image-heyder1backend

Müstəqil Azərbaycan Heydər Əliyevin ideyaları əsasında inkişaf edir

image-reklam_sirab_01

 

Müasir Azərbaycan dövlətinin tarixin səhnəsində özünəməxsus yer tutmasını, gerçək müstəqilliyini əldə edərək qoruyub saxlamasını təmin edən dahi şəxsiyyət, əbədiyaşar lider, Ulu Öndər Heydər Əliyev olmuşdur. İctimai-siyasi sabitliyin qorunmasının, mövcud iqtisadi inkişafın, hərtərəfli tərəqqinin təməlində Ümummilli Lider Heydər Əliyevin inkişaf strategiyası, onun müəyyənləşdirdiyi daxili və xarici siyasət xətti dayanır.
İnkar edilməz reallıqdır ki, Ümummilli liderin Azərbaycan dövləti və xalqı qarşısındakı tarixi xidmətləri Onun fəaliyyətinin bütün mərhələlərini əhatə edir. Azərbaycanın bir müstəqil dövlət kimi varlığının təhlükədə olduğu 1993-cü ildən sonra biz şahid olduq ki, Azərbaycan vətəndaş müharibəsindən, ərazisi parçalanmaqdan, qanunsuz silahlı dəstələrin hücumlarından yalnız Heydər Əliyevin qətiyyəti və inamı hesabına xilas oldu. “Mən ömrümün qalan hissəsini də xalqıma bağışlayıram” – deyən Heydər Əliyev həyatının mənasını yalnız xalqına xidmətdə görmüş, ömrünü onun xoş, firavan gələcəyinə həsr etməkdən şərəf duymuşdur. Heydər Əliyev xalqının, mənsub olduğu millətin parlaq və işıqlı gələcəyi naminə hətta zamanla belə cəngə çıxmış və arzuladıqlarına, istədiklərinə nail olmuşdur. Bugünkü nəsil belə bir şəxsiyyətlə eyni dövrdə yaşadığına, fəaliyyət göstərdiyinə görə taleyinə və bəxtinə minnətdardır.
Azərbaycanın müstəqil dövlət kimi inkişafı və tərəqqisi onun həyatının əsas amalı idi. Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından – 1993-cü ildən sonra Azərbaycan dövlətinin dirçəlməsində, onun mövqeyinin, təməlinin möhkəmlənməsində rolu əvəzsiz olmuşdur. Dahi şəxsiyyətin səyləri ilə qısa müddət ərzində ölkədə stabillik yaradıldı, cəbhə xəttində atəşkəsə nail olundu, iqtisadi islahatlara başlanıldı, bərpa-quruculuq işlərinə başlanıldı.
Ümummilli Lider Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısındakı misilsiz xidmətlərindən biri də uğurlu dövlət quruculuğu prosesinin əsasının qoyulmasıdır. Bu sıraya təkmil siyasi sistemin, siyasi mədəniyyətin əsasının qoyulması, davamlı siyasi-hüquqi islahatların həyata keçirilməsi, həmçinin milli həmrəylik və bütövlüyü təmin edən ideologiyanın yaradılması aid edilə bilər. Eyni zamanda, həmin dövrdə hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu istiqamətində həyata keçirilən tədbirlərin əhəmiyyətini də xüsusi vurğulamaq lazımdır.
Beləliklə, Azərbaycan Ulu öndərin rəhbərliyi ilə demokratik inkişaf yolunda uğurla irəlilədi, mühüm nailiyyətlər qazanıldı. Vurğuladırılan kimi, müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsi, qarışıq seçki sistemi əsasında parlament seçkilərinin keçirilməsi, dövlətin hüquqi əsaslarının gücləndirilməsi, başqa sözlə, müasir dövlətçilik sisteminin bərqərar edilməsi üçün möhkəm hüquqi baza yaradıldı. Görülən bütün tədbirlər isə öz növbəsində, siyasi sosiallaşmaya və siyasi mədəniyyətin inkişafına, ümumilikdə, ictimai-siyasi institutların səmərəli fəaliyyətinə yol açdı.
Müstəqilliyin ilk illərində mövcud olan ayrı-ayrı şəxslərə və siyasi qruplaşmalara xidmət edən silahlı birləşmələr Ali Baş Komandan Heydər Əliyevin məqsədyönlü və qətiyyətli siyasəti nəticəsində ləğv edildi, Milli Ordunun formalaşdırılması, Azərbaycanın nizami silahlı qüvvələrinin yaradılması ilə bağlı təxirəsalınmaz tədbirlər görüldü, orduda kütləvi fərarilik hallarına son qoyuldu, hərbi intizam möhkəmləndirildi.
1997-ci il oktyabr ayının 17-də Dövlət Müstəqilliyi Günü münasibətilə Azərbaycan xalqına ünvanladığı təbrikində Ümummilli lider Heydər Əliyev bildirmişdir: “Hər birimizin müqəddəs borcu müstəqil dövlətimizin qədrini bilmək, onu qorumaq, inkişaf etdirmək dünyanın inkişaf etmiş ölkələri səviyyəsinə qaldırmaqdan ibarətdir.” Ömrünün sonuna kimi o, öz sözlərinə sadiq qaldı. Ölkənin müstəqolliyini qorumaq istiqamətində bütün tədbirləri həyata keçirdi.
Bu gün Azərbaycanın suverenliyini, müstəqilliyini qorumağa qadir olan, Müzəffər Ali baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Zəfər qazanaraq ərazi bütövlüyünü təmin edən Orduya malik olması Ulu Öndərin Azərbaycan xalqı qarşısında göstərdiyi misilsiz xidmətlərdən birinin bariz nəticəsi sayıla bilər.
Beləliklə, müstəqil və qüdrətli Azərbaycan Ümummilli Lider Heydər Əliyevin ideyaları əsasında inkişaf edir, möhtəşəm nailiyyətlər qazanaraq tarix yazır.

Aydın Kazımbəyov – Respublikanın Fəxri Bədən Tərbiyəsi və İdman işçisi, sərbəst güləş üzrə SSRİ idman ustası,
Bakı Texniki Kollecinin müəllimi


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki