image-reklam-veteninfo
image-screenshotbackend

Naxçıvanın keçmiş MSK sədrinin müəmmalı milyonluq maliyyə əməliyyatları – Əjdər Əliyev necə deputat oldu?

image-reklam-veteninfo
Bir anlığına təsəvvür edin ki, Milli Məclisə seçkilər keçirilir, Azərbaycan MSK sədri də deputatlığa namizədliyini irəli sürür və seçilir. Hər kəsin ağlına gələn ilk fikir nə ola bilər? Təbii ki, MSK sədrinin seçkilərin nəticələrini öz xeyrinə saxtalaşdırması.Dərd burasındadır ki, Azərbaycanın seçki qanunvericiliyində bu xüsus nəzərə alınmayıb. Və bu vəziyyətdən maksimum yararlanıb özünü deputat elan edənlər də var. Düzdür, bu “çoxbilmiş” şəxs Məzahir Pənahov deyil. Amma onun Naxçıvan Muxtar Republikasındakı həmkarı Əjdər Əliyev Naxçıvan MSK-nın sədri ola-ola seçkilərə girmiş və deputatlıq mandatı almışdır…” “DİA-AZ“ xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında tanınmış jurnalist Heydər Oğuz qeyd edib.
O daha sonra bildirir: “Üstəlik, onun seçkilərdə iştirak etdiyi zaman Naxçıvan MSK-sı sözün həqiqi mənasında kvorum böhranı yaşayır, MSK üzvlərinin bəziləri ağır xəstəlikləri və dünyalarını dəyişdirməsi ucbatından iclaslarda iştirak edə bilmir, yetərsay toplanmadığından iclaslar təxirə salınırdı. Belə kritik zamanda bir də MSK sədri seçkilərə qatılır və şübhəli seçki prosesində mandat qazanır, karyerasının növbəti mərhələsini toxulmazlıq çətiri altında davam etdirməyə çalışırdı.
Araşdırmalarımız nəticəsində məlum oldu ki, Əjdər Əliyev 2024-cü il seçkilərində yerli MSK-nın faktiki olaraq fəaliyyət göstərə bilməməsindən maksimum səviyyədə faydalanıb. Ali Məclisin həmin seçkilərdə mandat almış bəzi deputatlarının “öz xoşları” ilə istefaya göndərildiyi bir zamanda bu iddiaların daha çox aktuallıq qazandığını nəzərə alıb araşdırmalarımızın bəzi mühüm peyzajları diqqətinizə çatdırırıq.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, Hüquq siyasəti komitəsinin sədri Əjdər Əliyevin Mərkəzi Seçki Komissiyasına rəhbərlik etdiyi dövrdə seçki məntəqələrinin üzvlərinə ayrılan dövlət vəsaitlərinin taleyi, seçki komissiyalarının formalaşdırılması və onun deputatlığa namizədliyi ilə bağlı bir sıra ciddi suallar ortaya çıxıb. 2024-cü il seçki kampaniyasında təxminən 1 milyon manatlıq maliyyə əməliyyatları, seçki komissiyalarının yaradılması prosedurları və keçmiş MSK sədrinin deputatlığa gedən müəmmalı karyera yolu olduqca diqqətçəkicidir.
Əjdər Əliyevin yüksəliş karyerası – Ali Məhkəmədən MSK sədrliyinə, oradan deputatlığa
İddialara inansaq, Əjdər Əliyevin dövlət qulluğundakı karyerası Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi ilə bağlıdır. O, əvvəlcə məhkəmənin vətəndaşların qəbulu ilə məşğul olan struktur bölməsinə rəhbərlik edib, sonradan isə Aparat rəhbəri vəzifəsində çalışıb.
Daha sonra Naxçıvan MR Mərkəzi Seçki Komissiyasının sədri təyin edilən Əjdər Əliyev 2024-cü ilin iyulunda bu vəzifədən azad olunub. Rəsmi qərarda onun sentyabrın 1-nə təyin edilmiş Ali Məclis seçkilərində namizəd olmaq məqsədilə öz ərizəsi əsasında vəzifədən ayrıldığı göstərilir.
Qeyd edək ki, Əjdər Əliyev 2024-cü il sentyabrın 1-də keçirilən seçkilərdə 37 saylı Culfa şəhər seçki dairəsindən Ali Məclisin deputatı seçilib. 2026-cı il fevralın 2-də isə Ali Məclisin Hüquq siyasəti komitəsinin sədri vəzifəsinə seçilib.
Onun MSK sədrliyindən deputatlığa keçidi ilə bağlı yaranan suallar yalnız kadr dəyişikliyi ilə məhdudlaşmır. Əvvəlki vəzifəsi dövründə seçki komissiyalarının fəaliyyətinin maliyyələşdirilməsi və təşkilati prosedurlarla bağlı iddialar da dövlət orqanlarının araşdırılmalı olduğu məsələlər sırasındadır.
Məntəqə üzvlərinin adına açılan bank kartları və 900 min manatlıq hesab
Naxçıvanda seçici siyahılarının dəqiqləşdirilməsi üçün seçki məntəqələrinin üzvlərinə ayrılan vəsaitlərin ödənilməsi ilə bağlı iddialar mümkün maliyyə pozuntularına dair suallar yaradır.
İddialara əsasən, seçici siyahılarının dəqiqləşdirilməsi məqsədilə hər il seçki məntəqələrinin üzvlərinə bir aylıq əməkhaqqı ayrılır. Həmin vəsaitlərin ödənilməsi üçün məntəqə üzvlərinin adına bank kartları açılır və pullar həmin hesablara köçürülür.
Lakin kartların bir hissəsinin sahiblərinə təqdim edilmədiyi, onların dairə seçki komissiyalarının müəyyən əməkdaşlarının sərəncamında saxlanıldığı və hesablardakı vəsaitlərin bankomatlar vasitəsilə nağdlaşdırıldığı iddia olunur.
Daha ciddi ittiham isə həmin pulların sonradan Əjdər Əliyevə çatdırılması ilə bağlıdır.
Bu iddiaların araşdırılmasında əsas məsələlərdən biri ödənişlərin həqiqi benefisiarlarının, yəni vəsaitlərin faktiki olaraq kimlər tərəfindən alındığının müəyyən edilməsidir.
Mümkün maliyyə əməliyyatlarının miqyasını təsəvvür etmək üçün aşağıdakı şərti hesablama diqqət çəkir:
Naxçıvanda 300 seçki məntəqəsinin fəaliyyət göstərdiyi, hər məntəqədə 6 üzvə 500 manat ödəniş nəzərdə tutulduğunu nəzərə alsaq, taleyi bəlli olmayan ümumi məbləğin 900 min manat olduğu ortaya çıxır.
Bu hesablama yalnız göstərilən rəqəmlərə əsaslanan ehtimaldır. Əlbəttə ki, faktiki olaraq həmin sayda məntəqə üzvünə 500 manatın ödənilməsi, vəsaitin tam həcmdə ayrılması və ya mənimsənilməsi müvafiq maliyyə sənədləri ilə təsdiqlənməlidir. Nə yazıq ki, araşdırmalarımız nəticəsində bu faktı təsdiqləyən və ya inkar edən rəsmi sənədlər əldə edə bilmədik. Mövzunu daha dərindən araşdırılmasını dövlət qurumlarının ixtiyarına buraxırıq. Zira bu cür ödənişlər həyata keçirilibsə, təxminən 1800 məntəqə üzvünün adına açılmış bank hesabları və həmin hesablardan aparılmış əməliyyatların yoxlanılması iddialara aydınlıq gətirə bilər. Bunun üçün isə xüsusilə bank kartlarının kimlər tərəfindən təhvil alındığı, vəsaitlərin hansı bankomatlardan və hansı tarixlərdə nağdlaşdırıldığı, məntəqə üzvlərinin ödənişləri şəxsən alıb-almadıqları müəyyən edilməlidir.
Fuad Nəcəfli, Azərbaycan MSK-dakı himayədar və kadr mübarizəsi
Əjdər Əliyevin MSK sədrliyindən ayrılması və deputatlığa namizəd olması ilə bağlı iddialarda Prezidentin Naxçıvandakı keçmiş səlahiyyətli nümayəndəsi Fuad Nəcəflinin və Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının yüksək çinli bir üzvünün adları da hallanır.
İrəli sürülən iddialara görə, Fuad Nəcəfli Əjdər Əliyevin MSK-dakı fəaliyyəti ilə bağlı məlumatlı olub və onun vəzifədən uzaqlaşdırılması məsələsini gündəmə gətirib.
Bu prosesdə Azərbaycan MSK-dakı himayədarın qohumu olduğu bildirilən bir şəxsin (hər ikisinin adı bizə bəlli olsa da hələlik səsləndirmək istəmirik – H.O.) Naxçıvan MSK-ya sədr təyin olunması ilə bağlı müəyyən təşəbbüslərin olduğu iddia edilir.
Həmin şəxsin MSK-da mətbuatla bağlı vəzifədə çalışdığı, komissiyaya rəhbərlik etmək niyyətini əməkdaşlar arasında açıq şəkildə dilə gətirdiyi və gələcək kadr təyinatları barədə vədlər verdiyi bildirilir.
İddialara əsasən, Fuad Nəcəflinin üzərində dayandığı şəxsin MSK sədri olmaq niyyəti Əjdər Əliyevlə münasibətlərdə gərginlik yaradıb. Nəticədə Əjdər Əliyev vəzifədə qalmaq və ya başqa vəzifəyə keçmək üçün müxtəlif alternativlər axtarıb. Bu mərhələdə onun deputatlığa namizədliyi ilə bağlı qeyri-rəsmi razılaşmanın əldə olunduğu, hətta 30 min manat vəsaitin verilməsi məsələsinin gündəmə gəldiyi bildirilir.
Qeyd edək ki, bu məbləğin faktiki olaraq ödənildiyini bildirilsə də, amma adıçəkilən şəxslərin prosesdə iştirakını və ya deputatlığa namizədliklə bağlı qanunsuz razılaşmanın mövcudluğunu təsdiqləyən müstəqil sübutlar ortaya qoyulmayıb.
Bildirildiyinə görə, Əjdər Əliyevin MSK sədrliyindən ayrılması barədə rəsmi qərarda səbəb kimi onun deputatlığa namizəd olmaq istəyini göstərən şəxsi ərizəsi qeyd olunub.
45 dairə seçki komissiyası necə formalaşdırılıb?
Əjdər Əliyevin MSK-ya rəhbərlik etdiyi dövrlə bağlı digər mühüm məsələ dairə və məntəqə seçki komissiyalarının formalaşdırılması prosedurudur. İddialara görə, Naxçıvanda fəaliyyət göstərən 45 dairə seçki komissiyasının üzvlərinin müəyyənləşdirilməsi zamanı qanunvericilikdə nəzərdə tutulan prosedurlara əməl edilməyib, püşkatma mərhələsi keçirilməyib və üzvlər əvvəlcədən müəyyənləşdirilib. Eyni zamanda, Ali Məclisə seçkilərlə əlaqədar fəaliyyət göstərən təxminən 300 məntəqə seçki komissiyasının formalaşdırılmasında da qanun pozuntuları baş verib.
Mütəxəssislərin bildirdiyinə görə, iddiaların hüquqi baxımdan qiymətləndirilməsi üçün komissiyaların yaradıldığı dövrdə qüvvədə olan qanunvericiliyin tələbləri ilə onların faktiki formalaşdırılması prosedurlarını müqayisə etmək kifayətdir. Dairə seçki komissiyalarına üzvlərin hansı qaydada seçildiyi, onların təyin olunması barədə qərarların nə vaxt qəbul edildiyi, püşkatma nəzərdə tutulduğu hallarda həmin prosedurun keçirilib-keçirilmədiyi və müvafiq protokolların mövcudluğu araşdırılmalıdır.
Mümkün prosedur pozuntuları təsdiqlənərsə, bunun seçki komissiyalarının qərarlarına və seçki prosesinə hüquqi təsiri ayrıca qiymətləndirilməlidir.
Namizədlərin sənədlərinin qəbulu ilə bağlı suallar
Araşdırılması tələb olunan məsələlərdən biri də deputatlığa namizədlərin sənədlərinin qəbulu prosedurudur. İrəli sürülən iddialara görə, bəzi dairə seçki komissiyalarının yerləşdiyi ünvanlar və onların üzvləri barədə məlumatlar namizədliyini irəli sürmək istəyən şəxslər üçün əlçatan olmayıb. Bu səbəbdən müəyyən namizədlərin sənədlərinin birbaşa Naxçıvan MR MSK-nın inzibati binasında qəbul edildiyi bildirilir.
Həmin dövrdə namizədlərin sənədlərinin hansı seçki orqanları tərəfindən, hansı hüquqi əsaslarla və hansı tarixlərdə qəbul edildiyinin müəyyənləşdirilməsi seçki prosedurlarına əməl olunub-olunmadığını aydınlaşdırmağa imkan verə bilər. Bunun üçün isə müvafiq dairə seçki komissiyalarının sənəd qəbulu jurnalları, namizədlərin müraciətləri və qeydiyyatla bağlı qərarlar yoxlanılmalıdır.
Keçmiş MSK sədrinin deputatlığa namizədliyində maraqlar toqquşması olubmu?
Əjdər Əliyevin seçkilərin təşkilinə rəhbərlik etdiyi vəzifədən ayrıldıqdan sonra həmin seçkilərdə deputatlığa namizəd olması maraqlar toqquşması ehtimalı ilə bağlı da müəmmalar var.
Onun MSK sədri olduğu dövrdə seçki komissiyalarının formalaşdırılması və seçkiyə hazırlıq prosesində hansı qərarları qəbul etdiyi, deputatlığa namizəd olmaq niyyətinin nə vaxt yarandığı və həmin qərarların namizədlər arasında bərabər imkanlara təsir göstərib-göstərmədiyi də araşdırılmalıdır. Bununla belə, seçki komissiyasının sədrinin qanunvericiliyə uyğun olaraq vəzifəsindən ayrıldıqdan sonra deputatlığa namizəd olması özlüyündə qanun pozuntusu hesab edilmir.
Mümkün vəzifə səlahiyyətlərindən sui-istifadə hallarının müəyyənləşdirilməsi üçün konkret hərəkətlər, onların hüquqi nəticələri və aidiyyəti sübutlar araşdırılmalıdır.
Xatırladaq ki, Naxçıvan MR Ali Məhkəməsi 20 sentyabr 2024-cü il tarixli qərarı ilə Ali Məclisə keçirilmiş seçkilərin nəticələrini təsdiq edib.
Mümkün qanun pozuntuları və cavab gözləyən suallar
Əjdər Əliyevin MSK sədri olduğu dövrə aid maliyyə əməliyyatları, seçki komissiyalarının formalaşdırılması və namizədlərin qeydiyyatı ilə bağlı iddialar öz təsdiqini taparsa, bu, ciddi cinayət məsuliyyəti yarada bilər. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308-ci maddəsi məhz bu əməllər üçün nəzərdə tutulub:
“Maddə 308. Vəzifə səlahiyyətlərindən sui-istifadə
308.2. Bu Məcəllənin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə—
üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, əmlakı müsadirə olunmaqla üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.
Təbii ki, istənilən vəzifəli şəxsin əməlində hər hansı cinayət tərkibinin mövcudluğu yalnız konkret faktlar, qanunla müəyyən edilmiş əlamətlər və sübutlar əsasında səlahiyyətli orqanlar tərəfindən müəyyənləşdirilə bilər. Əjdər Əliyevin hazırda Naxçıvan MR Ali Məclisinin Hüquq siyasəti komitəsinə rəhbərlik etməsinun onun əvvəlki vəzifə fəaliyyəti ilə bağlı yaranan suallara ictimai marağı artırdığını nəzərə alan müvafiq qurumlar dərhal fəaliyyətə keçməli və iddiaların nə qədər həqiqət olub-olmadığını müəyyənləşdirməlidir.
Seçki məntəqələrinin üzvlərinə ayrılmış vəsaitlərin faktiki olaraq kimlər tərəfindən alındığı, bank kartlarının təyinatı üzrə istifadə edilib-edilmədiyi, dairə və məntəqə seçki komissiyalarının yaradılması zamanı qanunvericiliyin tələblərinə əməl olunub-olunmadığı, eləcə də deputatlığa namizədliklə bağlı qeyri-rəsmi razılaşma iddiaları sənədlər əsasında yoxlanılmalı məsələlər olaraq qalır. Əjdər Əliyevin MSK-ya rəhbərlik etdiyi dövrə aid maliyyə sənədlərinin, bank əməliyyatlarının və seçki komissiyalarının yaradılması barədə qərarların araşdırılması bu suallara aydınlıq gətirə bilər.
Göründüyü kimi, Əjdər Əliyev barədə irəli sürülən bu iddialar təkcə onun özünün deyil, bütövlüklə Naxçıvan Ali Məclisinin legitimliyini şübhə altına alan məqamlarla doludur. Ümid edirik ki, müvafiq dairələr bu ciddi iddiaları dərindən araşdıracaq və Əjdər Əliyevlə yanaşı, Ali Məclisin taleyi barədə də həlledici qərarlar verəcək.
Əlavə edək ki, Əjdər Əliyev barədə bənzər iddialar 2024-cü il seçkiləri dövründə müxtəlif sosial media orqanlarında da dilə gətirilmişdi…”
diaaz.info



  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki