Endirim kampaniyaları istehlakçıların alış qərarına təsir edən əsas marketinq vasitələrindən biri olaraq qalır.
Xüsusilə 50-70 faiz kimi yüksək endirimlər alıcıda məhsulu dərhal əldə etmək və fürsəti qaçırmamaq istəyi yarada bilir.
Lakin mütəxəssislər bildirirlər ki, endirimli məhsul almaq hər zaman qənaət demək deyil.
Marketoloq Marat Namazov açıqlamasında deyib ki, kampaniyanın məhdud müddət üçün təqdim edilməsi, “yalnız bu gün”, “son məhsullar” kimi ifadələrdən istifadə olunması istehlakçıda psixoloji təzyiq formalaşdıraraq qərarın daha sürətli verilməsinə səbəb olur.
Belə hallarda insan məhsula real ehtiyacının olub-olmadığını ikinci plana keçirə bilər. Onun fikrincə, alıcının endirimdən real fayda əldə edib-etmədiyini müəyyənləşdirməsi üçün yalnız endirim faizinə diqqət yetirmək düzgün deyil:
“Məhsulun kampaniyadan əvvəlki qiyməti və digər satış nöqtələrindəki dəyəri də müqayisə edilməlidir. Çünki bəzi hallarda yüksək endirim faizi göstərilsə də, məhsulun son qiyməti bazardakı adi qiymətdən ciddi şəkildə fərqlənmir”.
M.Namazov qeyd edib ki, istehlakçı özünə “Bu məhsula endirim olmasaydı, yenə də alardım?” sualını verməlidir. Əgər cavab mənfidirsə, bu alışın qənaətdən çox əlavə xərc yaratması mümkündür.
Marketoloq Samir Mehdiyev isə hesab edir ki, endirim kampaniyalarının əsas məqsədlərindən biri istehlakçının diqqətini cəlb etməklə yanaşı, onun alış səbətini genişləndirməkdir. Mağazaya konkret məhsul almaq üçün daxil olan şəxs endirimlərlə qarşılaşdıqdan sonra əvvəlcədən planlaşdırmadığı məhsulları da əldə edə bilər:
“80%-dək endirim” kimi ifadələr də diqqətlə qiymətləndirilməlidir. Belə təqdimatlarda bütün məhsulların 80 faiz ucuzlaşması nəzərdə tutulmaya bilər. Buna görə də istehlakçı endirim elanındakı faizə deyil, konkret məhsulun son satış qiymətinə baxmalıdır. Real endirimlər xüsusilə mövsüm sonlarında və stokların yenilənməsi zamanı daha çox tətbiq olunur.
Mağazalar yeni mövsüm məhsullarına yer açmaq və mövcud stokları satmaq üçün əvvəlki kolleksiyaları daha aşağı qiymətlərlə təklif edə bilirlər”.
Ekspert vurğulayıb ki, uzunmüddətli müştəri münasibətləri baxımından endirim kampaniyasının şəffaf olması vacibdir.
Böyük endirim faizi ilə istehlakçını cəlb etmək mümkün olsa da, müştərinin etibarını qorumaq üçün təqdim olunan qiymətin həqiqətən sərfəli olması əsas şərtlərdən biridir.Sfera.az


























