Su – Uca Tanrımızın bəşər övladına bəxş etdiyi ən dəyərli nemətlərdən biridir. Bircə qətrəsi sinəsi cadar-cadar olmuş torpaqda qurumuş bir toxumu belə cücərdərək ona həyat vermək, ana torpağı cənnətə döndərəcək qədər ilahi bir möcüzəyə malik olduğundan su müqəddəsdir. Su, ona etinasız yanaşanlar üçün fəlakət, onunla düzgün rəftar edənləri isə mükafatlandıra biləcək ruzi, bərəkətdir. Bir sözlə, su bəşər övladı üçün həyat mənbəyi, daha doğrusu isə həyatın özüdür… Bu müqəddəs həyat mənbəyindən təbiətdə düzgün və səmərəli istifadə olunması, bu müqəddəs nemətin insanlarin xidmətinə rahat çatdırılması ilə məşğul olanlar isə sözün əsil mənasında xeyirxah, müqəddəs peşə sahibləridir. Bu günlərdə “Azəri Dizayn” firmasının mətbəəsində bu dəyərli nemətdən, onu insanların istifadə etməsi üçün daha əlçatan edən müqəddəs peşə sahiblərinin fəaliyyətindən bəhs edən yeni bir kitab işıq üzü görmüşdür. “QƏTRƏDƏN ÜMMANA” adlı bu kitab Ulu Öndər Heydər Əliyevin 100 illik, su təsərrüfatı obyektlərinin layihələndirilməsi üzrə Azərbaycan Dövlət İnstitutu – “Azdövsutəslayihə” İnstitutunun 90 illik yubileyinə ithaf olunmuşdur.
Kitab dünyanın müxtəlif ərazilərində suvarmanın tarixindən, qədim dövrlərdə əkinlərin suvarılmasında sudan necə istifadə edilməsi haqqında məlumatlardan, respublikamızın, xüsusilə də, Mil və Muğan düzünün təbii təsərrüfat şəraitindən, Araz, Kür və digər çaylarda müxtəlif üsullardan istifadə etməklə əkin sahələrinin suvarılmasından, müxtəlif dövrlərdə respublikamızda inşa olunmuş hidrotexniki qurğulardan, su təsərrüfatı obyektlərindən, onların texniki göstəricilərindən, dünyada və respulikamızda mövcud su ehtiyatlarından, onlardan necə istifadə olunmasından bəhs edən tarixi-etnoqrafik və texniki-ensiklopedik bir əsərdir. Kitabda mövcud su ehtiyatları, meliorasiya və su təsərrüfatı ilə bağlı müxtəlif dövrlərin mənzərəsini əks etdirən çoxsaylı tarixi, texniki məlumatlar, sxematik planlar və fotoşəkillər verilmişdir.
Respublikamızda və onun hüdudlarından kənarda inşa olunan su təsərrüfatı və meliorasiya obyektlərinin layihəsini hazırlayan “Azdövsutəslayihə” İnstitutunun əsasının qoyulduğu 1930-cu ildən hazırkı dövrə qədər Azərbaycanda meliorasiya və su təsərrüfatı sahəsində həyata keçirilən layihələr, inşa olunan meliorasiya və su təsərrüfatı obyektləri, respublikamızda istismarda olan iri suvarma və kollektor-drenaj sistemlərin hal-hazırda olan vəziyyəti, onların texniki-iqtisadi göstəriciləri, bu sahəyə dövlət rəhbərliyinin göstərdiyi diqqət və qayğı, rəhbərlik tərəfindən verilən göstəriş və tapşırıqların həyata keçirilməsi istiqamətində aparılan işlər, institutda fəaliyyət göstərmiş və hal-hazırda çalışan əməkdaşlar haqqında kitabda əhatəli məlumatlar verilmişdir.
Eyni zamanda, kitabda 1969-cu ildə Azərbaycan Respublikasına rəhbərlik etməyə başlayan Ulu Öndər Heydər Əliyevin respublikamızda meliorasiya və su təsərrüfatı sahəsinə göstərdiyi diqqət və qayğı sayəsində bu sahənin intibah dövrünə qədəm qoyması ilə bağlı ətraflı məlumatlar, tarixi faktlar, foto materiallar, texniki və iqtisadi təhlillər də öz əksini tapmışdır.
Sovetlər dönəmində istər respublikamızda, istərsə də, sovetlər birliyinin digər respublikalarında əməkdaşları xarici ölkələrdə çalışan çox az sayda olan müəssisələrdən biri kimi “Azdövsutəslayihə” İnstitutunun yüksək ixtisaslı kadrlarının müxtəlif xarici dövlətlərə dəvət alması, onların Yəmən, Kuba, Əlcəzair, İran, İraq, Suriya, Mozambik, Anqola və digər bu kimi ölkələrdə müxtəlif meliorasiya və təsərrüfatı obyektlərinin layihələrini hazırlamaları, öz bilik və bacarıqlarını, iş təcrübələrini yerli mütəxəssislərə öyrətmələri haqqında kitabda geniş məlumat və fotolar var. Eləcə də, kitabda müstəqillik illərində Ulu Öndər Heydər Əliyevin və onun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda meliorasiya və su təsərrüfatının inkişaf etməsi istiqamətində həyata keçirilən tədbirlər, respublikamızda inşa olunan suvarma və kollektor-drenaj şəbəkələri, su anbarları, aqroparklar və digər su təsərrüfatı və meliorasiya obyektləri, onların texniki parametrləri, iqtisadi əhəmiyyətləri haqqında da geniş məlumatlar, təhlillər, foto materiallar verilmişdir.
Geniş oxucu auditoriyası üçün nəzərdə tutulmuş “QƏTRƏDƏN ÜMMANA” adlı kitabı müəllifləri “Azdövsutəslayihə” İnstitutunun direktoru, əməkdar mühəndis, texnika elmlər namizədi Elbrus Paşayev və “Azdövsutəslayihə” İnstitutunun şöbə rəisi Abbas Novruzovdur.
Vətəninfo.az