“Tam əminliklə deyə bilərəm ki, torpağları öz azadlığına qovuşduran Ali Baş Komandan dini, milli-mənəvi və tarixi abidələri də öz əvvəlki vəziyətinə qovuşduracaqdır”. Bu sözləri Qafqaz Müsəlmanları İdarəsi Qazilər Şurasının üzvü, İçəri şəhər “Cümə” məscidi dini icmasının sədri, professor hacı Surxay Məmmədli deyib.
Hacı Surxay bildirib ki, Azərbaycanda dövlət-din münasibətləri başqa ölkələrə bir örnəkdir. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu bu siyasət müasir dövrdə Prezident İlham Əliyev tərəfindən böyük uzaqgörənlik və uğurla davam etdirilir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən də bu sahəyə xüsusi qayğı göstərilir.
İşğaldan azad olunan ərazilərimizdə dövlətimiz və Heydər Əliyev Fondu tərəfindən dini və tarixi abidələrin bərpasına xüsusi diqqət yetirilir. Təsadüfi deyildir ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu ərazilərə səfərləri zamanı dini ibadət yerlərini də ziyarət edərək, onların bərpası ilə bağlı tapşırıqlar veriblər.
Erməni vandallarının işğal dövründə dağıtdıqları tarixi abidələrdən biri də Ağdamda yerləşən “İmarət” kompleksidir. Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam şəhərində “İmarət” Kompleksində aparılan təmir-bərpa işləri ilə tanış olublar.
Hacı Surxay bildirib ki, “Tam əminliklə deyə bilərəm ki, torpağları öz azadlığına qovuşduran Prezident, Ali Baş Komandan İlham Əliyev dini, milli-mənəvi və tarixi abidələri də öz əvvəlki vəziyətinə qovuşduracaqdır. Uca Allah hər zaman işlərində ölkə başçımız cənab İlham Əliyevə yardımçı olsun”.