image-6644eab7-e49c-4d78-b8da-a00b7acb6eeabackend

İki dost ölkə arasında əlaqələrin inkişafına təsir göstərən səfər

image-reklam_sirab_01

 

 

Son 20 ildə Prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasət nəticəsində Azərbaycan bu gün iqtisadi və siyasi müstəqilliyə sahib olan qüdrətli dövlət kimi beynəlxalq nüfuzunu daha da artırıb. Bu bir həqiqətdir ki, Prezident İlham Əliyev hər zaman Azərbaycanın dövlət maraqlarını üstün tutub və milli mənafelərimizin müdafiəsini başlıca vəzifələrindən biri hesab edib. Bu gün də bu qətiyyətli siyasət davam etməkdədir. İndi regionun lider dövləti olan Azərbaycan nəinki regional layihələrin iştirakçısı kimi tanınır, ölkəmiz həm də beynəlxalq əhəmiyyətli layihələrin təşəbbüskarı rolunda çıxış edir. Xüsusilə də, son vaxtlar ölkə başçımızın xarici ölkələrə səfərləri və keçirdiyi uğurlu danışıqlar, o cümlədən əldə olunmuş razılıqlar, habelə imzalanmış sənədlər rəsmi Bakının qarşılıqlı faydalı əməkdaşlığa, bərabərhüquqlu münasibətlərə üstünlük verilən xarici siyasət kursunun günün tələbləri səviyyəsində inkişaf etdiyini bir daha təsdiqlədi.

Avqustun 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Macarıstanın Baş naziri Viktor Orbanın dəvəti ilə Budapeştə işgüzar səfəri, səfər çərçivəsində Budapeştdə Macarıstanın Baş naziri Viktor Orban, həmçinin Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü xanım Jelka Tsviyanoviç və Serb Respublikasının Prezidenti Milorad Dodik ilə görüşlər Azərbaycan ilə Macarıstan arasında dostluq, əməkdaşlıq və strateji tərəfdaşlıq ruhunda inkişaf edən ikitərəfli əlaqələrin daha da genişləndirilməsinə müsbət təsir edəcək.

Mərkəzi və Şərqi Avropa ölkələri, o cümlədən Macarıstanla ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafı ölkəmizin xarici siyasətinin vacib istiqamətlərindən biridir. Azərbaycan-Macarıstan əlaqələri 30 il ərzində diplomatik əməkdaşlıqdan strateji münasibətlərə qədər böyük inkişaf yolu keçib. Bu gün Azərbaycan və Macarıstan bir çox sahələrdə, o cümlədən siyasi, iqtisadi, energetika, təhsil, nəqliyyat, kənd təsərrüfatı sferalarında geniş formada əməkdaşlıq edərək iki ölkə arasında qarşılıqlı münasibətlərin dərinləşməsinə təkan verməkdədir.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin əvvəlki səfərlərdə olduğu kimi bu səfərdə də məqsəd ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə töhfə verməkdir.

Dövlət başçımız səfəri zamanı Macarıstanla dostluq əlaqələrimiz Avrasiya qitəsi üçün də çox böyük önəm daşıdığını söyləyərək bildirib ki, ölkələrimiz arasındakı dostluq əlaqələri həm ölkələrimiz üçün, eyni zamanda, Avrasiya qitəsi üçün də çox böyük önəm daşıyır: “Cənab Baş nazir qeyd etdiyi kimi, biz uzun illərdir ki, bir-birimizlə sıx təmasdayıq. Bizi dostluq əlaqələri bağlayır. Ölkələrimiz arasındakı dostluq əlaqələri həm ölkələrimiz üçün, eyni zamanda, Avrasiya qitəsi üçün də çox böyük önəm daşıyır”.

Azərbaycan Prezidentin Avropa İttifaqına daxil olan ölkələrə səfəri zamanı onun şəxsiyyətinin, siyasətinin yüksək qiymətləndirilməsinin dəfələrlə şahidi olmuşuq. Elə bu səfər zamanı da Macarıstan Baş naziri Viktor Orbanın Prezident İlham Əliyev haqqında “Biz xarici siyasətdə bir-birimizi başa düşürük. Mən son on ildə Prezident Əliyevdən o qədər çox şey öyrənmişəm ki, olduqca mürəkkəb mühitdə ölkəyə necə yaxşı rəhbərlik etmək lazımdır. Əfsuslar olsun ki, onun bütün bildiklərini öyrənə bilmədim. Çünki biz radikal tərəfə meyilliyik və o, daha mülayim baxışları ilə tanınan siyasi xadimdir. Mən ondan beynəlxalq arenada mülayim şəkildə necə daha da uğurlu olmağı öyrənməliyəm”, – deməsi deyilənlərin təsdiqidir. Və bu səfər bir daha göstərir ki, iqtisadi və geostrateji üstünlüklərindən səmərəli yararlanmaqla yüksək inkişaf mərhələsinə qədəm qoyan və Cənubi Qafqazın lider dövlətinə çevrilən Azərbaycan Macarıstan ilə münasibətlərin inkişafına xüsusi önəm verir. Heç şübhəsiz Prezidentin bu səfəri Azərbaycanla Macarıstan arasındakı ikitərəfli əlaqələrə öz müsbət təsirini göstərəcək, münasibətlərimizdə yeni səhifə açacaq.

Bir sözlə, Prezident İlham Əliyevin uğurlu xarici siyasəti Azərbaycanı dünyanın inkişaf etmiş dövlətləri sırasına qoşmuşdur. Ölkə başçımızın bütün xarici səfərlərində respublikamızın mövqeyi birbaşa xarici tərəfdaşlara çatdırılmışdır. Bu, artıq bir reallıqdır ki, Prezident İlham Əliyevin həyata keçirdiyi həm daxili, həm də xarici siyasət ölkəmizə beynəlxalq aləmdə böyük rəğbət qazandırmışdır və rəsmi Bakını regionun fəal aktoruna çevirmişdir. Dövlət rəhbərimizin uğurlu fəaliyyətinin nəticəsidir ki, Azərbaycan dünyada iqtisadi və texnoloji baxımdan inkişaf edən, öz ölkəsində islahatlar keçirən bir ölkə kimi tanınır. Şübhə yoxdur ki, Prezident İlham Əliyevin son xarici səfərləri Azərbaycanın hərtərəfli inkişafına daha böyük təsir göstərməklə yanaşı, ölkəmizin beynəlxalq əlaqələrinin intensiv inkişafına da güclü impuls verəcəkdir.

 

Adil Hüseynov – Azərbaycan Dövlət İqtisad Universitetinın dosentı, iqtisadiyyat üzrə fəlsəfə doktoru

 

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki