AZƏRTAC-ın əməkdaşı dünyanın ən məşhur şirkətlərindən biri olan “Instagram”, “WhatsApp” və “Facebook” şirkətlərini özündə birləşdirən “Meta” şirkətinin London ofisində olub.
Bu gün demək olar ki, yüz milyonlarla insan “Meta”nın sahib olduğu platformaların ən azından birini işlədir. Aygün Zərbəliyeva iki ildir “Meta” şirkətində çalışır.
Ulusal.az xəbər verir ki, o, “Meta”ya aparan yollar, işlədiyi layihələr, belə böyük bir şirkətdə çalışmağın məsuliyyətləri, həmçinin Azərbaycanın məşhur müğənnilərindən Aygün Kazımovanın oğurlanan instaqram səhifəsinin açılmasında göstərdiyi köməklik barəsində danışıb.
– Bizə “Meta”da gördüyünüz işlər haqqında məlumat verə bilərsinizmi?
– Mən artıq iki il yarımdır ki, “Meta” şirkətində reklamlara cavabdeh olan departamentdə biznes mühəndisi kimi çalışıram. Bundan əvvəl Azərbaycanda yaşamışam. Müxtəlif İT və telekommunikasiya şirkətlərində çalışmışam. Hansısa bir məqamda qərar verdim ki, yeni bir ölkə və şirkətdə özümü yoxlayım. Beləliklə, “Meta” şirkətinə keçdim. Hazırda “Meta”nın reklam texnologiyaları sferasında çalışıram. Məsələn, siz instaqram səhifənizdə vaxt keçirirsiniz və ayaqqabı reklamı görürsünüz. Fikirləşirsiniz ki, mən son zamanlarda məhz belə ayaqqabılar axtarırdım. Bunun arxasında bir məntiq, böyük bir infrastruktur dayanır. Və yaxud reklamları şəkil, video, kataloq, anket kimi formatlarda görürsünüz. Bizim şöbə o texnologiyaları mükəmməlləşdirmək və müştərilərə daha yüksək səviyyədə çatdırmaqla məşğuldur.
– Bəzən mənə elə gəlir ki, “Meta” mənim ağlımdan keçənləri də oxuyur. Ümumiyyətlə, “Meta” bizə qulaq asırmı, bizi dinləyirmi?
– Çox adam soruşur ki, “Meta” sanki bilir ki, bizə nə lazımdır, nə axtarırıq, nə barəsində danışırıq, nə barəsində ümumiyyətlə fikirləşirik. Necə olur ki, biz instaqramı açan kimi bunları reklam olaraq görürük? Təbii ki, “Meta” səsə qulaq asmır, fikirləri oxumur. Sizə lazım olan reklamlar sizin axtarış tarixiniz əsasında, oradakı məlumatlara əsaslanaraq sizə göstərilir. Siz brauzerə daxil olub nəyisə axtaranda, hər hansı bir məhsula, hotelə baxanda, müxtəlif xidmət növlərinə axtarış verəndə bu məlumat piksel vasitəsilə sizin brauzerdən “Meta”nın sistemlərinə ötürülür. Siz bunu, öz axtarış tarixçənizə uyğun məlumatı reklam olaraq görmək istəmirsinizsə, bunu girib parametrlər bölməsindən söndürə bilərsiniz.
“Həyat məni özü yönləndirdi ki, mən bu sahədə irəli gedim”
– Aldığınız təhsilin indiki səviyyəyə çatmaqda necə bir rolu oldu?
– Təhsilin, ilk növbədə, mənə verdiyi ən böyük fayda düşdüyüm ətraf mühit baxımından oldu. Ətrafımdakı insanların mənimlə eyni maraqlarının olması mənə çox kömək etdi. Həm də informatikanın əsaslarını öyrənmək baxımından rolu oldu. Qrup yoldaşlarımdan kimsə informatikadan maraqlı məsələlər gətirirdi, biz hamımız onun üzərində işləyərdik. Mən universiteti bitirməmiş bu sahədə çalışmağa başladım. Sonra işdə maraqlı proyektlər üzrə işləmək fürsətim oldu. Həyat məni özü yönləndirdi ki, mən bu sahədə irəli gedim. Sonra həmən qrup yoldaşlarımla ömürlük dostlar olaraq qaldıq. Mənim təhsil aldığım dövrdə internetdəki resurslar indiki qədər əlçatan deyildi. İndi istədiyiniz bir sahəyə marağınız varsa, hətta marağınız olmasa da, sadəcə özünüzü yoxlamaq istəsəniz belə sizin qarşınızda sonsuz sayda imkanlar var. Kurslar götürə bilərsiniz, vebinarlara baxa bilərsiniz. Baza təhsiliniz fərqli olsa belə, həqiqətən də digər sahəyə marağınız varsa, internetdən siz bu sahəyə keçid üçün lazımi təhsili ala bilərsiniz.
– Londonda yaşamaq, “Meta” kimi çox böyük və tanınmış bir şirkətdə çalışmaq bir çoxlarının yəqin ki, xəyalıdır. Necə oldu ki, Londona köçmək qərarına gəldiniz və nəyə görə “Meta”nı seçdiniz?
– Mən Azərbaycanda 8 ildən çoxdur ki, “Simbrella” şirkətində çalışırdım. Bir gün anladım ki, Azərbaycanda çata biləcəyim ən pik nöqtəyə; öz ambisiyalarıma çatmışam, sevdiyim şirkətdə çalışıram, hər şey mənim üçün burada yaxşıdır. Bu məqamda düşündüm ki, başqa nə edə bilərəm. Onda qərara gəldim ki, özümü xarici şirkətlərdə sınayım. Xarici ölkə deyəndə həmişə Böyük Britaniya haqqında düşünmüşəm. Həyat yoldaşımla birgə fikirləşmişik ki, ya biz Azərbaycandan Britaniyaya köçəcəyik, ya da həmişə Azərbaycanda qalacağıq. Niyə məhz “Meta”nı seçdim? Mən, ilk növbədə, şirkətlərin mədəniyyəti ilə maraqlanıram. “Simbrella”da öyrəşdiyim dostluq və bir-birinə kömək üzərində qurulmuş mədəniyyəti istəyirdim ki, növbəti işlədiyim şirkətdə də hiss edim. Təbii ki, şirkətin böyük olmağı da önəmli amildir. Çox böyük kütlələrin, çoxsaylı insanların gündəlik həyatına təsir edən prokeytlər üzərində işləmək çox həyəcanlı bir şeydir. Mən də bir neçə böyük şirkətə müraciət etdim və təklif aldım. Bu təkliflər arasında mənə ən yaxın “Meta” oldu. Bura köçdükdən bir il sonra əkiz uşaqlarım oldu. Öz çətinlikləri olan maraqlı bir dönəm idi. Bizim Bakıda öyrəşdiyimiz komfortlu həyatın tam əksi olan bir həyat tərzinə keçdik. Çətinlikləri olsa da bizim üçün çox maraqlı dəyişikliklər oldu.
– “Meta”da iş müsahibəsi prosesi necədir?
– İş müsahibəsi (intervyu) çox rahatdır və axımlıdır. Qarşına məqsəd qoyduqdan sonra gerisi çox rahatdır. Sizi işə götürən insanlar sizin üçün hər şeyi çox asan və əlçatan edirlər. Siz sənədlərinizi verdikdən sonra sizə zəng gəlir. Onlar bilmək istəyir ki, siz həqiqətən də burada çalışmaq istəyirsinizmi, siz nə ilə maraqlanırsınız, nəyə görə “Meta”nı seçmək istəyirsiniz. Ümumi suallar verirlər. Birinci texniki mərhələ olur və çox da çətin olmayan alqoritmik suallar verirlər. Siz onu 45 dəqiqə ərzində həll edirsiniz və onu keçdikdən sonra sizinlə bir daha görüşürlər. Sizə çoxlu sayda resurslar təklif olunur ki, siz növbəti mərhələyə hazırlaşasınız. Hansı kitabları oxumalı olduğunuzu, harada məsələlər həll etməli olduğunuzu sizə məsləhət görürlər. Son mərhələ bir neçə, adətən beş mərhələdən ibarət olur. Bu mərhələlərdən biri sizin davranış intervyunuzdur. Sizin köhnə proyektləriniz, müxtəlif situasiyaları necə həll etməyiniz ilə maraqlanırlar. Növbəti iki mərhələdə sizə sistem verilir. Məsələn, “Meta”nın “Messenger”in sistemini və ya “Instagram”ı necə dizayn edərdiniz, kimi suallar verilir. Əlbəttə, 45 dəqiqə içində “Instagram”ı dizayn etmək mümkün deyil. Onlar sadəcə sizin məsələyə yanaşmanıza baxırlar. Müxtəlif problemli situasiyaları hansı texniki fəndlərlə necə həll etməyiniz, sizin düşüncə tərziniz onlar üçün çox maraqlıdır. Təbii ki, alqoritmik mərhələlər də olur ki, sizə lap birinci intervyunuzda olduğu kimi alqoritmik məsələlər təqdim olunur və siz onları verilmiş zaman çərçivəsində həll edirsiniz.
– Şirkətdə neçə azərbaycanlı çalışır və xaricilər sizin Azərbaycandan olduğunuzu biləndə necə reaksiya verirlər?
– “Meta” şirkətində dünya üzrə təxminən 20 nəfər azərbaycanlı çalışır və London ofisində hazırda səhv etmirəmsə 4-5 azərbaycanlı var. Bizim çox gözəl münasibətimiz var. Biz çoxumuz Azərbaycandan bir-birimizi tanıyırıq. Xaricilər bizim ölkənin adını eşidəndə yeməklərlə maraqlanırlar. Son illərdə Azərbaycanla bağlı çoxlu maraqlı verilişlər var, “YouTube”da kanallar var və bizim mətbəximiz çox gözəl nümayiş olunur. Həmin yerlərə turlar götürmək haqqında soruşurlar. Məsələn, Azərbaycanın şimal bölgəsinə. Bakını çox yaxşı tanıyırlar. Alov qülləsini, onun fonundakı Bakı qalasını tanıyırlar, bu görüntünü çox sevirlər. Çox xoş olur ümumiyyətlə. Sadəcə, söz xətrinə yox, həqiqətən də ölkənin mədəniyyətini bilirlər, xoş yanaşırlar.
– “Meta”da çalışmağın üstünlükləri nələrdir?
– Şirkətin öz işçilərinə olan münasibəti çox gözəldir. Hər cür rahatlıqla, o cümlədən 3 dəfə pulsuz yeməklə təmin olunmuş ofislərdən işləmək imkanı var. Yüksək səviyyəli sığorta xidməti, ev tapmaq, uşaq baxımı, idmanla məşğul olmaq və s. kimi bir çox şəxsi məsələlərinizi həll etməniz üçün güzəşt paketləri verilir. Azərbaycandan relokasiya edən zaman bütün işləri şirkət öz boynuna götürür və siz bu prosesi demək olar ki, hiss etmirsiniz. Əgər sizin sağlamlığınızla yaxud mental durumunuzla bağlı çətinliyiniz varsa siz bu barədə danışıb ehtiyacınız olan qayğını alırsınız, psixoloqlarla danışmaq imkanınız olur.
– Səhv etmirəmsə bir neçə ay öncə Aygün Kazımovanın instaqram hesabı oğurlananda səhifənin açılması üçün ona kömək etmişdiniz. Hətta o, öz səhifəsində sizin haqqınızda paylaşım edərək, sizə təşəkkür də etmişdi…
– Təxminən dekabr ayında “Instagram”a daxil olanda təsadüfən Aygün xanımın profili rastıma çıxdı. Mən heç vaxt onun profilinə baxmamışdım, izləmirdim. Ancaq onun səhifəsini görəndə, profilini çox bəyəndim… Elə mən onun səhifəsini bir neçə həftədir izləyirdim ki, birdən qarşıma bir video çıxdı və gördüm ki, bu, onun postu deyil. Başa düşdüm ki, böyük ehtimalla kimsə səhifəni sındırıb. Çox pis oldum, çalışdım ki, onunla əlaqə saxlayım. Onun videolarının altındakı şərhlərin birində teleaparıcımızın şərhini gördüm və ona yazdım. Onun sayəsində Aygün xanımla əlaqə qurduq. Bundan sonra mənə detalları, səhifədə nə baş verdiyini dedilər. Mən də məsələni öz şirkətimizin daxilində qaldırdım ki, belə bir problem var. Azərbaycanın bu dərəcədə tanınmış, sevilən bir ulduzunun profili belə bir problemlə üzləşib. Şirkətdə çoxlu sayda insanlara yazdım. Bəzi komandalar Hindistan ofisimizdə otururdu, bəzi komandalar Dublin, ABŞ ofisində otururdu. Mənim günüm bütün zaman qurşaqlarına uyğunlaşmaqla keçirdi ki, görüm hansı zaman qurşağında çalışan iş yoldaşımla bu problemi həll edə biləcəyik. Bir qədər stresli və uzun yazışma tələb edən proses oldu.
– Çoxları da iddia edirdi ki, bu bir piar idi, reklam xarakteri daşıyırdı…
– Elə bir şey yox idi, mən bu problemi özüm gördüm. Bu, onun komandası və hamı üçün stresli bir dövr idi. Heç kəs başa düşmürdü ki, hadisələr necə baş verdi, bunu kim edib. Hamı çox istəyirdi ki, bu profil açılsın. Mən bunun şahidiyəm ki, bu piar addımı deyildi.
– Sizin yolunuzla getmək istəyən gənclərə nə məsləhət verərdiniz?
– Mənim “Meta”da və ya texnologiya şirkətlərində işləmək üçün ən böyük maneələrimdən biri bu idi ki, düşünürdüm burada işləmək xüsusi istedad tələb edir və bu istedad məndə yoxdur. İlk növbədə bunun öhdəsindən gəlməyi məsləhət görərdim. Azərbaycanda hər hansı bir şirkətdə işləyib özünüzü göstərə bilmirsinizsə, bu baza ilə hansısa böyük xarici şirkətdə çalışmaq imkanınız da olacaq. Gənclərə ilk növbədə məsləhətim özlərinə inanmalarıdır. Ondan sonrası isə asandır. “Meta”da çalışmaq rahatdır. Əgər kimsə burada çalışmağı düşünürsə və bilmirsə buna nədən başlasın, çox asanlıqla internetdə resursları tapıb, o resurslar üzrə hazırlaşa bilər.