İmişlidə saxta əskinaslardan istifadə edərək mal-qara alan şəxs saxlanılıb. Onun üzərindən 100 və 200 manatlıq əskinaslar aşkarlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan xezerxeber.az-a verilən məlumata görə, avqustun 10-da bir nəfər İmişli Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək, avqustun 3-də Otuziki kəndi ərazisində yerləşən bazarda naməlum şəxsin ona 200 manat saxta pul verdiyini bildirib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən Ağcabədi rayon sakini Hümbət Əsgərov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 18 ədəd 100 manatlıq və 2 ədəd 200 manatlıq saxta pul əskinası aşkar edilərək götürülüb. Faktla əlaqədar Cinayət Məcəlləsinin 204.1-ci (Saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma) maddəsi ilə cinayət işi başlanmışdır. H.Əsgərovun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə və ya İmişli RPŞ-nə müraciət edə bilərlər.