Deputat hesab edir ki, bu, həmçinin qaçaqmalçılıq hallarının və müxtəlif ölkələrdə oğurlanmış mobil cihazların ölkədə istismarının qarşısının alınmasında da böyük rol oynayır:
“Mobil cihazların qeydiyyatının aparılmasında məqsəd abunəçilərin mobil cihazlarından rahatlıqla istifadə edilməsinə şərait yaradılmasından, mənşəyi bilinməyən, texniki parametrləri standartlara uyğun olmayan, keyfiyyət əmsalları aşağı olan və insan orqanizmi üçün zərərli elektromaqnit şüalanmaları yayan, xalq arasında “pirat” kimi tanınan mobil cihazların ölkəyə idxalının qarşısının alınmasından, həmçinin istehsalçı şirkətlərin tanınma dərəcəsinin və rəqabət qabiliyyətinin yüksəlməsinin təmin edilməsindən ibarətdir.
Təhlükəsizlik orqanlarına terror və ya harasa bomba qoyulması barədə yalan məlumatların verilməsi, kriminal qruplar arasındakı telefon danışıqları çox vaxt məhz “qara” siyahılıq telefonlar vasitəsilə həyata keçirilir. Onları axtarıb tapmaq isə xeyli vaxt və resurs tələb edir. Ona görə də cinayətkarlığa qarşı mübarizədə bu üsul effektli rol oynayır.”
K.Nurullayevanın sözlərinə görə, öz şəxsi istifadəsi məqsədilə ölkəyə mobil telefon gətirən şəxslər tərəfindən mobil cihazlar qeydiyyata alınarkən qanunvericilikdə nəzərdə tutulmuş məbləğdə dövlət rüsumu ödənildiyindən bəzi hallarda həmin şəxslər də qeydiyyatdan yayınmaq məqsədilə artıq “ağ siyahı”da mövcud olan İMEİ nömrələrin surətinin köçürülməsinə, həmin kodların təkrarlanmasına meyl edirlər. Ona görə də, “Telekommunikasiya haqqında” Qanuna və buna uyğun olaraq da İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklik layihələri təqdirəlayiqdir.
K.Nurullayeva bu sahədə Türkiyə təcrübəsini uğurlu hesab edir: “Türkiyə Respublikasının telekommunikasiya haqqında qanunvericilik aktında qeyd olunur ki, əgər İMEİ kodunun istifadəçisi tərəfindən fasiləsiz olaraq yeddi il ərzində telekommunikasiya xidmətlərindən istifadə olunmursa, həmin cihazın istehsalçısının və ya onu ölkəyə idxal edən şəxsin sorğusu əsasında yenidən həmin cihaza verilmiş İMEİ kod qeydiyyata alına bilər.”