image-heyder-eliyevbackend

“Heydər Əliyevin diplomatik səyləri nəticəsində ölkədə vəziyyət sabitləşdi” – DEPUTAT ŞƏRH ETDİ

image-reklam_sirab_01

“Diplomatik uğurlardan danışanda məhz Heydər Əliyevin hakimiyyətdə olduğu illərdən və daha sonrakı dövrdən danışmalı olacağıq. Çünki müstəqilliyimizin ilk iki ili bütün sahələrdə, o cümlədən, diplomatik fəaliyyət sahəsində ən uğursuz illər kimi yadda qalıb”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Cavanşir Feyziyev deyib.

Onun sözlərinə görə, 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə gəlişi qısa bir müddətdə vəziyyəti kökündən dəyişdirdi: “Təkcə onu demək kifayətdir ki, Heydər Əliyevin diplomatik səyləri nəticəsində ölkədə daxili vəziyyət sabitləşdirildi, vətəndaş müharibəsinin qarşısı alındı, atəşkəs əldə olundu və cəmi 1 il sonra isə “Əsrin müqaviləsi” imzalandı. Həmin illərdə dünyanın aparıcı ölkələrinin ən böyük şirkətləri ilə belə bir müqavilənin imzalanmasını Heydər Əliyevin ən böyük diplomatik uğuru hesab edirəm. Çünki məhz bu müqavilə ilə dünya ölkələrinin marağını Azərbaycanın mənafeyinə uyğunlaşdırmaq, Azərbaycana sərmayə yatırımını təmin etmək və daha sonra həmin ölkələr tərəfindən beynəlxalq səviyyədə Azərbaycanın maraqlarının qorunmasına zəmanət yaratmaq mümkün oldu”.

Deputat sözlərinə davam edərək bildirib ki, Əsrin müqaviləsinin beynəlxalq münasibətlər sistemində bizim ölkəmizə dəstək qazandırması bu günə qədər də davam edir: “Bütün sonrakı diplomatik, siyasi-iqtisadi və hərbi uğurlarımızın əsasında məhz Heydər Əliyevin Əsrin müqaviləsi ilə başlayan neft strategiyası dayanır.

Ümummilli Liderin hakimiyyətdə olduğu illərdə bütün beynəlxalq təşkilatlarla və dünyanın bütün aparıcı dövlətləri ilə diplomatik əlaqələr quruldu, Azərbaycanın üzləşdiyi problemlər, o cümlədən Qarabağ münaqişəsinin bütün təfərrüatları dünyaya obyektiv şəkildə təqdim olundu və nəticədə Azərbaycana qarşı Ermənistan tərəfindən yaradılmış informasiya blokadası dağıdıldı. Dünya Azərbaycan həqiqətlərini öyrəndi və artıq Ermənistanın Azərbaycanı beynəlxalq siyasət müstəvisində təkləmək və təcrid etmək planı iflasa uğradı.

Məhz Heydər Əliyevin diplomatik səyləri nəticəsində 1993-cü ildə ABŞ Konqresi tərəfindən Azərbaycana qarşı qəbul olunmuş 907-ci düzəlişin fəaliyyəti dayandırıldı və bu hərbi-texniki dəstək sahəsində ABŞ-Azərbaycan əməkdaşlığına yol açdı. Ulu Öndər Heydər Əliyevin diplomatik səyləri nəticəsində Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqları məhz Azərbaycanın maraqlarına uyğun şəkildə davam etdirmək və Qarabağın Azərbaycandan qoparılmasının qarşısını almaq mümkün oldu.

Bütün bunlar 2020-ci ildə Vətən müharibəsində qələbəmiz üçün möhkəm zəmin yaratmışdı. Odur ki, bu gün də beynəlxalq siyasət sahəsində əldə etdiyimiz bütün uğurlarda Heydər Əliyevin zamanında atmış olduğu uğurlu diplomatik addımların rolu böyükdür. Onun unikal diplomatik məharəti təkcə ölkəmizdə yox, beynəlxalq miqyasda dünyanın ən böyük və tanınmış siyasət adamları tərəfindən etiraf və təsdiq olunan faktdır”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki