image-img-20230925-wa0026backend

Milli həmrəyliyimizin təcəssümü olan bu Qələbə tarixdə əbədi qalacaq

image-reklam_sirab_01

Bu gün xalqımız ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin qətiyyəti, uzaqgörən siyasəti, ordumuzun güc-qüdrəti ilə nail olunan Zəfər sevincini yaşayır.

2020-ci il sentyabrın 27-də başlanan Vətən savaşı nəticəsində 44 gün ərzində döyüş meydanında Qələbəyə doğru inamla irəliləyən qorxmaz, cəsur əsgərlərimiz düşmənin işğal olunmuş torpaqlarımızdakı hərbi hissələrini, istehkamlarını, ön xətt mövqelərini, döyüş texnikalarını və infrastrukturunu, canlı qüvvəsini, cəbhənin dərinliyindəki atəş nöqtələrini, bazalarını darmadağın etdi, kəndlərimizi, strateji yüksəklikləri sürətlə tutdu. Rəşadətli Ordumuzun iradəsi və əzmi nəticəsində 4 oktyabrda Cəbrayıl, 17 oktyabrda Füzuli, 20 oktyabrda Zəngilan, 25 oktyabrda Qubadlı, 8 noyabr isə Azərbaycan tarixinə Qələbə günü kimi düşdü. Qarabağın tacı, ölkəmizin ən dilbər guşələrindən biri, muğamımızın beşiyi Şuşa mənfur düşmən tapdağından qurtuldu.
Vətən torpaqlarını işğaldan azad edən Rəşadətli və Müzəffər Ordumuzun həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar nəticəsində Ermənistan Respublikasının silahlı qüvvələri darmadağın edilərək, canlı qüvvə və texnika sarıdan böyük itkilər verərək geri çəkilməyə məcbur olmuş və döyüş meydanındakı acınacaqlı məğlubiyyətlərinin əvəzini çıxmaq üçün Azərbaycanın münaqişə zonasından və cəbhə xəttindən uzaqda yerləşən şəhər və rayonlarındakı mülki infrastruktur obyektlərini – yaşayış evlərini, xəstəxanaları, tibb məntəqələrini, məktəb binalarını, uşaq bağçalarını, dövlət qurumlarının inzibati binalarını, təsərrüfat təyinatlı əraziləri hədəf seçmiş, müxtəlif növ silahlarla, o cümlədən artilleriya və ballistik raketlərlə atəşə tutaraq insanlıq əleyhinə cinayətlər və müharibə cinayətləri törətmiş, mülki şəxsləri vəhşicəsinə qətlə yetirmiş, mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə irimiqyaslı zərər vurmuşlar.
Ali Baş Komandan tarixi torpaqlarımızı azad etdiyi kimi, indi o yurdları yenidən yaradır. Eyni zamanda ərazilərin bərpası ilə bağlı həyata keçirilən fəaliyyət dağlıq və düzən Qarabağ bölgələrinə yönəlik dövlət siyasətimizin yeni strategiyasının tərkib hissəsidir. Ölkə Prezidentinin bərpa siyasətinin bu istiqamətdə göstərilən birgə səylərlə uğurlu nəticələri milli birliyimizin daha bir əyani təcəssümünə çevriləcəkdir.
Azərbaycanın şanlı qələbəsini öz canları və qanları ilə yazan şəhidlərimizə rəhmət, qazilərimizə şəfa, müharibə iştirakçılarımıza sağlıq diləyir və hər birinin qarşısında baş əyirik. Həmçinin onların ailələri qarşısında baş əyirik. Şəhid, qazi və müharibə iştirakçılarının övladları və ailələrinə daha çox diqqət göstərməli, hər daim qayğısına qalmalıyıq. Ali Baş Komandan İlham Əliyevin də dediyi kimi bütün Azərbaycan xalqı şəhidlərimizlə, hərbçilərimizlə fəxr edir. Şəhidlərimizin əziz xatirəsi bizim qəlbimizdə əbədi yaşayacaqdır.

Xəlilova Aynur – politoloq


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki