Avropa Testləşmə Həftəsi ilə əlaqədar əhali arasında HİV infeksiyasının erkən aşkarlanması, testləşmənin əhəmiyyəti və sağlam həyat tərzi ilə bağlı maarifləndirmə məqsədilə Bakı şəhərində yerləşən Metro Park Ticarət Mərkəzində konfidensial müayinələr təşkil olunub.
Vətəninfo.az xəbər verir ki, tədbir Respublika QİÇS-lə Mübarizə Mərkəzinin təşkilatçılığı və AİDS-lə Mübarizə İctimai Birliyinin tərəfdaşlığı ilə həyata keçirilib.
Aksiya çərçivəsində ticarət mərkəzinə müraciət edən şəxslərə HİV infeksiyası, onun profilaktikası, yoluxma yolları və vaxtında testləşmənin əhəmiyyəti barədə məlumat verilib. Vətəndaşlara məxfilik prinsiplərinə riayət olunmaqla HİV üzrə müayinə və məsləhət xidməti göstərilib.
Təşkilatçılar bildiriblər ki, HİV infeksiyasının erkən müəyyən edilməsi şəxsin vaxtında tibbi xidmətə yönləndirilməsi və müvafiq müalicəyə başlanması baxımından mühüm əhəmiyyət daşıyır. Müasir tibbi imkanlar HİV-lə yaşayan insanların uzun və sağlam həyat sürməsinə şərait yaradır. Bu baxımdan mütəmadi testləşmə və maarifləndirmə tədbirləri ictimai sağlamlığın qorunmasında mühüm rol oynayır.
Avropa Testləşmə Həftəsinin əsas məqsədlərindən biri insanları öz sağlamlıqları barədə məlumatlı olmağa, HİV və digər infeksiyalar üzrə vaxtında testdən keçməyə və zəruri hallarda tibbi yardıma müraciət etməyə təşviq etməkdir.
Tədbir zamanı iştirakçılara həmçinin HİV-lə bağlı cəmiyyətdə mövcud olan yanlış təsəvvürlərin aradan qaldırılması, stiqma və diskriminasiyanın qarşısının alınmasının vacibliyi barədə məlumat verilib.
AİDS-lə Mübarizə İctimai Birliyi gələcəkdə də əhali arasında HİV-in profilaktikası, erkən diaqnostikası və sağlamlıqla bağlı maarifləndirmənin gücləndirilməsi istiqamətində tədbirlər həyata keçirməyi planlaşdırır.
Əlaqə:
AİDS-lə Mübarizə İctimai Birliyi
Bakı, Azərbaycan


























