Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatı tərəfindən rayon təşkilatının yaranmasının 30-cu ildönümü münasibətilə Yerli təşkilatın ilk təsis edildiyi binada Azərbaycan Tibb Universitetinin Fizika-Kimya korpusunun akt zalında tədbir keçirilib. Əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin və şəhidlərin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər. Azərbaycan Respublikasının dövlət himni səsləndirildikdən sonra Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra YAP Nəsimi rayon təşkilatının 30 illik fəaliyyətinin bir hissəsini əks etdirən video-çarx nümayiş etdirilib.
Tədbirdə çıxış edən YAP Nəsimi rayon təşkilatının sədri, tarix üzrə fəlsəfə doktoru Azər Süleymanov bildirib ki, Yeni Azərbaycan Partiyası ölkəmizin siyasi təşkilatları arasında bərabəri olmayan bir partiyadır. YAP Nəsimi rayon təşkilatının da partiyanın əldə etdiyi nailiyyətlərdə rol oynadığını vurğulayan A.Süleymanov qeyd edib: “Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı 1993-cü il iyulun 6-da bu akt zalında 240 nəfərin iştirakı ilə yaranıb. Bu gün isə rayon təşkilatının sıraları kəmiyyət və keyfiyyət baxımından sürətlə genişlənir. Hazırda 103 ərazi partiya təşkilatında cəmiyyətin müxtəlif təbəqələrindən 30 minə qədər üzv birləşib”. Yerli təşkilatın sədri vurğulayıb ki, Partiyamızın Sədri, Prezident İlham Əliyev cənablarının və Sədrin birinci müavini, Vitse-Prezidentimiz xanım Mehriban Əliyevanın doğma, müstəqil ölkəmizin inkişafı, ölkə əhalisinin sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi genişmiqyaslı tədbirlər, onun real nəticələri partiyanın hər bir üzvü qarşısında daha məsul vəzifələr qoyur.
Sonra çıxış edən Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov bildirib ki, Yeni Azərbaycan Partiyası xalqın mənafelərinə xidmət etmək, ölkəmizin qarşısında duran məsələləri həll etmək üçün zamanın tələblərinə uyğun olaraq, zərurətdən yaranmış bir partiyadır. Qısa müddət ərzində Yeni Azərbaycan Partiyası xalqın böyük əksəriyyətinin etimadını qazanıb və güclü təşkilatlanma ilə avanqard siyasi qüvvəyə çevrilib. Bu isə dünənin, bu günün, gələcəyin partiyasının təməlində yalnız xalqın sevgisinin, etimadının dayandığını bir daha sübut edir.
Daha sonra YAP İdarə heyətinin üzvü, Azərbaycan–Fransız Universiteti (UFAZ) icraçı direktoru Vazeh Əsgərov öz çıxışında gələn qonaqlara Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun salam və təbriklərini çatdırıb. O, çıxışında 1992-ci ildə mövcudluğumuzun sual altında olduğu bir zamanda bu cür taleyüklü məsələdə xalqımızın yanında olan Ümummilli Lider Heydər Əliyevin xilaskarlıq missiyasını öz üzərinə götürməsindən bəhs edib. “91-lər”in müraciəti əsasında 1992-ci il noyabrın 21-də Naxçıvanda Ümummilli Lider Heydər Əliyevin sədrliyi və 550 nəfərdən ibarət təşəbbüs qrupunun iştirakı ilə keçirilən təsis konfransı müxalifət partiyası kimi yaradıldı və qısa müddət ərzində bu partiya cəmiyyətdə layiqli yerini tutdu, aparıcı siyasi qüvvəyə çevrildi. Vazeh müəllim onu da vurğulayıb ki, 1993-cü ildə ölkəmizdə xaos və anarxiyanın hökm sürdüyü günlərdə Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtması nəticəsində siyasi-ictimai sabitlik bərpa olundu, vətəndaş müharibəsinin qarşısı alındı. Məhz Ulu Öndərin gərgin səyləri ilə Azərbaycan çətinliklərdən keçdi, inkişaf və tərəqqiyə qovuşdu. Bu gün Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bölgənin söz sahibinə çevrilmişdir. Vazeh Əsgərov çıxışının sonunda tədbir iştirakçılarına öz təbriklərini çatdıraraq nitqini yekunlaşdırıb.
Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü, professor Dilarə Seyidzadə qeyd edib ki, YAP Azərbaycanın son dərəcə ağır zamanında, ölkədəki hərc-mərcliyin baş alıb getdiyi bir dövrdə yaranıb: “Həmin illərdə Azərbaycanda bir sıra siyasi partiyalar fəaliyyət göstərsələr də, onlar arasındakı daxili çəkişmələr imkan vermirdi ki, ölkədə yaranan böhran aradan qaldırılsın. Azərbaycan müstəqilliyini itirməyə doğru gedirdi. Bunu görən, xalqının taleyinə laqeyd qala bilməyən insanlar ölkəmizin işıqlı gələcəyi naminə, yeni çağırışlara cavab verə biləcək partiya yaratmaq təşəbbüsü ilə çıxış ediblər. Bu məqsədlə, Ümummilli Lider Heydər Əliyevin ətrafında sıx birləşərək, Yeni Azərbaycan Partiyasını yaratmağa nail olublar. 1992-ci il noyabrın 21-də Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə təsis konfransı keçirilib və Yeni Azərbaycan Partiyasının Proqram və Nizamnaməsi qəbul edilib, Ümummilli Lider yekdilliklə partiyanın sədri seçilib. Beləliklə də müstəqil Azərbaycanın ən güclü partiyası – Yeni Azərbaycan Partiyası yaranıb”.
Sonra Azərbaycan Tibb Universitetinin rektoru professor cənab Gəray Gəraybəyli xüsusi vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyevin qurub-yaratdığı müstəqil, demokratik Azərbaycan onun müəyyən etdiyi strateji xətlə inamla irəliləyir, inkişafını davam etdirir. O, Yeni Azərbaycan Partiyasının xalqı öz ətrafına birləşdirərək, Ümumxalq partiyasına çevrildiyini, eyni zamanda, ölkədə demokratiyanın inkişafında aparıcı qüvvə kimi özünü təsdiqlədiyini bildirib. Qeyd edib ki, YAP-ın amalı xalqa, Vətənə, dövlətə sədaqətlə xidmət etməkdən ibarətdir.
Nəsimi Rayon Ağsaqqallar Şurasının İdarə Heyətinin sədri cənab Vaqif Şadlinski vurğuladı ki, Əsası Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş həqiqi müstəqilliyimiz Prezident İlham Əliyev tərəfindən tamamilə sarsılmaz olmuş, ölkəmizdə olan demokratiya, tolerantlıq, bütün xalqların qardaş kimi yaşaması dünya dövlətləri üçün örnəkdir. Azərbaycan Prezidenti nüfuzlu beynəlxalq tədbirlərə başçılıq edir, dövlətimizdə elmin, təhsilin, səhiyyənin yüksəlişi, biznesin inkişafı üçün yaradılmış şərait dünya iqtisadi nəhənglərinin Azərbaycana can atmasına, iqtisadiyyatımızın artmasına şərait yaradır.
Yüksək mənəviyyatı, Vətəninə bağlılığı ilə hər bir dünya lideri üçün nümunə olan Prezidentimiz həmişə xalqladır və xalqı da hər zaman onun yanındadır. Azərbaycan ziyalılarının ölkəmizin ağır günlərində Ulu Öndərimizin ətrafında birləşməsi nəticəsində yaranmış Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin parlaq strategiyası sayəsində nəinki Cənubi Qafqazda, bütün dünyada qabaqcıl siyasi qüvvəyə çevrilmişdir.
Daha sonra çıxış edən şəhid atası Ceyhun Kərimli və Nəsimi Rayon Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri Azər Quliyev vurğuladı: “Prezident İlham Əliyev şəhid ailələrinə daim diqqət və qayğı göstərir və biz də bir şəhid ailəsi olaraq bu diqqət və qayğını hər zaman öz üzərimizdə hiss etmişik”. Sonra çıxış davam etdirən Rayonu üzrə Birliyin sədri Azər Quliyev YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanovu bir daha təbrik edib və Birlik üçün təsis edilən “Vətən naminə” medalını ona təqdim etdi.
Sonda YAP Nəsimi rayon təşkilatının yaradılmasında və fəaliyyətində xidmətləri olmuş bir qrup şəxsə fəxri fərman, təşəkkürnamə, partiya biletləri və hədiyyələr təqdim olunub.