image-kemaleddinqafarovyenibackend

Kamaləddin Qafarov: “Şuşa beynəlxalq tədbirlərə ev sahibliyi edir”

image-reklam_sirab_01

“Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfransın məhz Şuşada keçirilməsi xüsusi siyasi önəm kəsb edən bir hadisədir. Şəhəri ziyarət edən qonaqlar ermənilərin burada işğal dövründə törətdikləri dağıntıları gördükdən sonra, artıq onlarda da Şuşanın kimə məxsus olduğuna dair heç bir şübhə qalmır. Yalnız yadelli işğalçılar bir şəhərin tikililərinə, mədəni-tarixi abidələrinə qarşı belə vandallıqlara yol verə bilərlər. İyirmi səkkiz il ərzində ermənilər Şuşanın yaşaması və inkişaf etməsi üçün heç nə etməyiblər. Artıq bir neçə gündən sonra 100 illiyini böyük təntənə ilə qeyd edəcəyimiz Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu Şuşanı azad görmək idi. Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu bu arzunu gerçəkləşdirdi. ”

Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov söyləyib.

Deputat deyib: “Beynəlxalq konfransın iştirakçıları ilə görüşmək üçün Şuşaya səfər etmiş Prezident İlham Əliyev burada dünyanın aparıcı beyin mərkəzlərinin, təhlil və tədqiqat institutlarının ekspertlərinin suallarını cavablandırıb. Hər zaman olduğu kimi, möhtərəm dövlət başçımız prinsipial mövqelərdən çıxış edərək, bütün məsələlərə Azərbaycanın və eyni zamanda da bütün Cənubi Qafqaz regionunun maraqlarına cavab verən yanaşma nümayiş etdirib. Prezident İlham Əliyevin açıqlamalarında konkret məsələlərə dair konstruktiv çağırışlar və mesajlar əks olunub. Diqqətəlayiq məqamdır ki, konfransda iştirak edən bəzi analitiklər hətta öz ölkələrinin də müəyyən məsələlərdə Azərbaycana qarşı ikili standartlar siyasəti yürütdüklərini etiraf ediblər. Məsələn, ABŞ-ın Hərbi Dəniz Donanması Ali Məktəbinin professoru Brenda Şafer öz ölkəsinin bu yaxınlarda açıqlanmış Təhlükəsizlik Strategiyasında ABŞ-ın Ukrayna və Gürcüstanın ərazi bütövlüyünü və Ermənistanla Azərbaycan arasında sülhü təşviq etməli olduğunun qeyd edildiyini bildirdi. Ekspert açıq mətnlə bildirdi ki, bu sözlər açıq-aşkar Azərbaycanın ərazi bütövlüyünü təşviq etmir. Məsələnin maraqlı tərəfi isə budur ki, xanım Şafer bu prinsipin müəyyən ölkələrə şamil edilib, digərlərinə edilməməsinin səbəbini ABŞ-da deyil, Azərbaycanda axtarır. Səbəb isə, cənab Prezident İlham Əiyevin dediyi kimi, Azərbaycana qarşı açıq-aşkar böyük ədalətsizlik olması və müəyyən mənada keçmiş sovet ölkələrinin ərazi bütövlüyü məsələlərinə metodoloji yanaşmada yenidən ayırıcı xətt çəkmək cəhdləridir. Məhz bu səbəbdən ABŞ prezidentlərinin rəsmi bəyanatlarında, eləcə də Gürcüstan, Moldova və Ukrayna liderlərinə məktublarında bu ölkələrin ərazi bütövlüyünə dəstəklə bağlı hər zaman açıq-aşkar ifadələr yer alıb. Azərbaycana münasibət isə tam fərqli olub. İşğal dövründə isə bu münasibət daha ədalətsiz və haqsız idi. Təbii ki, həmin dövrdə Azərbaycan bu məsələyə daha həssas yanaşırdı. Lakin indi bu həssaslıq çox dəfələrlə azalıb və bu da regionda 2020-ci ildən sonra formalaşmış yeni geosiyasi reallıqların daha bir təzahürüdür. Azərbaycan 44 günlük Vətən müharibəsini tarixi Qələbə ilə başa vuraraq BMT Təhlükəsizlik Şurasının qətnamələrini özü icra etdi. Daha önəmli olan budur ki, Ermənistan özü ötən ilin oktyabrında Praqa Bəyannaməsini, yenə də ötən ilin oktyabrında Soçi Bəyannaməsini imzalamaqla, 1991-ci il Almatı Bəyannaməsinin normallaşma üçün əsas kimi götürülməli olduğunu təsdiqləməklə, faktiki olaraq Azərbaycanın ərazi bütövlüyünü Qərbdəki bəzi dostlarından daha açıq şəkildə tanıyır.”

K.Qafarov beynəlxalq konfransda Türk Dövlətləri Təşkilatının inkişafında Azərbaycanın rolu ilə bağlı məsələnin müzakirə olunmasının önəmli bir məqam olduğunu vurğulayaraq deyib: “Böyük Britaniyanın Xarici İnkişaf İnstitutunun qlobal risk üzrə eksperti İlayda Nicharın sualını cavablandırarkən cənab Prezident İlham Əliyev bir neçə önəmli məqamla bağlı ətraflı açıqlamalar verdi. İlk növbədə, dövlətimizin başçısı bildirdi ki, Azərbaycan Türk Dövlətləri Təşkilatının bütün fəaliyyəti dövründə son dərəcə fəal və təşkilatın tərkibində daim ən mühüm ölkələrdən biri olub. Təşkilatın yaradılması haqqında bəyannamənin 10 il bundan əvvəl Naxçıvanda qəbul edilməsi də çox önəmli faktordur. Sonradan təşkilatın adının dəyişdirilməsi məsələnin mahiyyətini dəyişmir. Vacib olan budur ki, təşkilatın bütün üzvləri əsas məqsəd uğrunda, yəni Türk Dövlətləri Təşkilatının daha vacib beynəlxalq oyunçuya çevrilməsi üçün daha böyük səylə çalışmalıdırlar. Prezident İlham Əliyevin dediyi kimi, təşkilat qlobal güc mərkəzlərindən biri ola bilər və olmalıdır. Buna bir çox resurs və imkanlar – əhali, coğrafiya, nəqliyyat marşrutları, Avrasiya komponenti, enerji ehtiyatları şərait yaradır”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki