Xəbər verdiyimiz kimi, Hədəf Şirkətlər Qrupunun nümayəndə heyəti Qazaxıstanda işgüzar səfərdədir.
“Media25” xəbər verir ki, Almatıda dünən baş tutan görüşlər zamanı dosent Şəmil Sadiqin “Dəyərlər” kitabı və Hədəf Konsepti Nazarbayev İntellektual Məktəbləri-NİM və STEP Academy rəhbərliyinə təqdim olunub, kitabda təsvir olunan konsepsiyanın Qazaxıstan mühitinə uyğunlaşdırılması ilə bağlı konkret təkliflər irəli sürülüb.
Hər iki tərəf birgə metodiki qrupların yaradılması, Hədəf modelinin seçilmiş Qazaxıstan məktəblərində pilot tətbiqi, növbəti tədris ilindən müəllimlər üçün dəyərlər yönümlü təlim proqramının hazırlanması, şagirdlərdə dəyərlərə əsaslanan liderlik keyfiyyətlərini inkişaf etdirilməsi barədə razılığa gəlib, ortaq layihələrin həyata keçiriləcəyini təsdiqləyiblər.
Hədəf Şirkətlər Qrupunun qurucu direktoru dosent Şəmil Sadiq “Media25”-in əməkdaşına bildirib ki, bu gün dünyada hər kəs savaddan danışır, amma təkcə savadlı olmaq yetmir. Dəyərlərə sahib olmaq və onu qorumaq lazımdır. Qazaxıstanla bu əməkdaşlıq həm bizim üçün, həm də region üçün vacib bir addımdır. Məqsədimiz Azərbaycan və Qazaxıstanda böyüyən uşaqların yalnız yaxşı riyaziyyatçı, kimyaçı şagirdlər deyil, eyni zamanda vicdanlı, mərhəmətli və məsuliyyətli insanlar kimi formalaşmasına xidmət etməkdir.”
Görüşlərin davamı olaraq, yaxın aylarda Hədəf və NİM komandalarının həm Bakı, həm də Qazaxıstanda növbəti işçi sessiyaları planlaşdırılır.
Şəmil Sadiq vurğulayıb ki, bu əməkdaşlıq regionda dəyərlərə əsaslanan təhsil modelinin inkişafında mühüm mərhələ kimi dəyərləndirilir və hər iki ölkə arasında təhsil körpüsünü daha da möhkəmləndirəcək.
“Media25”



































