rasul Çunayevlə birlikdə başlayıb. Rasul Çunayevin təlimçiliyi ilə idman edən gənclər maraqlı və rəqabət dolu anlar yaşayıb.
Qısa fasilədən sonra layihə iştirakçıları Azərbaycan Dövlət Aqrar Universitetinin Azərbaycan Xalq Cümhuriyyəti Muzeyi, Qapalı Balıq Yetişdirmə Laboratoriyası, Baytarlıq Klinikası, Anatomiya muzeyində olublar.
“Gənc Liderlər üçün Yay Universiteti”nin üçüncü günündə “Liqa Smixu”nun Azərbaycan nümayəndəliyinin rəhbəri Cavid Şahbazbəyov “Xaricdə yaşayan yaradıcı gənclərlə beynəlxalq əlaqələrin qurulması və inkişafı”, teleaparıcı Sənan Şəfizadə “İnformasiya müharibəsində əsas güc – gənc liderlər” , “Davam” Gənclər Hərəkatının İdarə Heyətinin üzvü Nərmin Knyazlı “Gənc liderlər üçün sosial mediadan səmərəli istifadə vərdişləri” mövzusunda layihə iştirakçıları ilə fikir mübadiləsi aparıb.
Günün sonunda komandalar öz bacarıqlarını nümayiş etdirərək müxtəlif səhnəciklər ərsəyə gətirib.
“Gənc Liderlər üçün Yay Universiteti” “Davam” Gənclər Hərəkatının təşkilatçılığı, Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə həyata keçirilən “Gənclərin Davamlı İnkişaf Proqramı” çərçivəsində icra edilir.
Qeyd edək ki, “Davam” Gənclər Hərəkatı layihə boyunca iştirakçılarının sağlamlığını diqqətdə saxlayaraq koronavirus təhlükəsinə qarşı mütəmadi PCR testlər apardığına görə “Gənc Liderlər üçün Yay Universiteti”nin tərəfdaşlarından biri olan İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə təşəkkür edir.