Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə Şanlı Ordumuzun qalib gəldiyi 44 günlük Vətən Müharibəsində fədakarlıq göstərən igid şəhid oğullarımızdan biri olan Kamran Hüseynovun 14 avqust 2021-ci il tarixində doğum günü – 25 yaşı qeyd olunmuşdur.
Şəhidin əziz xatirəsini yad etmək məqsədilə onun məzarı şəhidin ailə üzvləri, Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev və Rayon İcra Hakimiyyətinin əməkdaşları, Yeni Azərbaycan Partiyası Nərimanov Rayon Təşkilatının sədri Təmraz Tağıyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nərimanov rayon İdarəsinin rəisi Aqşin Əliyev, rayonun fəal könüllüləri və gənclər tərəfindən ziyarət edilib və döyüşlərdə şücaət göstərən igid Vətən oğlunun unudulmaz xatirəsi dərin ehtiramla yad olunub. O cümlədən II Şəhidlər Xiyabanında əbədiyyata qovuşan digər şəhidlər də ziyarət olunmuş, məzarlarına gül qoyulub. Daha sonra Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev tərəfindən şəhidin yağlı boya ilə çəkilmiş portreti xatirə olaraq ailəsinə hədiyyə olunub.
Vətən Müharibəsi şəhidi, “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə ölümündən sonra təltif olunmuş Kamran Hüseynovun xatirəsinə həsr olunmuş gənclər arasında futbol turnirinin final oyunu keçirilib. Turnirin sonunda qalib və iştirakçı komandalara şəhid ailəsinin iştirakı ilə müvafiq dərəcəli diplom və medallar, şəhid atası Bəhman Hüseynova isə turnirin xatirə diplomu və Azərbaycan Bayrağı təqdim edilib.
Şəhid ailəsi dövlət tərəfindən onlara göstərilən diqqət və qayğını hər zaman hiss etdiklərini, bu qayğını çox yüksək qiymətləndirərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci Vitse – Prezidenti Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildirmişlər.