Deputat bildirib: “Aprelin 5-də Azərbaycan və Tacikistan prezidentləri arasında keçirilmiş təkbətək və geniş tərkibli görüşdən, eləcə də sənədlərin imzalanmasından sonra hər iki ölkənin dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər. Bu bəyanatlarda Prezident İlham Əliyevin Tacikistana etdiyi dövlət səfərinin yüksək səmərəliliyi və iki ölkə arasında qarşılıqlı əməkdaşlıq əlaqələrinin inkişafına güclü təkan verəcəyi qeyd edilib. Diplomatik münasibətlərin otuz ili ərzində Tacikistan və Azərbaycan səmərəli qarşılıqlı fəaliyyət mexanizmləri qurması və bu gün qardaş xalqların rifahına xidmət edən sanballı nəticələr əldə edə bilməsi xüsusi vurğulanıb. Diqqətəlayiq haldır ki, ölkələrimiz arasında səmimi münasibətlərin formalaşmasında Ulu öndər Heydər Əliyevin xüsusi xidmətləri olduğu və bu gün Azərbaycan-Tacikistan qarşılıqlı əməkdaşlıq əlaqələrinin məhz Ümummilli liderimiz tərəfindən qurulmuş qarşılıqlı etimada dayanan əsaslar üzərində inkişaf etdiyi Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon tərəfindən xüsusi qeyd edilmişdir. Tacikistan Prezidentinin bəyanatında gələn ay Ulu öndər Heydər Əliyevin 100 illiyinin Tacikistanda da qeyd ediləcəyini deməsi hər bir azərbaycanlıya şərəf və fəxarət hissi yaşatmaya bilməz. Prezident İlham Əliyevin öz çıxışında qeyd etdiyi kimi, ölkələrimizin nümunəsi ona dəlalət edir ki, hətta inkişafın ən aşağı nöqtəsində olduqda belə, müdrik rəhbərlik sayəsində böyük nəticələr əldə etmək mümkündür. Tacikistan və Azərbaycan keçmiş sovet respublikaları arasında müstəqillik yoluna ən pis və ən ağır şəraitdə qədəm qoymuşdular. Həm Azərbaycanda, həm də Tacikistanda gənc nəsil də bilməlidir ki, bugünkü uğurlu inkişafın arxasında məhz böyük liderlərin, xalqlarımızın liderlərinin gərgin əməyi, böyük zəhməti durur.”
K.Qafarov Azərbaycan və Tacikistan arasında imzalanmış ikitərəfli sənədlərin əlaqələrin hüquqi bazasının möhkəmləndirilməsi və tamamlanması baxımından xüsusi önəm kəsb etdiyini vurğulayaraq deyib: “Dövlət başçılarının verdikləri bəyanatlarda da qeyd olunduğu kimi, aparılan danışıqların gedişində ikitərəfli münasibətlərin vəziyyəti və inkişaf perspektivləri ətraflı nəzərdən keçirilib, bütün aktual məsələlərə dair fikir mübadiləsi aparılıb. Ölkələrimiz arasında ticari-iqtisadi sahədə qarşılıqlı əlaqələr ətraflı müzakirə edilib və belə nəticəyə gəlinib ki, əmtəə dövriyyəsinin həcmi tərəflərin malik olduğu potensiala uyğun deyil. Bununla əlaqədar əmtəə dövriyyəsinin artırılmasına dair təxirəsalınmaz tədbirlər görülməsi barədə razılıq əldə olunub. Danışıqlar çərçivəsində investisiyalar, sənaye kooperasiyası, kənd təsərrüfatı, nəqliyyat sahələrində və yanacaq-energetika kompleksində qarşılıqlı fəaliyyətin istiqamətləri ayrıca müzakirə mövzusu olub. Xüsusi olaraq qeyd etmək lazımdır ki, aprelin 5-də dövlət başçılarının geniş tərkibdə görüşü başa çatdıqdan sonra Azərbaycan və Tacikistan arasında imzalanmış ikitərəfli sənədlər əlaqələrin hüquqi bazasının möhkəmləndirilməsi və tamamlanması baxımından xüsusi önəm kəsb edəcək. O cümlədən Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası Hökuməti arasında imzalanmış bir çox sənədlər ölkələrimiz arasında mövcud münasibətləri tamamilə yeni bir mərhələyə çıxaracaq. Qeyd etmək lazımdır ki, imzalanmış sənədlər arasında “Azərbaycan Respublikasının Şuşa şəhəri ilə Tacikistan Respublikasının İsfara şəhəri arasında qardaşlaşma əlaqələrinin qurulması haqqında Protokol” xüsusi yer tutur. Məhz bu Protokol ölkələrimiz və xalqlarımız arasında mədəni əlaqələrin daha genişlənməsi və dərinləşməsi baxımndan böyük önəm kəsb edir”.