Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən Müharibəsində şanlı Azərbaycan Ordusu düşməni diz çökdürərək torpaqlarımızı işğalçılardan təmizləmiş və ərazi bütövlüyümüzü bərpa etmişdir. Torpaqlarımızın işğaldan azad edilməsində, tarixi qələbənin qazanılmasında böyük şücaət göstərərək canını Vətən yolunda qurban verən igidlərimizdən biri də “Vətən Müharibəsi Qəhrəmanı”, pilot şəhid, polkovnik Zaur Nudirəliyevdir.
Zaur Nudirəliyev 1978-ci il sentyabrın 1-də Bakı şəhərində anadan olmuşdur. 1995-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseydən məzun olan Zaur Nudirəliyev, həmin ildəcə Türkiyə Ali Hərbi Hava Qüvvələri Məktəbinə qəbul olmuş və 2000-ci ildə oranı “Təyyarəçi” ixtisası üzrə bitirmişdir. Daha sonra Zaur Nudirəliyev 2011-2013-cü illərdə Almaniyada General-Admirallar üçün Hərbi Liseydə təhsil almışdır.
Zaur Nudirəliyev 20 il davam edən hərbi xidməti ərzində Müdafiə Nazirliyi tərəfindən “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli, “Hərbi xidmətdə fərqlənməyə görə” 2-ci dərəcəli və digər medallarla təltif edilmişdir.
Vətən Mügaribəsi zamanı Hərbi Hava Qüvvələri tərəfindən Cəbrayıl-Füzuli və Ağdərə istiqamətlərində endirilən zərbələr nəticəsində Ermənistan Silahlı Qüvvələrinin dayaq məntəqələri, canlı qüvvələri, cəmləşmə yerləri məhv edilmiş, nəticədə Azərbaycan Ordusunun qurudan ciddi üstünlüyə sahib olması təmin olunmuşdur. 7 gün ərzində 12 uçuşu uğurla başa vuran Zaur Nudirəliyev, oktyabrın 4-də Cəbrayıl rayonu istiqamətində 13-cü uçuşunu reallaşdırdı. Bu uçuş zamanı ağır yaralanmasına baxmayaraq Zaur Nudirəliyev təyyarədən hatapult edə bilərdi. Amma o, mənfur düşmənə əsir düşməməsi üçün təyyarəni Ermənistan Silahlı Qüvvələrinin canlı qüvvəsinin cəmləşdiyi səngərə çırpmış, çoxlu sayda düşməni məhv etmiş və özü isə şəhid olmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 09 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Zaur Nudirəliyevə “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmişdir. O cümlədən, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamlarına əsasən Zaur Nudirəliyev ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Suqovuşanın azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medallarıı ilə təltif edilib.
01 sentyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin və Nərimanov Rayon İcra Hakimiyyətinin rəhbər şəxsləri, şəhid Zaur Nudirəliyevin ailəsi, hərbçi yoldaşları, eləcə də rayonun digər şəhid ailələri II Şəhidlər Xiyabanına gəlmiş, Vətən Müharibəsi Qəhrəmanının məzarını ziyarət etmiş, onun əziz xatirəsini hörmət və ehtiramla yad etmişlər. Çıxışçılar Vətən uğrunda canlarını fəda edən bütün şəhidlərimizin, o cümlədən Zaurun xatirəsinin əziz tutulduğunu, hər zaman xalqımızın qəlbində əbədi yaşayacağını qeyd etmişlər. Şəhid ailələrinə və qazilərə göstərilən diqqətin, qayğının bundan sonra da davam etdiriləcəyi bildirilmişdir. Şəhid ailəsi üzvləri bu diqqətə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirmişlər. Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın şəhid ailələrinə göstərdiyi qayğı və dəstək xüsusi vurğulanmış, şəhid ailələri bu qayğıya görə ona təşəkkür etmişlər.
Sonda Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev şəhid ailələri ilə birgə digər Vətən Müharibəsi şəhidlərinin də məzarlarını ziyarət etmiş, xatirələri dərin hörmətlə anılmışdır.
Daha sonra Nərimanov Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon ərazisində yerləşən abad məhəllədə “Qəhrəman ömrü” adlı tədbir keçirilmişdir. Belə ki, “Vətən Müharibəsi Qəhrəmanı”, polkovnik Zaur Nudirəliyevin xatirəsinə həsr olunmuş futbol turniri, şahmat və dama yarışları keçirlimişdir. Həmçinin tədbir zamanı müxtəlif yarışların qalib karateçiləri tərəfindən nümunəvi çıxışlar göstərilmiş, gənc rəssamlar tərəfindən Qarabağa həsr edilmiş rəsmlər çəkilmiş və sonda rəsmlər tədbir iştirakçıları üçün nümayiş etdirilmişdir. Sonda yarış iştirakçıları, gənc rəssamlar şəhid ailə üzvləri və digər tədbir iştirakçıları tərəfindən diplomlarla təltif edilmiş, şəhidin ailə üzvünə Xatirə Diplomu və Azərbaycan Dövlət Bayrağı təqdim edilmişdir.
Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev tərəfindən Vətən Müharibəsi Qəhrəmanı, şəhid polkovnik Zaur Nudirəliyevin ailəsi yaşadıqları ünvanda bir daha ziyarət olunmuş, şəhidin yağlı boya ilə çəkilmiş portreti ailəsinə təqdim edilmişdir.