image-141-fereh-huseynovabackend

Heydər Əliyev və Azərbaycan dili

image-reklam_sirab_01

Ulu öndər Heydər Əliyev xalqımızın yetişdirdiyi ən böyük şəxsiyyətlərdən biridir. Azərbaycan xalqının maddi rifahı, inkişafı üçün göstərdiyi misilsiz xidmətlər Heydər Əliyevi Ümummilli lider zirvəsinə yüksəldib. Bu xidmətlərin nəticəsidir ki, 2023-cü il Azərbaycanda Heydər Əliyev ili kimi qeyd olunur.
Bu il 100 illik yubileyini qeyd edəcəyimiz Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə Azərbaycan xalqının tərəqqi və inkişaf dövrü başladı. Ümummilli liderimiz Heydər Əliyevin ötən əsrin 70-ci illərinin əvvəllərindən başlayaraq xalqımızın milli-mənəvi dəyərlərinin qorunması, tariximizin düzgün istiqamətdə öyrənilməsi, ana dilimizin rolunun artırılması, xalqın azadlıq istəyinin təcəssümü kimi ortaya çıxan ədəbi-bədii nümunələrin hücumlardan qorunması yönündə apardığı məqsədyönlü siyasət cəmiyyətdə milli ruhun oyanışına təkan verdi. XX əsrin ikinci yarısında Azərbaycan dilinin hərtərəfli inkişafı, ümumişlək dilə, dövlət dilinə çevrilməsi, diplomatiya aləminə yol açması, dünyanın böyük dövlətlərinin və beynəlxalq təşkilatların kürsülərində səslənməsi bilavasitə Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycan dilinin keşiyində durmaq Heydər Əliyevin həyat fəaliyyətinə çevrilmişdi.
Heydər Əliyev xalqın formalaşmasında, yaşamasında ana dilinin rolunu yüksək qiymətləndirmişdir: “Fəxr edə bilərik ki, bizim zəngin, böyük söz ehtiyatına malik olan Azərbaycan dilimiz var”.
Ulu öndər müxtəlif ölkələrdəki diaspor nümayəndələrimizlə görüşlərində dəfələrlə vurğulayıb ki, hansı ölkədə yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı öz ana dilini, milli adət-ənənələrini unutmamalıdır: “Nə yaxşı ki, Azərbaycan dili bütün tələblərə cavab verir. Daha doğrusu, onun böyük potensialı imkan verib ki, o, artıq dünya dilləri içərisində öz layiqli yerini tutmuşdur”.
Heydər Əliyev öz ana dilini bilməyənləri şikəst adam adlandırmaqla millətin bütövlüyünün milli dildən keçdiyini çatdırır. Bütün bu göstərilənlər uzun illər Azərbaycana rəhbərlik etmiş böyük dövlət adamının mübarizələrlə dolu həyatının əsas leytmotivini təşkil edir. Ulu Öndər dil məsələsində mövqeyini hələ Azərbaycan Konstitusiyası hazırlanmazdan əvvəl, SSRİ Konstitusiyası barədə cəsarətlə söylədiyi fikirlərində bildirmişdi. Azərbaycanın rəhbəri SSRİ Konstitusiyası haqqında danışarkən xüsusi vurğulayırdı ki, Konstitusiya vətəndaşlara təhsil hüququ vermişdir. Bu hüquq ana dilində oxumaq imkanı ilə təmin olunur. Belə mövqe, əslində, dil məsələsi ilə bağlı gözlənilən təhlükənin qarşısını almaq, çətin şəraitdə ana dilinin dövlət dili statusunu qorumaq məqsədı güdürdü.
Ölkə rəhbərinin təşəbbüsü və fəal iştirakı ilə 1995-ci il oktyabrın 31-də Konstitusiyanın dövlət dili haqqında maddəsi ilə bağlı keçirilən gərgin və tam demokratik müzakirələr nəticəsində Azərbaycan dilinin qanuni haqqı özünə qaytarıldı. Həmin il noyabrın 12-də qəbul olunan Konstitusiyada Azərbaycan dili Azərbaycan Respublikasının Dövlət dili kimi təsbit (21-ci maddə) olundu.
Azərbaycan Prezidentinin imzaladığı “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 18 iyun 2001-ci il tarixli, 506 saylı fərman, “Azərbaycan Respublikası Dövlət Dil Komissiyasının tərkibinin təsdiq edilməsi haqqında” 4 iyul 2001-ci il tarixli, 76 nömrəli sərəncam, “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 9 avqust 2001-ci il tarixli, 552 nömrəli sərəncam və nəhayət, 2003-cü il yanvarın 2-də qüvvəyə minmiş “Azərbaycan Respublikasının dövlət dili haqqında” qanun ölkəmizdə dil siyasəti və dil quruculuğunun mükəmməl konsepsiyasını, onun uzunmüddətli strategiyasını və aydın proqramını verən tarixi qanunvericilik aktlarıdır. Bu sənədlərin hazırlanmasında böyük tarixi şəxsiyyət Heydər Əliyevin yüksək intellekti, zəngin dövlətçilik təcrübəsi, yenilməz məntiqi, vətəndaşlıq qeyrəti, ana dilinə misilsiz məhəbbəti mühüm rol oynayıb.
Respublikamızın çoxminli təhsil işçiləri “Azərbaycan Respublikasının dövlət dili haqqında” qanundan, eləcə də ümummilli liderimiz Heydər Əliyevin dil siyasəti ilə bağlı imzaladığı silsilə fərmanlardan irəli gələn vəzifələrin yerinə yetirilməsində, ulu öndərin dövlət dili ilə əlaqədar verdiyi müdrik göstərişlərin, irəli sürdüyü müddəa və ideyaların gerçəkləşməsində yaxından iştirak edirlər. ölkəmizdə hər il “Ana dili” günü təntənəli surətdə qeyd edilir.
Azərbaycan dilinin dövlət dili statusuna yüksəlməsi yolunda möhtərəm Heydər Əliyevin başladığı müqəddəs milli mücadilənin tarixi bir qərinədən çox davam etmişdir. Milli tariximizə Heydər Əliyev epoxası kimi daxil olmuş 1969-2003-cü illərdə Azərbaycan dilinin hərtərəfli inkişafı yalnız rəsmi sənədlərdə deyil, sözün həqiqi mənasında, gündəlik həyatda, təcrübədə ümumişlək dilə, dövlət dilinə çevrilməsi, beynəlxalq münasibətlər sisteminə, dünya diplomatiyasına yol tapması, beynəlxalq aləmin çox mötəbər məclislərinin kürsülərindən eşidilməsi ulu öndərimizin ana dilimizin inkişafına, onun sosial-siyasi və mədəni həyatda layiqli yer tutmasına göstərdiyi qayğı və diqqətin, son dərəcə dəqiq, düşünülmüş siyasətin nəticəsi idi.
Ulu öndər gənclərimizə məhz ana dili əsasında dünyanı dərk etməyi məsləhət görürdü. Azərbaycan gənclərinə xarici dilləri – ingilis, alman, fransız, çin və s. dilləri öyrənməklə, ilk növbədə, öz ana dilini daha mükəmməl bilməyi tövsiyə edirdi. Ulu öndərin “Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm” müdrik kəlamı ana dilimizə olan məhəbbət və hər bir soydaşımız üçün örnəkdir.
XX əsrin ikinci yarısında Azərbaycan dilinin hərtərəfli inkişafı, ümumişlək dilə, dövlət dilinə çevrilməsi, diplomatiya aləminə yol açması, dünyanın böyük dövlətlərinin və beynəlxalq təşkilatların kürsülərində səslənməsi bilavasitə Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycan dilinin keşiyində durmaq Heydər Əliyevin həyat fəaliyyətinə çevrilmişdi. Heydər Əliyev xalqın formalaşmasında, yaşamasında ana dilinin rolunu yüksək qiymətləndirmişdir: “Hər bir xalq öz dili ilə yaranır. Ancaq bu dili yaşatmaq, inkişaf etdirmək və dünya mədəniyyəti səviyyəsinə qaldırmaq xalqın qabaqcıl adamlarının, elm, bilik xadimlərinin fəaliyyəti nəticəsində mümkün olur”.
Azərbaycan dilinin inkişafı, onun tətbiqi sahəsinin genişləndirilməsi və yabançı təsirlərdən qorunması, habelə bu dilin saflığı, təmizliyi istiqamətində Heydər Əliyevin yeritdiyi siyasət bu gün onun siyasi kursunun layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Heydər Əliyevin dil siyasəti, onun dilimizin inkişafı yönündə göstərdiyi tarixi xidmətlər əsl məktəbdir və bu məktəbin təcrübəsindən zaman-zaman istifadə olunacaqdır.

Fərəh Hüseynova
Suraxanı rayonu, 141 nömrəli tam orta məktəbin direktoru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki