image-2backend

Laçın rayonunun yenidən bərpası ölkə iqtisadiyyatına töhfələr verəcək

image-reklam_sirab_01

2020-ci il dekabrın 1-də üçtərəfli Bəyanata əsasən işğaldan azad olunan Laçın rayonunun iqtisadiyyatının əsasını vaxtilə heyvandarlıq, bitkiçilik, arıçılıq və qismən də bağçılıq və bostançılıq təşkil edib. Bu mənada gözlənilir ki, Azərbaycanın ərazi baxımından ən böyük rayonlarından biri olan Laçın ölkə iqtisadiyyatına həmin sahələrdə mühüm töhfə verə biləcəkdir.

İşğaldan əvvəl rayonda müxtəlif sənaye, avtonəqliyyat müəssisəsi, ticarət, ictimai iaşə, rabitə, kommunal müəssisələri və digər müəssisələr fəaliyyət göstərirdi. Bu ənənəni nəzərə alanda Laçın rayonunu ölkə iqtisadiyyatının digər sahələrində də, xüsusən, sənaye sahəsində təcrübəyə malik bölgələrindən biri hesab etmək olar. Bundan başqa, Laçın rayonunda yundan toxunan at çulu, palaz, kilim, xalça, zili, xurcun öz gözəlliyi və orijinallığı ilə seçilirdi. Rayonda əmək qabiliyyətli əhalinin təxminən 82 faizi kənd əhalisi olub. Bu göstərici rayonun iqtisadi həyatında kənd təsərrüfatının tutduğu əsas yerin əyani göstəricisi hesab edilə bilər. Əhali burada əsasən heyvandarlıqla məşğul olmuş və iribuynuzlu mal-qara, arı, qoyun və keçi saxlayıb.

1992-ci ildə ərazisi erməni işğalına məruz qalan Laçın rayonunun əsas təsərrüfat subyektləri Ağcabədi rayonunun Taxta körpü ərazisində müvəqqəti fəaliyyət göstərməyə başlayıb. Rayon üzrə 109 sahibkarlıq subyekti mövcuddur. Rayon üzrə fermer və şəxsi təsərrüfatlarda 33 min 362 başdan çox iribuynuzlu mal-qara, 171 min 736 başdan çox xırdabuynuzlu heyvanlar saxlanılır.

Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin 2020-ci il noyabrın 10-da imzaladığı üçtərəfli Bəyanata əsasən Laçın rayonu Azərbaycana qaytarıldı və Azərbaycan Ordusunun bölmələri dekabrın 1-də rayonuna daxıl oldular.

Bu gün rayonda bərpa-quruculuq işlərim sürətlə həyata keçiririlir. 2021-ci ilin 14 fevral və 16 avqust tarixlərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Laçın rayonunda səfərdə olmuş və  fevralın 14-də Güləbird kəndində Azərbaycan bayrağını qaldırmışdır.

2022-ci il iyunun 26-da və sentyabrın 21-də Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad olunmuş Laçına növbəti səfərləri zamanı isə ölkə başçısı Kəlbəcər-Laçın avtomobil yolunun inşası prosesi, “Qorçu” elektrik yarımstansiyasında görülən işlər, Laçın Beynəlxalq Hava Limanında aparılan tikinti işləri, uzunluğu 72,8 km olan Kəlbəcər-Laçın avtomobil yolunda yeni inşa edilən tunel və “Həkəriçay” su anbarı layihəsi ilə tanıçlığı olmuş və  Laçın şəhərində inşa ediləcək “Laçın” qovşaq yarımstansiyasının təməlqoyma mərasimində iştirak etmişdir.

Laçının qaytarılması ilə Azərbaycan-İran sərhəddi tam bərpa edilmiş, hazırda   Laçın rayonunda fərqli təyinatlı infrastruktur layihələri reallaşdırılır, yeni infrastruktur yaradılır, uzunluğu 72,8 kilometr olan Kəlbəcər-Laçın avtomobil yolu və regionun strateji əhəmiyyətini artıran Laçın hava limanı tikilir.

Bu il də rayonda quruculuq işləri sürətlə davam edib. Laçın rayonunun Güləbird, Şəlvə kəndlərinin, Qorçu qəsəbəsinin təməli qoyulub, “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin 110/35/10 kv-luq “Laçın” şəhər, 110/35/10 kv-luq “Qorçu” yarımstansiyalarının, “Mişni” və “Alxaslı” Kiçik Su Elektrik stansiyalarının, 2 nömrəli tam orta məktəbinin, “Həkəri Balıq Təsərrüfatı”nın, “Hoçazfilm” yaradıcılıq studiyasının çəkiliş pavilyonunun, Laçın rayonunun sənaye zonasında mebel fabrikinin açılışı olub, mehmanxana kompleksinin təməli qoyulub.

Sevindirici haldır ki, bu il ilk dəfə böyük təntənə ilə “Laçın Şəhəri Günü” keçirilib, ölkəmizin başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu şənliklərdə iştirak ediblər.

Laçında quruculuq işləri böyük templərlə davam etməkdədir.  2023-cü ilin yanvar-sentyabr aylarında azad edilmiş rayonlarda tikinti quraşdırma işlərinə 3 milyard 870 milyon 593 min manat vəsait sərf edilib. Bu dövrdə tikinti quraşdırma işlərinə sərf edilən vəsait 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə Laçında 7,5 dəfə artırılıb və hesabat dövründə ən çox vəsait Laçın (983 milyon 43 min manat) rayonuna ayrılıb.

Rayonda həyata keçirilən işlər, aparılan tikinti-bərpa işlərinin gedişatı artıq Laçınlıların öz doğma şəhərinə qayıdışına imkan verib. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, keçmiş məcburi köçkünlərin bərpa edilən və yenidən qurulan Laçın şəhərinə qayıdışı başlanılıb. Belə ki, bu ilin noyabr ayına kimi Laçın şəhərində 346 ailə, yəni 1326​ nəfərin daimi məskunlaşması təmin edilib. Həmçinin Zabux kəndinə də ümumilikdə  475 nəfər olmaqla 121 ailə köçüb, bu ailələr yeni mənzillərlə təmin olunublar.

Laçın rayonunun kənd təsərrüfatı sahəsində kifayət qədər böyük ənənəyə, eyni zamanda, tikinti-inşaat sahəsində əhəmiyyətli xammal ehtiyatlarına malik olması buranın qısa zamanda sosial-iqtisadi inkişafına imkan yarada biləcəkdir.

Adil Hüseynov – Azərbaycan Dövlət İqtisad Universitetinın dosentı, iqtisadiyyat üzrə fəlsəfə doktoru

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki