Novruz bayramı münasibətiilə “Qarabağdan bütün Azərbaycana şölələnən Zəfər tonqalı” adlı tədbir keçirilib.
Nəsimi Rayon İcra Hakimiyyətində xalqımızın milli bayramı olan Novruz bayramı münasibətiilə “Qarabağdan bütün Azərbaycana şölələnən Zəfər tonqalı”adlı tədbir keçirilib.
Tədbirdə Nəsimi Rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov, Yeni Azərbaycan PartiyasınınNəsimi Rayon təşkilatının sədri Azər Süleymanov, cəmiyyət sədrləri, şəhid ailələri və qazilər iştirak etmişlər.
Əvvəlcə Vətən uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş sözü ilə Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov açaraq Novruz bayramının milli dəyərlərimizin əbədiyaşarlıq rəmzi olmaqla yanaşı ümumxalq bayramı olduğunu, Novruz bayramının bundan sonra həm də Zəfər bayramı kimi qeyd olunacağını, Qarabağın əbədiyaşarlıq rəmzi olacağını, Şuşada Zəfər tonqallarının alovlanacağını bildirdi.
30 il idi ki, hər bir azərbaycanlı bütün bayramlarda – Qurban bayramında, Ramazanda qurbanlar kəsir, Novruz bayramında Allaha dua edirdi ki, bizi doğma Qarabağımıza qovuşdur, bu müqəddəs bayramlarımızı Qarabağda qeyd edək, bayram qurbanları kəsək, Azərbaycanın tacı olan Şuşada bayram süfrəsi açaq. Novruz tonqalını Qarabağda alovlandıraq.
Ulu öndər Heydər Əliyev, Prezident İlham Əliyev hər bayramlarda həmvətənlərimizə müraciətlərində, Novruz bayramı ilə əlaqədar mərasimlərdə, insanlarla görüşlərdə, bayram tədbirlərində ən böyük niyyət kimi bayramlarımızın Qarabağda qeyd edilməsini arzulayırdılar. Onlar müsəlmanların ən müqəddəs səcdəgahı olan Məkkəyə ziyarət edərkən də Qarabağımıza qovuşmaq üçün dualar edirdilər. Birinci vitse-prezident Mehriban xanım Əliyeva bayramlarda xalqımızı təbrik edərkən, dini ocaqları ziyarət edərkən öz doğma Qarabağımıza qovuşmaq üçün sonsuz dualarını əsirgəmirdi.
Hamımız 30 il idi ki, Uca Yaradana ürəyimizdə daşıdığımız Qarabağ həsrətinin bitməsini dua edirdik. Qələbə günlərini gözləyirdik.
Bütün azərbaycanlıların bir niyyəti vardı – Qarabağ.
Prezident İlham Əliyev hər zaman dərin inam və əminliklə deyirdi ki, biz işğal olunmuş torpaqlarımızı düşməndən azad edəcəyik, biz o torpaqlara qayıdacağıq. Bizim işimiz haqq işidir, biz haqq yolundayıq, biz haqqımız olan torpaqlarımızı geri alacağıq. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində düşmənə ağır zərbə vuraraq torpaqlarımızdan qovdu. Azərbaycan xalqının, dədə-baba torpaqlarından didərgin düşmüş soydaşlarımızın torpaq həsrəti sona çatdı, illərlə etdiyimiz dualar qəbul olundu.
Şükürlər olsun, Tanrı, dualarımızı eşitdi, bizi arzu və niyyətlərimizə çatdırdı.
Cənab İlham Əliyev Ata Nəsihətini yerinə yetirdi, indi Ulu öndərin də bu əziz bayram günlərində ruhu şaddır, Qarabağ nisgili ilə haqq dünyasına qovuşan insanların, şəhidlərimizin ruhu şaddır.
Novruz bayramını indi Qarabağda qeyd edirik, əsgərlərimiz Şuşada Novuz tonqalı ətrafında bu əziz bayramı sevinclə, böyük coşqu və təntənə ilə qeyd edirlər, bayram süfrəsini 30 ildən sonra bu dədə-baba torpaqlarımızda açırıq. Qarabağda daha Xarı bülbülün də nisgili yoxdur, Novruz səmənisi də Qarabağda boy atır.
Novruz bayramı xalqımızın çox qədimə gedib çıxan tarixindən xəbər verir. Bayramın rəngarəngliyi və gözəlliyi xalqımızın dini etiqadından və Allahla olan yaxınlığından irəli gəlir. Novruz bayramı Azərbaycan xalqının mənəviyyatını və onun uzaq keçmişdən varlığını əks etdirir. Deyərdim ki, bu bayram xalqımızın mədəniyyətini, milli dəyərlərini, adət-ənənəsini özündə əks etdirir və bütün dünyaya tanıtdıran qədim el bayramıdır.
Ulu Öndər ölkəmizdə rəhbərliyə gəldiyi ilk vaxtlarda sovet hakimiyyətinin qadağa və təziqlərinə baxmayaraq, xalqımızın milli ruhunun oyanışına təkan verən amillərə xüsusi hörmətlə yanaşırdı. Novruz bayramının qədim köklərə aid olduğunu, xalqımızın qəlbində əbədi yaşayacağını daima vurğulayan Ümummilli Lider bu bayramı o vaxtkı sovet rəhbərliyinin sərt rejimi, qadağaları dövründə bütün ölkəmiz miqyasında yüksək səviyyədə təşkil olunmasına və böyük sevgiylə keçirilməsinə nail olurdu. Qürurla qeyd edirəm ki, məhz Ulu Öndərin sayəsində Respublikamız müstəqilliyini bərpa edəndən sonra xalqımız öz adətlərin, milli dəyərlərin, insana, təbiətə sevginin nümunəsi olan Novruz bayramını daha böyük izdihamla qeyd etməyə başlamışdır. Beləliklədə Novruz bayramı bütün bu təzyiqlərdən, qadağalardan və çətinliklərdən keçərək öz haqqına qovuşmuşdur. Bu bayrama ümumxalq ahəngini verən dahi siyasətçi, xalqının xilaskarı, dövlətinin memarı Ümummilli Lider Heydər Əliyev bayramlarda xalqla bir yerdə olur, görüşər və insanları səmimiyyətlə təbrik edirdi. O, xalqımıza qayğıkeş ata kimi milli birlik və həmrəylik tövsiyə edirdi. Novruz bayramını xalqımızın tarixi bayramı kimi vurğulayan Ümummilli Lider bu hərəkəti ilə də Azərbaycan xalqının qədim adət-ənənələrinə son dərəcə bağlılığını göstərirdi.
Xüsusilə qeyd etmək lazımdır ki, hər bir xalqın milli və mənəvi dəyərlərinin qorunmasında, onun inkişafında tarixi şəxsiyyətlərin də üzərinə böyük məsuliyyət və vəzifələr düşür. Ulu Öndərin tariximiz qarşısındakı misilsiz xidmətləri sırasında Novruz bayramının yenidən xalqımıza qaytarılması və onun hər il mart ayında təntənə ilə qeyd olunması kimi milli məsələ də var idi. Çünki məhz ümummilli liderimiz Heydər Əliyevin sayəsində ümumi mədəni hərəkatın tərkib hissəsi kimi milli bayramımız olan Novruz ötən əsrin 70–80-ci illərində əvvəlki dövrlərlə müqayisədə kütləvi şəkildə qeyd olunmağa başladı. Ulu Öndər Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərliyi dövründə isə Novruz təntənələri xalqımızın həyatına birdəfəlik daxil oldu.
Bu gün ulu öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, qədirbilən xalqımızın qətiyyətli Ali Baş Komandanı, Prezident İlham Əliyev də mədəni-mənəvi irsimizə xüsusi diqqətlə yanaşaraq, Novruz bayramını yüksək səviyyədə hər il keçirilməsini təmin edir. Bu, dünənimizi bu günümüzlə bağlamaq, onu qoruyaraq gələcəyə aparmaq deməkdir. Novruz bayramını milli mənəvi dəyərlərimizin təcəssümü adlandıran Prezident İlham Əliyevin hər il bayram şənliklərinə Birinci vitse-prezident Mehriban xanımla bir yerdə qatılması, əhali ilə sıx təması bayram əhvalını daha da artırmaqla yanaşı, xalqla hakimiyyət arasında sıx vəhdəti, birliyi göstərir. Novruz bayramı gələcəyə inam hissi aşılayır, könülləri oyadır, insanları daha xeyirxah, mərhəmətli və mehriban olmağa çağırır. Fəxrlə qeyd etmək lazımdır ki, Birinci vitse-prezident Mehriban xanımın səyləri nəticəsində xalqımızın bu əziz el bayramı da artıq UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilmişdir. Xüsusi vurğulayıram ki, 2010-cu il fevral ayının 23-də BMT Baş Məclisi 21 mart tarixini Beynəlxalq Novruz günü elan etmişdir. Bu layihə Azərbaycan dövlətinin təşəbbüsü ilə həyata keçirilmişdir.
Hazırda müasir və müstəqil Azərbaycan Novruz bayramını yeni siması ilə qarşılayır. Torpaqlarımızın azad olunmasını 30 ildən artıq dövr ərzində gözləyən xalqımız nəhayət qətiyyətli Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, şücaətli ordumuzun gücü ilə buna nail oldu. İşğaldan azad edilmiş cənnət diyarımız olan Qarabağ və Şərqi Zəngəzurun abadlaşması istiqamətində görülən irimiqyaslı işlər təbiətin yeniləşməsi ilə üst-üstə düşür. Bu bölgəmizdə hər tərəfində gedən yenidən quruculuq və abadlıq işləri bütöv Azərbaycanın əsl yüksəliş, inkişaf yolunda olduğunu bir daha göstərir. Dövlətimizin sosial və iqtisadi siyasətinin insanların həyat səviyyəsinin yaxşılaşmasına yönəlməsi isə sabaha inamı artırır.Biz qürurla deyə bilərik ki, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə nəinki regionun, həmdə dünyanın ən güclü dövlətlərindən birinə çevrilibdir.
Xalqımızın mənəvi dünyasını, milliliyini, qədim görüşlərini, varlığını Novruz bayramı qədər bütün zənginliyi özündə ifadə edir.
Bu bayram bütün Türk dünyasına xas olsa da, ölkəmizdə daha möhtəşəm qeyd olunur. Xalqımızın böyüklüyü ondadır ki, heç bir qadağa ona bu Novruz bayramını unutdura bilmədi. O, ən çətin zamanlarda belə öz keçmişinin, milli varlığının göstəricisi olan bayramını qoruyub yaşatmış, milli adət-ənənələrini unutmamışdır və ən əsası isə onları bu günümüzə gətirib çatdırmışdır.
Novruz bayramı həmçinin də xalqımızın milli həmrəyliyinin rəmzidir. Odur ki, Xalqımız və Dövlətimiz var olduqca Novruz bayramının adət-ənənələri, onun yaratdığı mədəni sərvətlər də bizimlə yaşayacaqdır.
Lakin əldə etdiyimiz bu nailiyyətlər bizi sevindirdiyi kimi, yaralarımız da bizi incidir. Dünya hərb tarixində alternativi olmayan Vətən müharibəmizdə torpaqlarımızın işğaldan azad olunması uğrunda şəhidlərimiz və qazilər oldu. Onların əbədi xatirəsiqəlbimizdə daima yaşayacaqdır. Onlar bizim unudulmayan Qəhramanlarımızdır.
Allah bütün şəhidlərimizə rəhmət eləsin.
Şəhidlərimizin xatirəsinin dövlətimiz tərəfindən hər zaman ehtiramla yad edildiyini diqqətə çatdıran Nəsimi RİH Başçısı Asif Əsgərov şəhid ailələrinin problemləri və istəkləri ilə maraqlanıb.
Tədbirdə çıxış edənlər- Yeni Azərbaycan Partiyasının Nəsimi Rayon təşkilatının sədri Azər Süleymanov və cəmiyyət sədrləri Vətən müharibəsində qazanılan qələbənin xalqımıza böyük sevinc yaşatdığını, Azərbaycanın ərazi bütövlüyü uğrunda öz canından keçmiş şəhidlərin ailələrinə, həmçinin müharibə əlillərinə dövlət tərəfindən hər zaman böyük diqqət və qayğı göstərildiyi bildirdilər. Müzəffər Ali Baş Komandan İlham Əliyevin tapşırıq və göstərişləri ilə Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan igidlərimizin ailə üzvlərinin, bu haqq savaşımızda şanlı Zəfər qazanan qüdrətli Azərbaycan Ordusunun hərbçilərinin, qazilərinin sosial müdafiəsinin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən kompleks tədbirlərin bunun bariz nümunəsi olduğunu və Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbənin tarixi əhəmiyyətindən və ərazi bütövlüyümüz uğrunda canlarından keçən igid oğulların əziz xatirələrinin heç bir zaman unudulmayacağını vurğuladılar.
Şəhid ailələri və Vətən müharibəsi əlilləri Vətənimizin ərazi bütövlüyü, dövlətimizin, müstəqqiliyimizin qorunması uğrunda şəhid olmuş igid Azərbaycan övladlarının xatirəsinin əbədiləşdirilməsi, onların ailələrinə sosial qayğının göstərilməsinə görə cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirdilər.
Tədbirdə Vətən müharibəsi şəhidlərinə həsr olunmuş videoçarx nümayiş olunmuşdur.
Tədbir konsert proqramı ilə davam etdirilmişdir.
Bayram ərəfəsində rayon ərazisində yaşayan Vətən Müharibəsi Şəhid ailələri rayon İcra Hakimiyyətinin rəhbərliyi və məsul əməkdaşları tərəfindən ziyarət olunmuş, 200 şəhidvəqaziailəsinə, o cümlədən 1000 nəfərə yaxın aztəminatlı ailələrə maddi yardım və bayram sovqatları çatdırılıb.