image-02backend

Mehriban xanım Əliyevanın Birinci Vitse-prezident kimi fəaliyyət kredosu

image-reklam_sirab_01

Keçdiyi mənalı ömür yolu, yüksək humanizmi, xeyirxahlığı və nəcibliyi, bənzərsiz ictimai fəaliyyəti ilə yüksək ehtiram sahibi olan Azərbaycanın birinci xanımı, Birinci Vitse-prezident Mehriban xanım Əliyeva tariximizin şanlı salnaməsinə öz dəst-xətti ilə daxil olan şəxsiyyətlərdəndir. Xeyirxah əməlləri ilə xalqının sevimlisinə çevrilən Heydər Əliyev Fondunun rəhbəri Azərbaycan qadınına xas olan ən gözəl xüsusiyyətləri özündə cəmləşdirən nəciblik missiyasını şərəflə yerinə yetirir.
UNESCO və ISESCO-nun xoşməramlı səfirinin çoxşaxəli fəaliyyəti, ölkəmizin xaricdə təbliği istiqamətində atdığı addımlar Azərbaycana böyük dvidendlər qazandırıb. Onun nəcib, xeyirxah missiyasının bəhrələri artıq özünü dünyanın ayrı-ayrı məkanlarında da göstərməkdədir. Heydər Əliyev Fondunun dəstəyi ilə müxtəlif ölkələrdə məktəblər, uşaq bağçalarının tikintisi, eləcə də muzeylərin, tarixi abidələrin bərpası da xoşməramlı aksiyaların tərkib hissəsidir. Qayğını və mərhəməti, dünya mədəni irsinin qorunmasını hədəf seçmiş, böyük humanitar layihələrin müəllifi kimi çıxış edən Heydər Əliyev Fondunun istər Azərbaycanda, istərsə də ölkə xaricində artan nüfuzunun arxasında məhz onun yüksək mənəvi və işgüzar keyfiyyətləri dayanır.
2016-cı il sentyabrın 26-da Prezident İlham Əliyevin təşəbbüsü əsasında Konstitusiya islahatları ilə bağlı keçirilən referendumunun nəticələrinə görə ölkədə Birinci vitse-prezidentlik institutunun yaradılması Azərbaycanda siyasi yenilik kimi tarixə düşdü və Birinci vitse-prezident kimi fəaliyyət göstərdiyi müddətdə Mehriban xanımın gördüyü işlər ölkə vətəndaşlarının dövlətə etimadını daha da artırmış oldu.
Mehriban xanım Əliyevanın timsalında Azərbaycan qadınının cəmiyyətdəki yeri, nüfuzu, işgüzarlığı, dövlətə layiqli xidmət missiyası bir daha aydın görünür. Ona görə Azərbaycan ictimaiyyəti bu təyinat zamanı əmin idi ki, Mehriban xanım Əliyeva tarixin, zamanın, dövlətimizin onun üzərinə qoyduğu bu məsul vəzifəni də ləyaqətlə, mühüm nailiyyətlərlə həyata keçirəcək. Çünki insanlar ondan indiyədək təmsil olunduğu statuslarda yalnız xalqa, vətənə layiqli xidmət məramı görüblər. Mehriban xanım Əliyevanın Birinci vitse-prezident kimi ilk müşavirələrini məcburi köçkünlərin və müharibə əlillərinin sosial problemlərinə həsr etməsi onun doğma torpağını müvəqqəti itirmiş vətəndaşlarımıza olan diqqətinin bariz təcəssümüdür.
Mehriban xanım Əliyevanın rəhbərliyi altında həyata keçirilən layihələrin istiqamətləri təhsil, səhiyyə, mədəniyyət, eləcə də sosial, ekologiya, idman və s. sahələri əhatə edir. Demək olar ki, heç bir sahə onun diqqətindən kənarda qalmır. Birinci Vitse-prezident kimi hər bir sahədə Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi kursun dəstəklənməsinə və uğur qazanmasına layiqli töhfələr verən Mehriban xanım Əliyevanın bu çərçivədə gördüyü işləri təhlil etsək, əmin olarıq ki, onun çoxşaxəli və geniş əhatəli fəaliyyəti Azərbaycanın bugünkü inkişafı içərisində çox böyük çəkiyə malikdir.
Qardaş Türkiyədə fevralın 6-da baş verən və böyük dağıntılara, çoxsaylı insan ölümünə səbəb olan zəlzələnin ilk saatlarından etibarən Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə bu təbii fəlakətin fəsadlarının aradan qaldırılmasına yardım üçün böyük işlər görüldü. Dərhal Türkiyəyə Heydər Əliyev Fondunun 2 humanitar yardım təyyarəsi göndərildi. Fondun qardaş ölkəyə ezam olunan əməkdaşları zəlzələdən zərər çəkmiş şəxslər üçün müxtəlif dərman preparatları, tibbi ləvazimat və avadanlıqlar, isti geyimləri fəlakət zonasına çatdırdılar. Bu gün hörmətli Mehriban xanımın rəhbərliyi ilə Heydər Əliyev Fondu tərəfindən Türkiyə üçün yardımların toplanıb çatdırılması, zəlzələdən ziyan çəkənlərə digər köməkliklərin göstərilməsi istiqamətində işlər davam edir və bu humanist missiyanın həyata keçirilməsində Mehriban xanıma uğurlar arzulayırıq.

Nur Axundlı – “Gənc Velosipedçilər” Ictimai Birliyinin sədri

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki