image-04-23backend

Minlərlə Laçınlı bu ilin sonuna qədər öz doğma diyarına qayıdacaqlar

image-reklam_sirab_01

 

 

Yolunu gözlədiyimiz Qarabağ 44 gün davam edən Vətən Müharibəsi nəticəsində öz sahibinə qayıtdı. Bu Vətən müharibəsində canı və qanı bahasına səfərbər olan, etdiyi qəhrəmanlıqlarla dastan yazan Azərbaycan oğullarına borcluyuq. Bu günlərdə bütün Azərbaycan xalqı və dünya azərbaycanlılarının qəlbi eyni ümid işığı ilə döyünür və duaları eyni səmaya ucalırdı.

İşğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işləri və digər şəhər və rayonların dövlət başçısının diqqət mərkəzində olması, onların inkişafı, sakinlərin həyat səviyyəsinin yüksəldilməsi istiqamətində işlərin davam etdirilməsi müşahidə olunur.

28 mart 2023-cü il tarixində Prezident İlham Əliyev Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda xüsusi nümayəndəsinin təyinatı ilə bağlı qəbul edərkən xüsusilə bildirmişdir ki, “Laçın rayonu 28 il işğal altında idi və bu işğal dövründə rayonun, demək olar ki, bütün infrastrukturu Ermənistan tərəfindən məhv edilmişdir, ətraf mühitə böyük ziyan vurulmuşdur. Bütövlükdə bizim meşə fondumuzun qanunsuz istismarı nəticəsində 60 min hektar meşə ermənilər tərəfindən məhv edilib, kəsilib, talanıb, satılıb. Onun böyük hissəsi Laçın rayonunda olan meşə fondudur”.

İşğal dövründə ermənilər Laçında qanunsuz məskunlaşma siyasəti aparmışlar. Xaricdə yaşamış ermənilər həm Laçın şəhərinə, həm bir neçə kəndə gətirilmiş və orada yerləşdirilmişlər. Bu, bütün beynəlxalq konvensiyalara görə hərbi cinayət sayılır. Əfsuslar olsun ki, Ermənistan dövləti bu hərbi cinayətə görə hələ də məsuliyyətə cəlb edilməmişdir.

Eyni zamanda dövlət başçımız qeyd etmişdr ki, biz Laçını həm döyüş meydanında, həm siyasi yollarla qaytardıq. İkinci Qarabağ müharibəsi dövründə Laçın rayonunun işğaldan azad edilməsi əsas vəzifələrdən biri idi və biz faktiki olaraq Laçın rayonunun cənub hissəsini döyüşərək, vuruşaraq azad etdik. Güləbird və digər bir neçə kənd döyüş meydanında azad edilmişdir, biz Laçın-Xankəndi yoluna çıxmışdıq. Məhz bu əməliyyat nəticəsində, eyni zamanda, Şuşa şəhərinin erməni işğalçılarından azad edilməsi faktiki olaraq Ermənistan dövlətinin kapitulyasiyasına gətirib çıxarmışdır. Vaxtilə “Qarabağ Ermənistandır” deyən Ermənistan rəhbərliyi öz məğlubiyyətini qəbul etməyə məcbur olmuşdur və 2020-ci ilin noyabrın 10-da kapitulyasiya aktı Ermənistan tərəfindən imzalandı. Laçın rayonunun digər hissəsi – ən böyük hissə artıq siyasi yollarla azad edilmişdir.

Kəlbəcər-Laçın yolunun yenidən qurulması prosesinə start verilib. Göygöl rayonundan da Şərqi Zəngəzura yol çəkilir. Eyni zamanda, Qubadlı-Laçın yolu da sürətlə inşa edilir.

Müharibə başa çatan kimi Laçın rayonunun yenidən qurulması ilə bağlı işlərə start verilib. Birinci mərhələdə Laçın şəhərində 500-ə yaxın fərdi ev inşa edilir və ya ermənilər tərəfindən dağıdılmış evlər yenidən bərpa olunur. Çoxmərtəbəli səkkiz yaşayış binası yenidən qurulur, ya da ki, tamamilə əsaslı təmir olunur və 30-dan çox ictimai bina inşa edilir. Həmçinin Laçın şəhərində Heydər Əliyev Fondunun xətti ilə məscid inşa ediləcək.

Dövlət başçısı İlham Əliyev 31 dekabr 2022-ci il tarixli Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü xalqa müraciətində bildirmişdir ki, avqustun 26-da  nəzərdə tutulmuş vaxtdan xeyli əvvəl Laçın şəhərini də azad etdik və eyni zamanda, Laçın rayonunun Zabux və Sus kəndlərinə də qayıtdıq. Bu da böyük nailiyyətdir. Artıq Laçın şəhərində çox genişmiqyaslı quruculuq-bərpa işləri aparılır: “Əminəm ki, 2023-cü ildə laçınlıları Laçına qaytaracağıq, ilk keçmiş köçkünlər öz doğma torpağına qayıdacaqlar.”

Hal-hazırda rayonda abadlıq-quruculuq işləri görülür, avtomobil yolları, enerji və su təchizatı, daxili infrastrukturlar yaradılır, yaşayış məskənləri salınır. Görülən bütün işlər Prezident İlham Əliyevin şəxsi nəzarətindədir. Dövlətimizin başçısı rayona səfər edərək görülən işlərlə maraqlanır və hər səfərində yeni-yeni obyektlərin açılışında iştirak edir və  təməlini qoyur.

İnanırıq ki, yaxın gələcəkdə Laçın ölkəmizin ən inkişaf etmiş rayonlarından biri olacaq.

 

Aynur Xəlilova  – YAP üzvü

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki