Türk Dövlətləri Parlament Assambleyası (TÜRKPA) parlament diplomatiyasına və Türk Dünyasında dil birliyinin gücləndirilməsinə töhfə verməyi hədəfləyən “Qanun” və “Qamus” adlı iki mühüm layihəni istifadəyə verib.
TÜRKPA-nın Baş katibi, səfir Mehmet Süreyya Erin verdiyi məlumata görə, bu layihələr Türk Dünyasını ortaq rəqəmsal platformada bir araya gətirməklə, ümumi yaddaşın formalaşmasına xidmət edir.
“Qanun” layihəsi çərçivəsində Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistana aid qanunvericilik mətnləri rəqəmsal mühitdə birləşdirilərək istifadəçilərə beş dildə — türkcə, Azərbaycan türkcəsi, qazaxca, qırğızca və ingiliscə təqdim olunur.
Sistem hüquqi sənədlərdə axtarış, filtr, qeyd etmə, fərdi iş faylı yaratma və müqayisəli analiz funksiyalarını istifadəçilərə təqdim edir. Layihə həmçinin parlamentlərarası əməkdaşlığa dəstək göstərməklə, sənədlərin tərcüməsində və rəsmi yazışmalarda terminoloji uyğunluğun artırılmasına xidmət edir.
“Qamus” layihəsi isə türk dillərinin lüğət tərkibini müqayisəli şəkildə öyrənmək imkanı yaradır. Rəqəmsal sözlük türkcə, Azərbaycan türkcəsi, qazaxca, qırğızca, özbəkcə, türkməncə, başqırdca, tatarca və uyğurca dillərini əhatə edir və elmi nəzarətdən keçmiş etibarlı mənbələrə əsaslanır.
Layihə çərçivəsində Türkiyədə Kubbealtı Vakfı tərəfindən hazırlanmış “Misalli Böyük Türkçe Sözlük”lə inteqrasiya işlərinə start verilib. Digər dillər üçün də analoji inteqrasiya işləri mərhələli şəkildə həyata keçiriləcək.
“Qamus” platformasında axtarış, çoxmənbəli dəstək, mənbə göstəricisi, söz və mənbə əsaslı filtr, söz izahı, lüğət göstəricisi kimi funksiyalar mövcuddur. Layihə terminologiyada birlik və standartlaşmanı da təşviq edir.
TÜRKPA-nın Baş katibi Er-in rəhbərliyi ilə 2023-cü ildə başlanan rəqəmsal transformasiya səyləri “Qanun” və “Qamus” layihələri ilə ilk böyük nəticələrini verib.
Er bildirib:
“Biz ‘Dildə, fikirdə, işdə birlik’ anlayışını bu günün tələblərinə uyğun şəkildə həyata keçiririk.”
Hazırlanan platformalar həm masaüstü, həm də mobil cihazlarda istifadə edilə biləcək şəkildə dizayn edilib və hər hansı quraşdırma və ya qeydiyyat tələb etmir.
Layihələrə giriş üçün aşağıdakı ünvanlara daxil olmaq kifayətdir:
Bu təşəbbüslər Türk Dünyasında dil, hüquq və mədəni əməkdaşlığın gücləndirilməsi istiqamətində mühüm addım hesab olunur.