Çoxmənzilli yaşayış evlərində yaşayan insanlar bəzən müxtəlif xidmət və ödəniş tələbləri ilə qarşılaşırlar. Əhali arasında “JEK “kimi tanınan Mənzil Kommunal İstismar Sahəsi tərəfindən müəyyən xidmətlərə görə alınan vəsaitlərlə yanaşı, bəzi hallarda bələdiyyələr tərəfindən əlavə “torpaq vergisi” tələb edilməsi sakinlərdə suallar yaradır. Bu kimi ödənişlərin hansı hallarda qanuni sayıldığı isə əsas müzakirə mövzusudur.
Çoxmənzilli binalarda yaşayan şəxslərdən torpaq vergisi alınması qanunidirmi? “JEK” və bələdiyyə adı ilə tələb olunan ödənişlərin hüquqi sərhədi necə müəyyən olunur?
Mövzu ilə bağlı açıqlamasında əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, çıxarışı olan hər bir əmlak yerləşdiyi ərazi və müəyyən edilmiş əmsallara uyğun olaraq vergiyə cəlb olunur: “Əgər söhbət torpaq sahəsindən gedirsə, torpaq vergisi, fərdi yaşayış evidirsə və həm torpağın, həm də tikilinin çıxarışı varsa, torpağa görə torpaq vergisi, tikiliyə görə isə əmlak vergisi ödənilir”.
Ekspertin sözlərinə görə, çoxmənzilli yaşayış binalarında yaşayan vətəndaşlar da aylıq kommunal ödənişlərlə yanaşı, əmlak vergisi ödəməlidirlər. Əgər hər hansı əmlakın çıxarışı yoxdursa, həmin vergilərin ödənilməsi məcburi hesab edilə bilməz: “Çoxmənzilli yaşayış binalarında və fərdi yaşayış evlərində sakinlər bələdiyyəyə ödədikləri əmlak və torpaq vergisindən əlavə, ənzil Kommunal İstismar Sahələrinə – “JEK”-lərə də ildə bir dəfə kommunal ödəniş edirlər. Bu qayda əsasən köhnə çoxmənzilli yaşayış binalarına şamil olunur.
Yeni tikili binalarda isə sakinlər bir tərəfdən bələdiyyəyə əmlak vergisi ödəyir, digər tərəfdən isə yaşadıqları binanın saxlanılması üçün hər ay kommunal ödənişlər edirlər”.
Ekspert vurğulayıb ki, bütün bu ödənişlər oxşar görünsə də, bələdiyyəyə ödənilən əmlak və torpaq vergisi yalnız vergi xarakteri daşıyır: “Mənzil Kommunal İstismar Sahəsinə və ya binaların idarə olunması üçün toplanan digər ödənişlər isə binanın və ətraf ərazinin saxlanılması məqsədilə yığılan kommunal ödənişlərdir”.AzPolitika.info


























