image-img-20231005-wa0039backend

Nəsimi rayonunda “Mən dünyada müəllimdən yüksək ad tanımıram” mövzusunda tədbir keçirildi

image-reklam_sirab_01

Nəsimi rayonunda Ümummilli lider Heydər Əliyev ili ilə əlaqədar “Mən dünyada müəllimdən yüksək ad tanımıram” mövzusunda tədbir keçirildi.

Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Asgərov, Yeni Azərbaycan Partiyasının Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov, rayonun idarə müəssisə rəhbərləri, İctimai Şuranın üzvləri və təhsil işçiləri iştirak edib.
Tədbiri giriş sözü ilə açan Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov Ulu Öndərimiz Heydər Əliyevin Azərbaycan təhsilinə diqqət və qayğısından danışaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında son illər Respublikamızda tikilən və əsaslı təmir olunan təhsil müəssisələri, təhsil işçilərinin sosial müdafiəsinin möhkəmləndirilməsi istiqamətində atılan addımlar, Azərbaycan təhsilinin inkişafında xüsusi xidmətləri olan Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti Mehriban xanım Əliyevanın gördüyü işlər və ötən təhsil ilində rayonun təhsil müəssisələrinin uğurları barədə məlumat verdi. Ümummilli liderimiz Heydər Əliyevin ötən əsrin 70-ci illərində əsasını qoyduğu təhsil strategiyası ölkəmizdə milli köklərə bağlı, yeni təfəkkürlü və təhsilli gənc kadrların yetişdirilməsinə hesablanıb. Təhsilin millətin taleyi üçün misilsiz əhəmiyyət daşıdığını hər zaman vurğulayan Ulu Öndər Heydər Əliyev öz fəaliyyəti illərində bu sahəyə çox böyük diqqət və qayğı göstərmişdir.
Bildirildi ki, müəllim əməyinin nəticəsində cəmiyyət formalaşır, savadlı, bilikli, geniş dünyagörüşlü, nümunəvi əxlaqa malik insanlar yetişir. Bu insanlar isə cəmiyyəti daha da inkişaf etdirir. Müəllimlər yeni cəmiyyət quruculuğunun memarlarıdır. Hər birimizin layiqli vətəndaş kimi yetişməyində müəllimlərimizin əvəzsiz xidmətləri vardır.
Nəsimi RİH Başçısı bildirdi ki, Vətən Müharibəsi bizim şanlı tariximiz, şəhidlər və qazilər qürur mənbəyimizdir. Xalqımız və dövlətimiz qəhrəman övladlarının şücaətini daim yüksək qiymətləndirir, şəhidlərimizin ruhuna ehtiramla yanaşır, xatirəsini uca tutur. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin əsas istiqamətlərini müharibə əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunması, hər cür qayğı ilə əhatə olunması təşkil edir. Müstəqil Azərbaycanımızın tarixinə qızıl hərflərlə yazılmış 44 günlük Vətən Müharibəsi şəhidlərinin ailələrinə, qazilərinə Nəsimi rayonunda daim yüksək həssaslıqla yanaşılır, diqqət və qayğı göstərilir.
Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında müəllimlərin əməyinin danılmaz olduğunu qeyd edən natiq, müəllimlərin bundan sonra da yeni dövrün çağırışlarına uyğun gənclər yetişdirəcəklərinin əminliyini bildirdi.
Natiq qeyd etdi ki, Ümummilli Liderimiz Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə həmişə müəllimə hörmət və ehtiramla yanaşmış, onların maddi vəziyyətinin, rifah halının yaxşılaşdırılması qayğısına qalmışdır. Ulu Öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölkəmizdə təhsilə olan diqqət və qayğı göz qabağındadır. Hər il təhsil işçilərinə əməkdar müəllim adı, Prezident təqaüdü və bir sıra dövlət təltiflərinin verilməsi buna əyani sübutdur.
Tədbirdə Azərbaycan Dillər Universitetinin prorektoru, Milli Məclisin deputatı Tamam Cəfərova, Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov, Azərbaycan Neft və Sənaye Universitetinin prorektoru Ata Babayev , Milli Konservatoriyanın nəzdində Musiqi Kollecinin direktoru Nazim Kazımov və Nəsimi rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədr müavini Sevda Quliyeva çıxış edərək təhsilə, təhsil işçilərinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını və ehtiramlarını bildirdilər.
Tədbirin sonunda təhsil işçilərinə rayon İcra Hakimiyyəti tərəfindən hədiyyələr təqdim olundu.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki