image-1backend

İran husilərin vasitəsi ilə Qırmızı dənizi ələ keçirməyə çalışır -TƏHLİL

image-reklam_sirab_01

İran bağlı olduğunu açıq şəkildə etiraf edən Husilər İsrail və Həmas arasında atəşkəs haqqında hər hansı bir danışığa qoşulmayacağını açıqlayıb. Husilər hələ oktyabrın 31-də faktiki olaraq İsrailə müharibə elan etməklə HƏMAS-ın tərəfində münaqişəyə qoşulduqlarını və İsrail ordusu Qəzzə zolağında hərbi əməliyyatları dayandırmayana qədər bu ölkənin ərazisinə zərbələr endirməyə davam edəcəklərini bəyan ediblər. Həmin ərəfədə husilər İsrail ərazisinə raketlər və pilotsuz uçuş aparatları ilə hücum etmişdilər. Sonrakı mərhələdə isə husilər bununla kifayətlənməyib Qırmızı dənizdə gəmilərə hücum etməyə və onları ələ keçirməyə başladılar. Husilər İsrailə yön alan gəmiləri hədəf aldıqlarını iddia etsələr də, real faktlar bunun heç də belə olmadığını və İranın dəstəklədiyi bu qruplaşmanın faktiki olaraq dəniz quldurluğu ilə məşğul olduğunu göstərir. Husilərin hərbi aktivliyi nəticəsində son günlər Qırmızı dənizdə gəmilərin hərəkəti demək olar ki, dayandırılıb, bu da beynəlxalq ticarətə ciddi zərbədir.

İranın husilərə maliyyə və silah dəstəyi verən əsas ölkə olduğuna əsaslanaraq ABŞ prezidentinin Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan Qırmızı dənizdə yük gəmilərinə hücumun məsuliyyətinin son nəticədə İranın üzərinə düşdüyünü bəyan edib. Eyni zamanda Vaşinqton Qırmızı dənizdə husilərin özbaşınalığına qarşı beynəlxalq donanma koalisiyası formalaşdırmaq planını açıqlayıb. Dekabrın 19-da artıq belə bir koalisiyanın yarandığı bəyan edilib, bura əvvəlcə 10, daha sonra 19 ölkənin qoşulduğu bildirilib. Buna cavab olaraq Ənsarullah rəsmisi bəyan edib ki, Qırmızı dənizi ABŞ və müttəfiqlərinin məzarlığına çevirəcəyik. Eyni zamanda İranın Müdafiə naziri Məhəmmədrza Aştiyani xəbərdarlıq edib ki, ABŞ-ın Qırmızı dənizdə gəmilərin təhlükəsizliyini qorumaq üçün yaratdığı çoxmillətli koalisiya qeyri-adi çətinliklərlə üzləşəcək. O, Qırmızı dənizə işarə edərək: “Bizim nəzarət etdiyimiz ərazidə heç kim manevr edə bilməz” – deyib. Bütün bunlar İranın husilər vasitəsilə Qırmızı dənizdə beynəlxalq birliyə güc nümayişi anlamına gəlir. Bu da bir daha onu göstərir ki, husilər faktiki olaraq İranın təlimatı ilə Qırmızı dənizdə təxribatlara əl atırlar.

Qoşqar Salmanlı


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki