image-kemaleddin-qafarovbackend

Kamaləddin Qafarov: “Azərbaycan bu torpaqların əsl sahibinin kim olduğunu sübuta yetirdi”

image-reklam_sirab_01

“Laçın rayonu 1992-ci il mayın 18-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. Böyük strateji əhəmiyyətə malik olan bu rayonun işğalı təkcə laçınlılar üçün deyil, bütün Azərbaycan xalqı üçün böyük faciə idi. Bu işğaldan sonra Ermənistanla keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti arasında coğrafi əlaqə yaradıldı və bu, Azərbaycanın sonrakı ərazi itkilərinə yol açdı. İşğal nəticəsində rayonun əhalisi etnik təmizləməyə məruz qalıb, 300 nəfərdən artıq hərbi və mülki şəxs həlak olub və itkin düşüb. İşğal dövründə Ermənistan dövləti Laçında hərbi cinayət törədərək qanunsuz məskunlaşma aparırdı. Cari ilin avqust ayının 26-da Laçın şəhərində Həkəri çayının sahilində keçirilən “Laçın Şəhəri Günü” bayram tədbirində çıxış edən Ölkə Prezidenti İlham Əliyev bu məsələyə xüsusi toxunaraq tarixi həqiqətləri bir daha hər kəsin diqqətinə çatdırdı.”

Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Deputat bildirib: “Azərbaycan öz ərazilərini azad etmək üçün ədalətli müharibə apardı, öz torpaqlarında savaşdı və qalib gəldi. Şanlı ordumuz 44 gün ərzində Qələbəni əldə etdi və öz gücünü bütün dünyaya göstərdi. İkinci Qarabağ müharibəsində əldə olunmuş tarixi Qələbə nəticəsində dekabrın 1-də Laçın rayonu işğaldan azad edildi. Lakin keçmiş Laçın dəhlizi Laçın şəhəri və iki kənd – Zabux və Sus kəndlərindən keçdiyinə görə bu ərazilər müvəqqəti olaraq Azərbaycanın nəzarətində deyildi. Azərbaycan qısa müddət ərzində yeni yol çəkərək həm Laçına, həm də Zabux və Sus kəndlərinə qayıtdı. Azərbaycan öz möhtəşəm qələbəsini həm hərbi, həm də siyasi müstəvidə təmin etdi. Bu gün, müharibədən 3 ilə yaxın müddət keçməsinə rəğmən, cərəyan edən hadisələr belə deməyə əsas verir ki, təkcə ermənilər deyil, həm də onların bəzi xarici havadarları Azərbaycanın qələbəsini hələ də həzm edə bilmirlər. Lakin ölkəmizə qarşı aparılan çirkin təbliğat kampaniyaları nə dövlətimizin, nə də xüsusən möhtərəm Prezidentimiz cənab İlham Əliyevin iradəsinə təsir edə bilər. Cari ilin 23 aprel tarixində Laçın rayonunda, Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsinin qoyulması da bunu bir daha bütün dünyaya nümayiş etdirdi. Dövlət başçımızın qeyd etdiyi kimi, “Laçın” sərhəd-buraxılış məntəqəsinin yaradılması ölkəmizin ərazi bütövlüyünün tam bərpası deməkdir. Laçınlılar artıq mayın 28-dən etibarən öz doğma el-obalarına qayıdıblar. Hazırda 1000-ə yaxın Laçın sakini şəhərdə məskunlaşmışdır və ilin sonuna qədər daha 900 ailə üçün evlər hazır olacaq. Bu isə o deməkdir ki, cari ilin sonuna qədər bir neçə min həm şəhər sakini, həm kənd sakini Laçında yaşayacaq. Bütün bunlar işğaldan azad edilmiş torpaqların əsil sahibinin kim olduğunu bir daha bütün dünyaya nümayiş etdirir. Xalqımız bundan sonra sülh, əmin-amanlıq şəraitində yaşayacaq, öz doğma torpağında qurub-yaradacaq.”

K.Qafarov Azərbaycanın Vətən müharibəsində əldə etdiyi tarixi Qələbəsinin əbədiləşdirilməsi məqsədilə görülən tədbirlərin əhəmiyyətindən bəhs edərək deyib: “Tarixi dəyişdirmək cəhdləri ermənilərin hər zaman ən çox istifadə etdikləri fitnəkarlıq olub. Belə hallara gələcəkdə yol verilməməsi üçün Azərbaycan dövləti bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə məqsədyönlü addımlar atır. Dövlət başçısının 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Həmin Sərəncama əsasən 26 avqust Laçın şəhəri günü kimi müəyyən olunub. İşğaldan azad edilmiş bütün şəhərlərimizdə olduği kimi, Laçın şəhərində də İşğal və Zəfər muzeylərinin yerləşəcəyi Memorial Park salınır. Ölkə Prezidenti İlham Əliyevin sərəncamları ilə Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 8397 hərbi qulluqçusunun “Laçının azad olunmasına görə” medalı ilə təltif olunmaları da tarixi həqiqətlərin gələcək nəsillərə olduğu kimi çatdırılması baxımından müstəsna əhəmiyyət kəsb edən haldır. Artıq bundan sonra erməni yalanları heç vaxt tarixi faktları təhrif edə bilməyəcək”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image