“Azərbaycanımızın bu gün iqtisadi durumu, maliyyə durumu imkan verir ki, biz qələbələrin qazanılmasında iştirakı olan, canıyla, qanıyla döyüşən, vuruşan müharibə veteranlarımızın cənab Prezidentimiz tərəfindən təyin olunmuş 80 manat məbləğində olan müavinəti artırılsın”.
Bunu Redaktor.az-a veteranlara verilən müavinətin artırılması ilə bağlı danışan Milli Məclisin deputatı Elman Məmmədov dedi.
Millət vəkili vurğuladı ki, verilən 80 manat müavinəti cüzi yox, ən azı iki dəfə artırmaq olar:
“170-180, hətta 200 manat etmək də olar. Buna bizim maliyyə imkanlarımız var. Biz bunu kim üçün edirik? Vətənimiz üçün, torpağımız üçün, vətənimizin, torpağımızın azadlığının təmin olunması üçün, ərazi bütövlüyümüzün təmin olunması üçün döyüşən insanlar üçün edirik. Bu mütləq olmalıdır. Mən hesab edirəm ki, bütün Milli Məclisin deputatları hamısı bu fikirdədir. Azərbaycanın bugünkü maliyyə durumu ilə bağlı bu məbləğ çox azdır. Əgər maliyyə vəziyyətimizdə gərginlik olsaydı, deyərdik ki, bəlkə də lazım deyil. Ancaq bu, mümkündür və olmalıdır”.