image-musbackend

Kreml Ermənistanı qurban verəcək: Erməni protektoratlığı yaradıla bilər

image-reklam_sirab_01

Ermənistanda “müftə bəslənmə” praktikasına sadiq qalan siyasi dairələr ölkənin yeganə xilas yolunu Rusiya-Belarus ittifaq dövlətinin tərkibinə daxil olmaqda görürlər; Ancaq Rusiya böyük geopolitik oyunlarda alətə çevrilən Ermənistanı yaxın gələcəkdə Azərbaycan-Türkiyə ittifaqına güzəştə gedə bilər…
Ermənistanda Rusiyadan narazıdırlar. Rəsmi İrəvan Kremldən umduğu dəstəyi ala bilmir. Və Ermənistanda dərin məyusluq yaradan bu durum getdikcə rəsmi İrəvan üçün daha da təhlükəli istiqamətlər almaqdadır.

Ermənistan cəmiyyətində Rusiyaya qarşı güclənən etiraz dalğasının əsas səbəbi də məhz bununla birbaşa bağlıdır. Erməni siyasi dairələri bu vəziyyətdən çıxış yolu tapmaqda çətinlik çəkirlər. Ümumiyyətlə, belə bir çıxış yolunun ola biləcəyinə də artıq ciddi şəkildə şübhə etməyə başlayıblar.

Rusiya mətbuatında erməni diasporunun təsiri olduqca güclüdür. Erməni diasporu bu gücü Rusiyada Azərbaycana və Türkiyəyə qarşı qara propoqanda qurmaq üçün istifadə edirlər. Kremlin Cənubi Qafqaz siyasətinə və Türkiyə ilə münasibətlərinə təsir etrməyə, hətta onu yönləndirməyə cəhd göstərirlər.

Ancaq nəticə uğursuzdur. Taleyüklü, prinsipial qərarların qəbul edilməsinə növbə çatanda erməni diasporunun Azərbaycan və Türkiyəyə qarşı bahalı qara propoqanda əməliyyatlarının iflasa uğradığı məlum olur. Kreml erməni diasporunun və Ermənistanın ümid bəslədiyi addımlara həvəs göstərmir. Əksinə, Ermənistanı daha da ağır vəziyyətə salan qərarlar qəbul edir.

Bunun səbəbləri Rusiya siyasi dairələrində konkret arqumentlər ilə izah olunur. Kremldə əlbəttə ki, erməni diasporunun lobbi fəaliyyətinin təsiri olan Rusiya dövlət orqanlarının mövqeyi nəzərə alınır. Ancaq Kreml üçün erməni diasporunun və lobbi fəaliyyəti ilə təsir altına düşə bilən dövlət orqanlarının mövqeyi mütləq xarakter daşımır. Kreml Rusiyanın dövlət maraqlarını hər şeyin üzərində tutmağa üstünlük verir.

Təbii ki, bütün bunların baş verməsində Rusiya prezidenti Vladimir Putinin xüsusi rolu var. Yekun qərarları məhz Kreml sahibi qəbul edir. Və Rusiya lideri Rusiyanın dövlət maraqlarının olduğu yerdə prinsipial davranmaqda tərəddüd göstərmir.

Maraqlıdır ki, Rusiya prezidenti Vladimir Putin son dövrlərdə bunu bir neçə dəfə sübut edib. Məsələn, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Cənubi Qafqazın gələcək taleyi ilə bağlı anlaşıb. Eyni zamanda, dünya siyasət məkanında da Türkiyə-Rusiya strateji tərəfdaşlığına üstünlük verib.

Ermənistan cəmiyyətində bütün bunlar böyük məyusluq və ruh düşkünlüyü yaradır. Bu düşmən ölkədə Ermənistanın strateji müttəfiqi olan Rusiyaya artıq güvənmirlər. Bütün problemlərə görə Rusiyanı günahlandırırlar. Hətta Rusiya ilə yanaşı, prezident Vladimir Putini də suçlayaraq, təhqir edirlər.

Ermənistan mətbuatına və sosial şəbəkələrin erməni seqmentinə diqqət etdikdə, bu düşmən ölkədə rusafobiyanın sürətlə dərinləşdiyi qənaətinə gəlmək olar. Ermənistan cəmiyyəti bütün fəlakətləri məhz Rusiyanın mövqeyində axtarır. Rusiyanı Ermənistanı satmaqda, erməni toplumuna xəyanət etməkdə suçlayır.

Ermənistan cəmiyyətində hələ də anlaya bilməyiblər ki, hər bir dövlətin, Rusiya kimi nəhəng ölkələrin strateji maraqları olur. Həmin ölkələrin davranışları da məhz strateji maraqlara uyğunlaşdırılır. Və Kreml öz strateji maraqlarını Ermənistan kimi kiçik, həm də faydasız ölkənin kaprizlərinə qurban verə bilməz.

Dövr dəyişib, dünyada və Cənubi Qafqazda yeni şərtlər, reallıqlar fərqli maraqları ön plana çıxarıb. İndi Rusiyaya ötən əsrin 90-cı illərində olduğu kimi, “erməni kartı” ilə oynamaq faydalı deyil. Daha Ermənistan Kreml üçün hərbi-siyasi əhəmiyyət kəsb etmir. Və iddiaları dəyişməyən erməni toplumu sürətlə dəyişən dünyada Rusiyanın strateji maraqları qarşısında artıq ciddi problemə çevrilməyə başlayıb.

Çünki Rusiyanın Ermənistan ilə strateji müttəfiqliyi heç bir fayda vermir. Əksinə, bu, Rusiyanın çiynində ağır yükə çevrilib. Və yalnız Ermənistanın bitib-tükənməyən istəkləri ilə məhdudlaşır.

Azərbaycanın tarixi zəfəri ilə yekunlaşmış 44 günlük savaşın yaratdığı yeni geopolitik reallıqlar çərçivəsində Ermənistan regional əhəmiyyəti də qalmayıb. Ermənistan Rusiyanın formal müttəfiqinə və böyük geopolitik oyunda sadəcə, faydalı olmayan alətə çevrilib. İndi Cənubi Qafqazda Azərbaycan, Türkiyə və Rusiya kimi güclü geopolitik oyunçuların strateji hədəfləri tamamilə fərqli maraqlara söykənir. Ermənistan isə həmin strateji hədəflərdə və dəyişən yeni maraqlarda demək olar ki, elə bir ciddi rola malik deyil.

Hətta son müşahidələrə dayanaraq, Kremlin Ermənistan kimi zəif və yararsız geopolitik aləti Rusiyanın daha önəmli hədəfləri naminə qurban verməyə hazır olduğunu da düşünmək olar.

Rusiya üçün hazırda beynəlxalq rəqibləri ilə mübarizədə strateji üstünlüklərin qazanılması daha taleyüklü vəzifədir. Ona görə də Kreml beynəlxalq rəqiblərin münasibətlərində yaranan ən xırda ziddiyyətlərdən belə, istifadə etməyə çalışır. Eyni zamanda, belə ziddiyyətləri müəyyən etdikdə məmnuniyyətlə onları daha da dərinləşdirməyə cəhd göstərir.

Son vaxtlar Türkiyənin ABŞ və NATO ilə ziddiyyətləri də bu baxımdan, Kreml üçün olduqca cəlbedicidir. Rəsmi Ankaranın Kremldən bəzi gözləntiləri var. Türkiyə ilə bəzi məsələlərə münasibətdə maraqları uzlaşan Kreml rəsmi Ankaranın gözləntilərinə həssas yanaşır. Çünki, Cənubi Qafqazın lider dövləti Azərbaycan ilə strateji müttəfiq olan Türkiyənin Rusiyaya yaxınlaşması Kremlin geopolitik və beynəlxalq maraqları baxımından, böyük əhəmiyyət daşıyır. Və Türkiyənin həm ABŞ, həm də NATO ilə ziddiyyətlərinin dərinləşməsinə əlavə stimul verə bilər.

Məsələ ondadır ki, ABŞ-ın Türkiyə kimi güclü müttəfiqini itirməsi, hətta daha sonra onunla rəqibə çevrilməsi Rusiyanın işinə yarayır. Üstəlik, NATO-nun da bu hərbi-siyasi alyansda öz gücünə görə ABŞ-dan sonra ikinci sırada olan Türkiyədən məhrum qalması Rusiyanın beynəlxalq mövqelərini ciddi şəkildə möhkəmləndirə bilər. Sadəcə, bütün bunlara paralel olaraq, Türkiyənin məhz Rusiya ilə yaxınlaşması lazımdır. Və Kreml buna nail olmaq üçün hər şeyə hazırdır, əlindən gələni də böyük həvəslə edir.

Bütün bunları nəzərə aldıqda, Ermənistanı Türkiyə-Azərbaycan ittifaqına qurban vermək üçün kifayət qədər ciddi arqumentləri mövcuddur. Bundan Kremlin itirə biləcəyi demək olar ki, heç nə yoxdur. Çünki Kreml Ermənistandan Rusiyaya lazım olan hər şeyi artıq alıb. Hətta Ermənistanı belə, bütövlükdə öz qeyri-rəsmi quberniyasına çevirib. Və indi lazımsız geopolitik yükə çevrilən Ermənistanın kaprizlərinə ilişib, qalmaq, erməni sərsəmləmələrinə əhəmiyyət vermək Rusiyaya yalnız problem yarada bilər.

Ermənistanın siyasi dairələrində də bu reallığı artıq anlamağa başlayanlar olmamış deyil. Onlar yaxınlaşan böyük təhlükənin fərqinə varmağa, Rusiyanın himayəsini itirməklə yanaşı, Ermənistan dövlətinin də yox olacağını anlamağa başlayıblar. Və bu səbəbdən də tez-tələsik çıxış yolu təklif edirlər.

Məsələ ondadır ki, Ermənistan cəmiyyətində nüfuzu olan bəzi politoloqlar Ermənistanın suverenliyini müvəqqəti də olsa, qurban verməyin vacibliyini qabardırlar. Onların fikrincə, indiki situasiyada Ermənistan üçün öz mövcudluğunu qorumaq baxımından, yeganə çıxış yolu Rusiya-Belarus ittifaq dövlətinin tərkibinə daxil olmaqdır. Və yalnız bu halda, regionun xəritəsində Ermənistan adlı coğrafi məkanın mövcudluq şansı qala bilər.

Ancaq böyük geopolitik oyunlarda sadəcə, alət rolunda qalanların verdiyi qurbanlar o qədər də ciddi əhəmiyyət daşımır. Ona görə də, Ermənistanın suverenliyinin müvəqqəti qurban verilməsi də Kreml üçün cəlbedici görünməyə bilər. Və Rusiyanın cibində zərərli yükə çevrilmiş Ermənistanın “müftə bəslənmə” praktikasına Belarusun da ortaq olmağa həvəs göstərəcəyi qətiyyən inandırıcı deyil.

Ona görə də, daxili maliyyə-iqtisadi resursları olmayan, etibarlı müttəfiqlərdən məhrum Ermənistan bundan sonra Azərbaycan, Türkiyə və Rusiya arasında sıxılmış vəziyyətdə qalacaq. İndiki situasiya dəyişməzsə, Rusiya böyük ehtimalla Ermənistanı yaxın gələcəkdə Azərbaycan-Türkiyə ittifaqına güzəştə gedə bilər. Bu isə Ermənistan üçün sadəcə, Azərbaycan-Türkiyə ittifaqına bağlı protektorata çevrilmə perspektivi vəd edir.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
İstinad :”Yeni Müsavat” 

image-004821fae7991696e809ed2abb664862-1


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki