Azərbaycanlılar müasir Ermənistanın yerli, əsl sakinləri idilər. Ermənistanın indiki paytaxtı orta əsr mənbələrində Rəvan, İrəvan kimi qeyd olunur, sonralar Erivan, sonra isə Yerevan adlandırılır. Məşhur erməni yazıçısı Xaçatur Abovyan “İrəvan şəhərinin qısa tarixi eskizi” adlı məqaləsində yazırdı ki, erməni yazıçıları XIII əsrin əvvəllərinə qədər İrəvan şəhərinin adını çəkmirdilər. Rus şərqşünası Vasili Bartold isə qeyd edirdi ki, “İrəvan Teymurun dövründə kənd kimi yaranıb, yalnız XVI əsrdə Şah İsmayılın dövründə şəhərə çevrilib, sonra isə indiki adını alıb”.
20-ci əsrin 30-40-cı illərində İrəvanın azərbaycanlı məhəllələri hələ də mövcud idi. Ermənilər XIX əsrin əvvəllərində İrəvana köçürüldükləri üçün onların məhəllələri Azərbaycan məhəllələri ətrafında bir halqada yerləşirdi. Ötən əsrin 50-60-cı illərində azərbaycanlıların kompakt yaşadıqları ərazilər, onların qəbiristanlıqları yeni tikililər tikmək adı ilə yer üzündən silinib.
Bundan əlavə, İrəvanın bütün tarixi mərkəzi – memarlığında Azərbaycan orta əsr memarlığının elementlərini aydın şəkildə əks etdirən İrəvan qalası dağıdılıb. Müasir İrəvanda ermənilərə xas olan 200 ildən çox yaşı olan bir dənə də olsun tarix və mədəniyyət abidəsi yoxdur.
Erməni alimi Zaven Korkodyan 1932-ci ildə nəşr etdirdiyi “Sovet Ermənistanının əhalisi 1831-1931” kitabında yazırdı ki, 1883-cü ildə İrəvan şəhərində 18766 nəfərdən 15992 nəfəri azərbaycanlı idi. Həmin nəşrdə qeyd olunub ki, 1866-cı ildə İrəvanda 27246 nəfərdən 23626 nəfər, yəni, 85,2 faizi azərbaycanlılar olub. Zaven Korkodyan onu da qeyd edib ki, 20-ci əsrin əvvəllərində Ermənistan ərazisindəki 2310 coğrafi addan 2000-i türk mənşəli olub.
1987-1991-ci illərdə, əsasən tarixi Azərbaycan torpaqlarında formalaşmış Ermənistan SSR-dən 200 mindən çox azərbaycanlı zorla qovulub. Bu vaxta qədər Ermənistanın 170 kəndində sırf azərbaycanlılar yaşayırdılar. 90-a yaxın kənddə azərbaycanlılar çoxluq təşkil edirdilər, ümumilikdə 300-dən çox şəhər və kənddə həyat sürürdülər.
Azərbaycanlılar Ermənistandan deportasiya edildikdən sonra özlərini dünyaya “ən qədim və mədəni xalq” kimi təqdim etməyə çalışan ermənilər Azərbaycan xalqının tarixi-mədəni irsinin dağıdılması və mənimsənilməsi prosesinə başlayıblar.
İrəvandakı Göy məscid yalnız ona görə sağ qalıb ki, sovetlər dövründə bu dini binada muzey yerləşirdi. Ermənistanda bu günə qədər gəlib çatmış digər məscidlərin taleyi acınacaqlıdır. İrəvanın Kond rayonunda Sovet hakimiyyəti illərində yaşayış binasına çevrilmiş Təpəbaşı məscidi (1687-ci ilə aiddir) var.
19-cu əsrdə tikilmiş İrəvan Abbas Mirzə (Sərdar) məscidindən divarın yalnız kiçik bir parçası qalıb. Başqa bir məscid Andokavan kəndində (XVII-XVIII əsrlərə aiddir), digəri Zorakertdə (XIX-XX əsrlərə aiddir) yerləşir. Hər iki dini bina çox bərbad vəziyyətdədir və dağılmaq ərəfəsindədir.
Erməni millətçiləri həmçinin Ağadədə ziyarətgahını, Aşağı Şorca, Saral və Güllübulaq kəndlərindəki Azərbaycan qəbiristanlıqlarını, Ağkilsə kəndində Aşıq Ələsgərin qəbirüstü abidəsini və azərbaycanlıların qədim zamanlardan müasir Ermənistan ərazisində yaşamasına dair bir çox sübutları dağıdıblar.
Ermənilər Azərbaycan xalqının tarixi-mədəni irsinin qalan abidələrini özlərininki kimi (Aqudinin məzar daşı) keçirir və ya fars mədəniyyəti nümunələri kimi təqdim edirlər (İrəvandakı Göy məscid).
Qərbi Azərbaycan İcması fəaliyyətə nisbətən yeni başlasa da, qəbul etdiyi sənədlər xüsusi əhəmiyyət kəsb edir. Bu sənədlər arasında indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların dinc, təhlükəsiz və ləyaqətlə qayıtmasının təmin edilməsi Konsepsiyası – Qayıdış Konsepsiyası mühüm yer tutur.
Azərbaycan ərazi bütövlüyünü tam bərpa etdikdən sonra Ermənistana öz düşmənçilik siyasətinə yenidən baxmaq və xarici dövlətin ərazisinə iddialardan imtina edərək münasibətlərin sülh yolu ilə nizamlanmasına razılıq vermək imkanı verir. Ermənistan hakimiyyəti nəhayət ki, azərbaycanlıların Qərbi Azərbaycana qaytarılması prosesinin qaçılmaz olduğunu dərk etməlidir. Və erməni təbliğatı nə qədər Qərbi Azərbaycan İcmasının fəaliyyətini qaralamağa çalışsa da, azərbaycanlıların öz ata-baba yurdlarına qayıdacağı düşüncəsindən qorxusunu gizlədə bilmir…
Əliyeva Dürdanə Rafiq qızı
ADPU, Filologiya fakultəsi, Müasir Azərbaycan dili kafedrası müəllimi