27 Sentyabr qürur, fəxarət günümüzdür. Tarixi zəfərimizə aparan 44 günlük Vətən müharibəsinin başlandığı gün və bu müqəddəs savaşda 30 illik həsrətimizə canı və qanı bahasına son qoyan igid, qəhrəman oğullarımızın Anım Günüdür.
Düzdür, xalqımız bu müqəddəs günləri hər il milli iradənin, milli ruhun, ləyaqətin təntənəsi günü kimi qeyd edir. Amma məhz 2023-cü ildə, yəni müharibənin başlanmasının üçüncü ildönümündə bu əziz günü, ərazisinin suverenliyini tam təmin etmiş bir ölkənin vətəndaşları kimi qeyd etməyimiz ən böyük nemətdir.
Xalqımız bu Şanlı Zəfəri bizə yaşadan qəhrəmanlarımızla hər zaman fəxr edir. Şəhidlik zirvəsinə ucalaraq xalqın qəlbində əbədiləşən vətənpərvərlərimiz fəxarətlə anılır. Çünki onlar Vətəni bütün dəyərlərdən ali hesab etdilər, bizlər üçün, qüdrətli Azərbaycanın üçrəngli bayrağı ilə məsud yaşaması naminə canlarından keçib müqəddəsləşdilər. Xalqımızın həm hüznlə, həm də qürurla qeyd etdiyi Anım Günü ölməz qəhrəmanlarımızın əziz xatirəsinə, şəhid ruhlarına ümumxalq ehtiramın göstəricisidir.
30 il haqqı tapdanan dövlətin uğur hekayəsi
Bu savaş və qazanılan zəfər 30 il ikili standartlara məruz qalaraq haqqı tapdanan bir dövlətin, yurd-yuvası talan edilərək məşəqqətlər içərisində yaşamağa məcbur edilən bir xalqın əzminin, mübarizliyinin real təcəssümüdür.
Düz 30 il dünya Azərbaycan həqiqətləri qarşısında lal və kor oldu. Xristian təəssübkeşliyi, “səlibçi birliklər”in haqqı tapdanan azərbaycanlılara xain hücumları, şər-böhtanları bizi yolumuzdan döndərə bilmədi. Çünki bu yolda apardığımız mübarizədə qətiyyətli, uzaqgörən və dünyaşöhrətli liderlərimiz vardı.
Erməni yalanlarına, antiazərbaycançı şəbəkələrin şər-böhtanlarına sinə gərən Ulu Öndər Heydər Əliyev və onun siyasi məktəbinin ən layiqli yetirməsi cənab İlham Əliyev yürütdükləri diplomatiya ilə öncə haqq səsimizi dünyaya çatdırdılar və Ermənistanı işğalçı dövlət kimi tanıtdırdılar.
Ümummilli Lider Heydər Əliyev uzaqgörənlik və müdrikliklə Azərbaycanın hərtərəfli inkişafı, siyasi və iqtisadi müstəqilliyinin möhkəmləndirilməsi üçün böyük işlər gördü, sağlam təməllər yaratdı. Bu strategiyanı uğurla davam etdirən Prezident İlham Əliyev isə yeni əsrin qüdrətli lideri kimi Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirdi.
Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın əvəzedilməz xidmətləri sayəsində dünya birliyi Ermənistanın terrorçu dövlət olmasını, Azərbaycan torpaqlarını işğal etdiyini etiraf etməyə başladı. Dünyaşöhrətli lider kimi cənab İlham Əliyev dəvət olunduğu, iştirak etdiyi bütün beynəlxalq toplantılarda işğalçı Ermənistanın terrorçu siyasətini ifşa etdi, antiazərbaycançı şəbəkənin şər-böhtanlarını susdurdu.
Məhz cənab İlham Əliyevin, Mehriban xanım Əliyevanın yürütdükləri diplomatiya sayəsində dünya dövlətləri, beynəlxalq təşkilatlar tərəfindən Ermənistanın işğalçı dövlət olduğunu təsdiqləyən qətnamələr, bəyanatlar, sənədlər qəbul edildi. Dünyanın ən böyük siyasi təşkilatı olan BMT Təhlükəsizlik Şurasının Ermənistanın işğalçı ordusunun Azərbaycan torpaqlarını qeyd-şərtsiz tərk etməsi barədə qəbul etdiyi 4 qətnaməsı icrasız qalmışdı. Ancaq başqa dövlətlərin xeyrinə qəbul edilən hansısa sənədin mürəkkəbi qurumamış icrasını təmin edən bu ali qurum sıra Azərbaycana çatanda susqunluq göstərmişdi. Yəni qəbul etdiyi qətnamə 27 il arxivdə tozlandı. Münaqişənin sülh yolu ilə həll olunması üçün yaradılan ATƏT-in keçmiş Minsk qrupu yalnız artıq mövcud olmayan və Ermənistana sərf edən status-kvonun saxlanması üçün əlindən gələni etdi. İşğalçı dövlət isə bu cəzasızlıqdan yararlanaraq daha da həvəsləndi və Azərbaycana qarşı saysız-hesabsız təxribatlar törətdi.
Bütün bunlar sülhün tərəfdarı olan Azərbaycanın səbir kasasını doldurdu. Azərbaycanı siyasi-iqtisadi və hərbi cəhətdən dünyanın ən güclü dövlətlərindən birinə çevirən Prezident İlham Əliyev BMT qətnamələrinin icrasını təmin etdi – öz qüdrətli ordusunun gücü, öz Sərkərdə məharəti ilə. Bununla da cənab İlham Əliyev Müzəffər Ali Baş Komandan kimi Hayastanın 200 illik “Böyük Ermənistan” xülyasına son qoydu.
Böyük zəfərə aparan yol
Azərbaycan 30 ilə yaxın müddətdə ərazisinin 20 faizini işğal edən Ermənistanla danışıqlar apararaq münaqişəni sülh yolu ilə nizamlamağa çalışdı. Uzun illər danışıqlar heç bir nəticə vermədi, əksinə, aydın şəkildə müşahidə edildi ki, Ermənistan tərəfi, sadəcə olaraq, vaxt udmaq istəyir, status-kvonu möhkəmləndirməyə, əbədi etməyə çalışır. Prezident İlham Əliyev ölkənin ərazi bütövlüyünün bərpası üçün ilk növbədə iqtisadi gücün vacibliyini bəyan etmişdi. Bundan sonra düzgün strategiya və düşünülmüş məqsədyönlü siyasət nəticəsində Azərbaycan güc toplamağa başladı, iqtisadi müstəqillik təmin edildi, Azərbaycan iqtisadi cəhətdən heç kimdən, heç bir ölkədən, heç bir beynəlxalq maliyyə qurumundan asılı olmayan müasir dövlətə çevrildi, dünya üçün çox nadir inkişaf modelini yaratdı. Ölkənin iqtisadi cəhətdən yüksəlişi ordu quruculuğunda da dönüşə səbəb oldu, Azərbaycan Ordusunun arsenalı ən müasir silah və hərbi texnika ilə gücləndirildi, hərbçilərin bilik və bacarıqları artırıldı, onların sosial müdafiəsinin, iş şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atıldı. Azərbaycanın müdafiə sənayesi inkişaf etdirildi, ordunun daxili tələbatının böyük hissəsi ölkəmizin istehsalı hesabına təmin olundu. Azərbaycan 1000-dən çox adda hərbi təyinatlı məhsullar istehsal etməyə başladı və ən müasir silahların ixracatçısına çevrildi. Azərbaycan Ordusunun yüksək döyüş qabiliyyəti Azadlıq meydanında dəfələrlə keçirilmiş hərbi paradlarda bütün dünyaya nümayiş etdirildi.
Azərbaycan xalqı ötən 30 illik dövr ərzində işğalla barışmadı və ərazi bütövlüyünü bərpa etmək üçün sarsılmaz əzm göstərdi. Bütün bu amillər Azərbaycanın mütləq Qələbəsini tam şərtləndirdi və onun əldə edilməsi zaman məsələsinə çevrildi. Azərbaycan dəfələrlə Ermənistanı işğal etdiyi ərazilərimizdən geri qayıtmağa çağırdı. Lakin Ermənistan nəinki bu çağırışlara məhəl qoymadı, əksinə, Azərbaycanın yeni torpaqlarını işğal etməyə həvəsləndi, ardıcıl hərbi təxribatlar törətmək yolunu seçdi. 2016-cı ilin Aprel döyüşləri, 2018-ci ilin Günnüt döyüşləri də düşmənə dərs olmadı. 2020-ci ilin iyul ayında Ermənistan Azərbaycanla dövlət sərhədinin Tovuz istiqamətində növbəti hərbi təxribat törətdi. Bu dəfə də Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbə endirərək ona layiqli cavab verdi. Bu döyüşlərdə general-mayor Polad Həşimovun, polkovnik İlqar Mirzəyev və daha bir neçə zabitimizin qəhrəmancasına şəhid olması bir daha göstərdi ki, Azərbaycanın generalları və digər yüksək rütbəli zabitləri əsgərləri ilə birlikdə çiyin-çiyinə döyüşürlər.
Vətən müharibəsi – ədalətin bərpası
Tovuz döyüşləri 44 günlük Vətən müharibəsinin qığılcımı oldu. 2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti irimiqyaslı hərbi əməliyyatlara başlamasına, Azərbaycan Ordusunun mövqelərinə və mülki yaşayış məntəqələrinə atəş zərbələri endirməsinə cavab olaraq əks-hücum əməliyyatı işə düşdü, sonradan “dəmir yumruq” adını alan əməliyyat Vətən müharibəsinə çevrildi. 44 günlük Vətən müharibəsi dövründə Prezident, Ali Baş Komandan İlham Əliyev xalqa müntəzəm müraciətlər etdi. Bu müraciətlər Azərbaycan xalqını ayağa qaldırdı, onu yumruq kimi sıx birləşdirdi, müharibənin gedişatına və taleyinə güclü təsir göstərdi. Hər bir müraciət növbəti qələbələrin müqəddiməsinə çevrildi. Otuz ilə yaxın müddətdə işğal altında olan, hər bir azərbaycanlının dərd qaynağına çevrilən, xatırladıqca alnımızı qırışdıran Qarabağımız Müzəffər Ali Baş Komandan İlham Əliyevin mahir diplomatik bacarığı, ali rəhbər keyfiyyətləri, güclü sərkərdəlik məharəti sayəsində böyük qəhrəmanlıqla azad edildi. Noyabrın 8-də Şuşanın azadlığı ilə şanlı zəfərimizi qeyd etdik. Noyabrın 10-da Ermənistan kapitulyasiya aktına imza ataraq üzərinə öhdəlik götürdü. Əgər 44 günlük müharibədəki zəfərimiz cənab İlham Əliyevin sərkərdə məharətinin nəticəsidirsə, Ağdam, Laçın və Kəlbəcərin bir güllə atılmadan düşməndən təmizlənməsi isə Azərbaycan Prezidentinin diplomatik bacarığının təntənəsidir.
Qarabağ və Şərqi Zəngəzurun bərpası, Heydər Əliyev Fondunun əvəzsiz xidmətləri
Müharibə başa çatdıqdan sonra Azərbaycan Prezidenti Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaradılması haqqında sənəd imzaladı və işğaldan azad edilmiş torpaqlarımızda misli görünməyən tikinti-quruculuq işlərinə başlanıldı. Azərbaycan yalnız öz iqtisadi qüdrəti, yəni heç bir beynəlxalq təşkilatdan maliyyə yardımı almadan Böyük qayıdış proqramının icrasına başladı. Təkcə 2023-cü ildə Qarabağ və Şərqi Zəngəzurda layihələrin həyata keçirilməsinə 5 milyard 260 milyon manat məbləğində vəsaitin ayrılması bunu təsdiqləyən reallıqdır. Ötən 3 il ərzində işğaldan azad edilmiş ərazilərimizdə bütün infrastrukturlar qurulub və keçmiş məcburi köçkünlərimizin doğma yurd yerlərinə qayıdışına start verilib. Bu gün Zəngilanda, Laçında, Füzulidə, Talışda həyat yenidən qaynayır. Ardıcıl olaraq soydaşlarımızın köç karvanı üzü Qarabağa, Zəngəzura doğru hərəkət edir. Əlbəttə ki, bütün bunlar hər bir azərbaycanlının ürəyini dağa döndərir. Bu gün Qarabağ və Şərqi Zəngəzurda tarixi-dini və mədəni abidələrimizin bərpası prosesləri də davam etdirilir. Bu prosesdə məxsusi olaraq Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu əvəzedilməz layihələri – mədəni-dini irsimizi xalqa yenidən qaytarmaq missiyası xüsusi vurğulanmalıdır. Mehriban xanım Əliyevanın göstərişi ilə 30 ilə yaxın düşmən tapdağında qalan, dağıdılan, məhv edilən, təhqir olunan dini abidələrimiz, məscidlərimiz yenidən həyata qaytarıldı və bu istiqamətdə proseslər indi də davam etdirilir. Ümumiyyətlə, Heydər Əliyev Fondu fəaliyyət göstərdiyi ilk gündən Azərbaycanda müxtəlif sahələri əhatə edən layihə və proqramlar həyata keçirir. Fondun tarixi, mədəni və dini abidələrin qorunub saxlanması və bərpası istiqamətindəki fəaliyyəti hər kəs tərəfindən dəyərləndirilir. Bu gün isə qürur hissi ilə deyə bilərik ki, Heydər Əliyev Fondu qədim Qarabağ və Şərqi Zəngəzur torpaqlarında Azərbaycan xalqının milli sərvəti olan dini abidələrimizin, məscidlərimizin bərpasını həyata keçirməklə tariximizə çox böyük töhfə verir.
“Qisas”, “Qətiyyətli cavab”, suverenliyi tam təmin edən 23 saatlıq antiterror tədbirləri
Qarabağ və Şərqi Zəngəzurda yenidənqurma işləri Ermənistanı və onun havadarlarını yenə də ciddi narahat edirdi. Qarabağda qeyri-qanuni cinayətkar rejimin qalıqları mütəmadi olaraq hərbi təxribatlar törədərək Azərbaycanı yeni müharibəyə təhrik edirdilər. Amma ermənilərin hər təxribatında Azərbaycan Ordusu düşmənə layiqli cavab verirdi. Bunu “Qisas” və “Qətiyyətli cavab” əməliyyatlarının uğurlu nəticələri də təsdiqləyir. Havadarlarının dəstəyi ilə yenə də silahlanan və Xankəndidə qondarma quruma “seçkilər” keçirən rejimin mütəmadi olaraq təxribatlara əl atması Azərbaycanı öz torpaqlarında antiterror tədbirləri görməyə məcbur etdi. Azərbaycan dövləti bu il aprelin 23-də Laçın rayonunda sərhəd-buraxılış məntəqəsi yaratdı. Ermənistan və onun arxasında dayananlar ölkəmizə qarşı müxtəlif fitnələr ortaya atdılar. Amma heç bir təzyiq Azərbaycanı yolundan döndərə bilmədi. Prezident İlham Əliyevin söylədiyi kimi, 23 aprel Azərbaycanın ərazi bütövlüyünün tam bərpası demək idi. Sentyabrın 19-da isə Qarabağdakı separatçılar yenidən təxribat törətdilər və mina terroru nəticəsində polis əməkdaşları və mülki şəxslər həlak oldular. Buna görə də Azərbaycan Ordusu separatçı qüvvələrə qarşı antiterror tədbirlərinə başladı. Cinayətkar dəstələrə çox ağır zərbələr endirildi. Düzdür, 44 günlük müharibədən sonra Azərbaycan ərazi bütövlüyünü bərpa etmişdi, amma 23 saatlıq antiterror tədbirləri nəticəsində bütün ərazilərdə suverenlik tam bərpa edildi. Azərbaycan qarşıya qoyulan bütün hədəflərinə nail oldu, bütün kommunikasiyalar, yollar, yüksəkliklər nəzarətə götürüldü. İkinci Qarabağ müharibəsində gücünü nümayiş etdirən qüdrətli Azərbaycan birgünlük uğurlu antiterror tədbirləri ilə bir daha göstərdi ki, öz suveren ərazilərində “boz zona”nın yaranmasına imkan verməyəcək. Bu qələbə ilə Azərbaycan həm də bütün şərtlərini qəbul etdirdi və bundan sonra öz ərazisinə tam nəzarət edəcək. Bu əməliyyatla qeyri-qanuni cinayətkar rejim cəmi bir günə tərk-silah olundu və Azərbaycanın şərtlərini qəbul edərək ağ bayraq altında Yevlax şəhərində danışıq aparmağa hazır olduğunu bəyan etdi. Bir gün sonra Azərbaycan mərkəzi hakimiyyətinin təmsilçiləri ilə Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri ilə görüş keçirildi və bu, Ermənistanla Azərbaycan arasında sülhün imzalanma prosesinə müsbət impuls oldu. Azərbaycan Qarabağın erməni sakinlərinin xahişi ilə onlara humanitar yardımlar göndərərək, bir daha dünyaya humanist siyasətini, sülhsevərliyini nümayiş etdirdi.
Prezidentin çağırışına AHİK səfərbər oldu
Bu antiterror tədbirləri zamanı igid Azərbaycan oğulları şəhidlik zirvəsinə ucaldılar. Onlar canları bahasına Azərbaycanın suverenliyini tam təmin edən qəhrəmanlar kimi adlarını tarixə yazdırdılar. Ümumiyyətlə, Azərbaycan xalqı və dövləti Vətən uğrunda şəhid olan qəhrəman övladlarının işıqlı xatirəsini hər zaman əziz tutur, onları daim xüsusi ehtiramla yad edir, qazilərin əməyini yüksək qiymətləndirir və onlarla qürur duyur. Bu yolda canlarını belə əsirgəməmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq Prezident İlham Əliyev 27 sentyabr – Vətən müharibəsinin başladığı günün ölkəmizdə Anım Günü kimi qeyd olunması ilə bağlı sərəncam imzalayıb. Bu, şəhid ruhlarına, onların doğmalarına ən ali ehtiramın əlamətidir. Cəmiyyətimizdə şəhidlərin yeri ən ali məqamdadır. Həm dövlətimiz, həm də cəmiyyətimiz onlara layiq olduqları qiyməti verir. İstər şəhid ailələri, istərsə də qazilər və veteranlar hərtərəfli dövlət qayğıları ilə əhatə olunublar.
Hələ müharibənin gedişi zamanı Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ata-ana qayğısı ilə hospitala baş çəkərək yaralı əsgərlərimizlə görüşür, onlarla söhbətləşir, müalicə şəraitləri ilə maraqlanırdılar. Prezident və Mehriban xanım Əliyevanın çağırışı ilə şəhid ailələri və qazilərimizə layiqli xidmətlərin göstərilməsi prosesi bu gün də davam etdirilir. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və üzv təşkilatları tərəfindən görülən tədbirlərə nəzər yetirsək, görərik ki, müxtəlif dövrdə AHİK və onun üzv təşkilatları Vətən müharibəsi, ondan sonrakı dövrdə 15 milyon 890 min 160 manat vəsait xərcləyiblər. O cümlədən Vətən müharibəsi dövründə İcraiyyə Komitəsinin qərarları ilə AHİK və onun üzv təşkilatları tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fondunun hesabına 1 milyon 41 min 890 manat ianə edilib. Naxçıvan Muxtar Respublikasında yaşayan, döyüşlər nəticəsində qəhrəmancasına həlak olmuş şəhid ailələrinə kömək göstərilməsi məqsədilə muxtar respublikanın Həmkarlar İttifaqları Şurasına 250 min manat, Qarabağ Dirçəliş Fonduna 1 milyon 240 min 170 manat vəsait, Silahlı Qüvvələrə və cəbhə bölgəsinə 2 milyon 329 min 954 manat, “YAŞAT” Fonduna 680 min 876 manat ianə edilib. Şəhid və qazi ailələrinə 4 milyon 624 min 163 manatlıq birdəfəlik yardım göstərilib. AHİK tərəfindən 202 şəhidin 347 övladı himayəyə götürülüb. O cümlədən 2016-cı ilin Aprel və 2020-ci ilin Tovuz döyüşlərinin 23 şəhidinin 41 azyaşlı övladının hər birinə 18 yaşına çatana qədər hər ay pul ödənilməkdədir. Sahə həmkarlar ittifaqları tərəfindən 2022-2023-cü illərin 6 ayı ərzində şəhid və qazi ailələrinə 2456 yollayış verilib. O cümlədən AHİK tərəfindən hərbi vəzifələrini yerinə yetirərkən və ya həqiqi hərbi xidmət nəticəsində əlil olmuş 400 nəfərin sanatoriya-kurort müəssisələrində müalicəsi və istirahətlərinin təşkili üçün 357 min manat vəsait ayrılıb. İndiyə kimi AHİK tərəfindən 46465 aztəminatlı ailə, o cümlədən şəhid və qazi ailələri üçün ərzaqla dolu avtomobil karvanı yola salınıb. Bu məqsədlə 3,7 milyon manata yaxın vəsait xərclənib. Bura Naxçıvan da daxildir. Qazi və şəhid ailələrinə xüsusi qayğının göstərilməsi dövlətin prioritetidir. Ehtiyacı olan bütün qazilərə, şəhid ailələrinə dövlət tərəfindən lazımi kömək göstərilməkdədir. Müharibə dövründə əlini, qolunu itirmiş qazilərimiz üçün ən müasir protezlər sifariş edilmişdir. İndiyədək 10 mindən artıq şəhid ailəsi, müharibə əlili dövlət tərəfindən mənzillərlə təmin edilib. Həm Birinci, həm də İkinci Qarabağ müharibəsi şəhidlərinin ailələrinə mənzillər verilir. Müharibə əlillərinə 7 mindən artıq minik avtomobili təqdim edilib. Şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün yaradılan “YAŞAT” Fondu tərəfindən 75 milyona yaxın vəsait toplanmış və müvafiq istiqamətlər üzrə həmin vəsaitin xərclənməsi davam etdirilir. Azərbaycan şəhid ailələrinə göstərilən diqqətə görə dünya miqyasında nümunə sayıla bilər.
Azadlığın təntənə günləri, tarixi şans
27 sentyabr şəhidlərimizin ruhunu ehtiramla andığımız Anım günüdür. Məhz həmin qəhrəmanlarımız sayəsində xalqımız qarşıdakı günlərdə azadlığın təntənə günlərini qeyd edəcək. İyulun 31-də Prezident İlham Əliyev şanlı zəfərin yaratdığı reallıqlar fonunda yeni sərəncam imzalayaraq işğaldan azad edilmiş ərazilərimiz üzrə şəhər günləri təsis etdi. Bundan sonra hər il 26 avqust – Laçın Şəhəri Günü, 4 oktyabr – Cəbrayıl Şəhəri Günü, 17 oktyabr – Füzuli Şəhəri Günü, 20 oktyabr – Zəngilan Şəhəri Günü, 25 oktyabr – Qubadlı Şəhəri Günü, 8 noyabr – Şuşa Şəhəri Günü, 20 noyabr – Ağdam Şəhəri Günü, 25 noyabr – Kəlbəcər Şəhəri Günü kimi təntənəli şəkildə qeyd olunacaq. Bu, şanlı zəfərimizin yaratdığı gerçəklikdir. Artıq xalqımız torpaqlarımızın işğal tarixlərinin ağrılı-acılı, nisgilli günlərini deyil, azadlıq tarixlərinin sevincini bir-biri ilə paylaşaraq xoşbəxt bayram günlərini qeyd edəcək.
Sentyabrın 20-də xalqa müraciət edən Prezident İlham Əliyev bir daha bəyan etdi ki, Azərbaycan suverenliyini tam təmin edib və Qarabağda yaşayan erməni sakinlərimiz üçün yeni tarixi bir şans yaradılıb. O şansı əldən verməsinlər. Bu, məntiqə, tarixi ədalətə, beynəlxalq hüquqa, gələcək inkişafa əsaslanan və gələcək inkişafa hesablanan təklifdir. Ya Azərbaycan vətəndaşlığını qəbul edib ölkəmizin ərazisində yaşamalı, ya da bu torpaqları birdəfəlik tərk etməlidirlər. Seçim onlarındır.
Səttar MÖHBALIYEV,
Milli Məclisin deputatı,
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri
“Azərbaycan” qəzeti