image-img-20221216-wa0017backend

Laçın-Şuşa-Xankəndi yoluhda etiraz aksiyaları dəstəklənir

image-reklam_sirab_01

Azərbaycanın Qarabağ iqtisadi rayonunda müvəqqəti yerləşmiş Rusiya sülhməramlıları kontingentinin (RSK) məsul olduqları ərazilərimizdəki ermənilər Volkov-Vardanyan tandeminin aşkar girovlarına çevriliblər. O da əbəs deyil ki, artıq bir neçə gündür, Şuşadan Xankəndiyə aparan Laçın yolu üzərində Qarabağ cinayətkar-separatçı rejiminin ekologiyamıza vurduğu hədsiz, dəhşətli zərər və ziyanların aradan qaldırılması istiqamətində kütləvi etirazlar davam edir.
Həmin aksiyada iştirak edən şəxs olaraq həm də belə nəticəyə gəlirəm ki, bu tələblərin daxilində yalnız Qarabağdakı ekologiyamıza qarşı davam edən terror münasibəti dayanmır, eyni zamanda, faydalı qazıntılarımızın, qızıl və s. yataqlarımızın qanunsuz istismarına qarşı etirazlar da dayanır. Üstəlik, həm də üçtərəfli bəyanatda yer alan digər həll edilməmiş məlum məsələlər də məhz buraya aiddir. Daha dəqiq desək, bütün bunlar bir-biri ilə sıx bağlı olan məsələlərdir və həmin məsələlərin dərhal həll edilməsi artıq geriyə atılmayacaq tələblərə söykənir.
Maraqlıdır ki, Azərbaycan xalqının, vətəndaş cəmiyyətinin haqlı etirazları müqabilində yaranmış situasiyanı həll etmək yerinə qarşı tərəflər, xüsusilə Ermənistan hakimiyyəti və ona bağlı Qarabağ separatçı-cinayətkar rejimi, eləcə də general Volkovun timsalındakı havadarlar və Qərbin ermənipərəst dairələri cəhd edirlər ki, Bakı məhz Vardanyan kimi cinayətkar fərdlə hər hansı müzakirələrə getsin. Təbii ki, bu, ümumiyyətlə, mümkün olmayan bir məsələdir.
Bu gün Şuşada-Xankəndi üzərindəki Laçın yolu istiqamətində ekoterrora son qoyulması məqsədi ilə toplaşmış yüzlərlə Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçilərinin, ekoloqlarının, fəal insanlarımızın Vardanyana olan cavabı belədir – əslində, sənin bu kimi fikirlər bildirməyə nə hüququn, nə də ixtiyarın var. Yolu isə əsla Azərbaycan tərəfi bağlamayıb. Əks halda RSK-ya məxsus humanitar yüklərin Xankəndiyə buraxılmasına şərait yaradılmazdı.
Bu mənada, Ruben Vardanyan oynadığı oyunun uzun müddət davam etməyəcəyini ya anlamır, ya da hər şeyi çox gözəl anlayır. Sadəcə, heç nə əldə etməyəcəyini, əksinə, hər şeyini itirəcəyi oyunun nəticələrini bilə-bilə davam edir. Vardanyan onu da yaxşı bilir ki, oyunu uduzarsa, yaxud oyundan kənara çəkilərsə Kreml onu əfv etməyəcək. Yəni hər iki halda bu belədir. Bakı isə öz mövqeyini ən yüksək, qətiyyətli səviyyədə bəyan edib – heç bir separatçı, terrorçu və quldur ilə danışıqlar aparılmayacaq. Və ən maraqlısı budur ki, Kremldə planı cızılmış Vardanyan oyununun iflasa məruz qalacağı halda alternativ plan hazırlanmayıb. Beləliklə, ekoloqlarımız bu planı yerli-dibli dəfn etdi!
Keçək digər məsələyə. Yuxarıda da qeyd edildiyi kimi, Laçın-Şuşa-Xankəndi yolundakı vətəndaş cəmiyyətinin aksiyaları davam edir, ancaq hər kəsə aydındır ki, gec, ya da tez bu aksiya başa çatacaq. Ona görə də situasiyanı gecə-gündüz izləyən hər kəsi bir sual maraqlandırır: bəs bu aksiya nə ilə başa çatacaq? Çünki o da məlumdur ki, nəticə olmadan kimsə heç yerə getməyəcək və əksinə, aksiya iştirakçılarının da sayı axın-axın artacaq. Necə deyərlər, geriyə yol yoxdur.
Fransa XİN-nə gəldikdə isə, onların ümumiyyətlə, nə isə danışmağa, deməyə ixtiyarları yoxdur. Fransanın Azərbaycana olan münasibəti məhz Makronun simasızlığında, riyakarlığında bütün mənalardan özünü sübuta yetirib. Əslində, Azərbaycan Fransadan tələb edir ki, burnunu ölkəmizin daxili işlərinə salmasın və qeyd-şərtsiz (!!!-R.R.) olaraq çəkilib kənarda dayansın, nəyə görə belə vəziyyətə düşdüyünü özü üçün araşdırsın! Lakin daha bir faktor…
Noyabrın 14-də düz 8 nəfər azərbaycanlı Kəlbəcər rayonunun Çıraq kəndində piyadalar əleyhinə minalara düşdülər. Əvvəlcə minaya təmir-tikinti şirkətinin dörd əməkdaşı düşdülər, ardınca isə hadisə yerinə gedən daha dörd hərbi qulluqçumuz.
Nəticədə, bir vətəndaşımız həlak olub, qalanları isə müxtəlif dərəcəli xəsarətlər almaqla yaralanıblar. Bu fakt da sübut edir ki, erməni silahlı qüvvələrinin azərbaycanlılara qarşı terror siyasətləri davam edir. Və hazırkı dövrə qədər, yəni 1991-ci ildən 2021-ci ilə qədər mina qurbanlarına çevrilmiş azərbaycanlıların sayı 3355 nəfərdir! Ona görə də “yükdaşınma prosesinin qeyd-şərtsiz(???!!!) bərpa olunmasını” tələb edən Fransa XİN-i, yaxud “Laçın dəhlizinin blokadaya alınması ağır humanitar nəticələrə gətirib-çıxarıb”, deyə bəyan edən ABŞ-ın Dövlət Departamenti yenidən dərindən düşünməklə, əslində, nə demək istədiklərini daha müfəssəl, aydın izah etsinlər, nala-mıxa döyəcləməsinlər!
Yaxud, necə olur ki, Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Old 8 nəfər azərbaycanlı vətəndaşın minalara düşmələrinə görə narahat olduğunu və kədərləndiyini bildirir, fransalı, amerikalı başbilənlər isə tamamilə başqa istiqamətdən bəyanatlar yayırlar?
Cənab Ferqus Ol isə aparıcı ölkələr arasındakı səfirlərdən yeganə şəxsdir ki, səmimiyyət və ən əsası, əsl İNSANLIQ nümayiş etdirdi. Amma bizə “ağıl” qoymağa çalışan, “tələblər” irəli sürməyə cəhd edən ABŞ, Fransa kimi ölkələrin səfirləri isə ağızlarına su alıb susdular. Nədənsə heç Aİ-nin də səfirinin cınqırı çıxmadı…
Eyni hadisə ermənilərin başlarına gəlsəydi sizli-bizli indi elə hay-küylərin şahidlərinə çevriləcəkdik ki, gəl-görəsən! Bütün bunlardan sonra Laçın yolunda toplaşan və sülh, əmin-amanlıq istəyən Azərbaycan vətəndaşlarını az qala “terrorçu” kimi təqdim etməyə çalışan məlum dairələr yaxşı olardı ki, məhz Azərbaycanın ərazilərində -Xankəndidə və ətrafında baş alıb gedən özbaşınalıqları, cinayətkarlıqları, xüsusilə ekoterrorizmi araşdırıb bəlkə də ömürlərində bircə dəfə doğru-dürüst nəticəyə gəlsinlər. Yox, bunu etmirlərsə, ya da etmək istəmirlərsə bu zaman bir zəhmət – çəkilib bir kənarda dayansınlar və ayağımıza dolaşmasınlar, əks halda möhkəm əzilərlər!

Rövşən RƏSULOV – jurnalist

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki