30 ilə yaxın düşmən tapdağı altında qalmış torpaqlarımız Ali baş komandan İlham Əliyevin xüsusi rəhbərliyi ilə 3 minə yaxın şəhidimizin qanı bahasına başa gələn 44 günlük vətən müharibəsi nəticəsində azad olunub. Artıq ölkəmiz üçün yeni dövr, quruculuq və inkişaf dövrü, azad olunmuş ərazilərimizin bərpası dövrü başladığını qeyd edən Prezident İlham Əliyev ilk olaraq həyata keçirilməsi vacib olan iş kimi həmin ərazilərdə infrastrukturu qurmaq olduğunu xüsusi ilə vurğulayıb.
İndi Cənab Prezidentin göstərişi ilə həyata keçirilən qazlaşdırılma prosesində azad olunmuş torpaqlarda qaz xətlərinin yenidən təmir olunması işinə başlanılsa da, bir çox ərazidə heç qaz xətlərinin olmaması bu işi sıfırdan başlamağı tələb edir. Qeyd etməliyik ki, bu işlə bağlı SOCAR rəhbərliyinin tapşırığı ilə “Azəriqaz” İB artıq azad olunmuş ərazilərin qazlaşdırılması işlərinə başlayıb. Yeni magistral qaz kəmərlərinin ilkin istiqamətləri kimi müəyyənləşdirilən Böyük Bəhmənli – Füzuli – Hadrut – Şuşa, Azad Qaraqoyunlu – Ağdam, Horadiz – Cəbrayıl – Zəngilan – Qubadlı – Laçın, Goranboy – Kəlbəcər kəmərlərində lazımlı işlər davam etdirilir. İlkin mərhələdə Ağdam rayonunun, ikinci mərhələdə Şuşa istiqamətində ərazilərin, Xocavənd rayonunun, növbəti mərhələdə Zəngilan, Cəbrayıl rayonlarının və ən sonuncu mərhələdə isə Kəlbəcər, Laçın rayonlarının qazlaşdırılması nəzərdə tutulub.
Quruculuq işlərinin əsasını təşkil edən infrastrukturu təmin etmək məqsədilə həyata keçirilən qazlaşdırılma işləri ilə bağlı qeyd etməliyik ki, Azərbaycan Respublikasının işğaldan azad olunmuş əraziləri “Yaşıl enerji zonası” elan olunub. Hazırda İdarələrarası Mərkəzin “Enerji təminatı” İşçi Qrupunda müxtəlif variantlar əsasında ərazilərin enerji növləri ilə təminatı üzrə təhlillər aparılıb və təhlillərin nəticəsinə uyğun olaraq “Yaşıl enerji zonası” konsepsiyası ilə əlaqələndirilməklə işğaldan azad olunmuş ərazilərin qazlaşdırılması barədə qərar verildikdən sonra müvafiq tədbirlərin həyata keçirilməsinə başlanılıb.
Düzdür, quruculuq işləri işğal olunmuş ərazilərdə son sürətlə davam etsə də, qazlaşdırma ilə bağlı bəzi çətinliklər də var. Bununla bağlı Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısındakı çıxışında bildirib: “2020-ci ildə Vətən müharibəsi ərzində işğaldan azad edilən ərazilərimizi qazlaşdırmaq üçün çox tezliklə bizim əlavə həcmdə qaza ehtiyacımız olacaq. Bu, tamamilə dağıdılmış böyük bir ərazidir. Bütün infrastruktur dağıdılıb. Bu ərazi 10 min kvadratkilometrdən çoxdur. Siz bizim qarşımızda necə çağırış olduğunu təsəvvürünüzə gətirə bilərsiniz. Biz artıq bu ildən etibarən keçmiş qaçqınlarımızı geri qaytarmağı planlaşdırırıq. Ona görə də, bizim öz istehlakımız üçün əlavə qaza ehtiyacımız olacaq” . Ancaq qeyd etməliyik ki, Azərbaycan dünyanın xam neft, təbii qaz, neft-kimya məhsulları, neft məhsulları və elektrik enerjisi ixrac edən az sayda ölkələrindən biridir, buna görə də, bu quruculuq işlərində lazımı olan təlavatın öhdəsindən gəlməyə də qadirdir.
Kəmalə Həsənova
Azərbaycan Dillər Universitetinin magistrantı