“Heydər Əliyev İli” çərçivəsində Nizami Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının birgə təşkilatçılığı ilə 1 avqust Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə “Heydər Əliyev və Azərbaycan dili” mövzusunda dəyirmi masa keçirilib.
Tədbir iştirakçıları öncə Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
Dəyirmi masada Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini İldırım Mehdiyev, Milli Məclisin deputatı Sədaqət Vəliyeva, Azərbaycan Dövlət Pedoqoji Universitetinin Müasir Azərbaycan dili kafedrasının müdiri, fəlsəfə doktoru, dosent Könül Səmədova və YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov çıxış ediblər.
Çıxışlarda qeyd olunub ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin genişmiqyaslı siyasi-ideoloji fəaliyyətində dil siyasəti çox mühüm yer tutub, milli dövlət quruculuğunun tərkib hissəsi olaraq bütöv bir sistem təşkil edib.
Ulu Öndər Heydər Əliyevin doğma dilimizdə dahiyanə nitq mədəniyyəti ilə hamıya nümunə göstərməsi, hələ sovet dövründə, mərkəzin qadağalarına baxmayaraq, dilimizin dövlət dili statusu alması, Azərbaycan dilçi alimlərinin yüksək dövlət mükafatlarına layiq görülərək daha böyük tədqiqat işlərinə ruhlandırılması Azərbaycan dilçiliyinin sürətli inkişafında müstəsna rol oynayıb.
Azərbaycan müstəqillik əldə etdikdən sonra bütün sahələrdə olduğu kimi ana dilimizin hərtərəfli inkişaf etdirilməsi sahəsində də Ümummilli Lider Heydər Əliyev tərəfindən böyük işlər həyata keçirilib, 1995-ci ildə qəbul edilən Konstitusiyada Azərbaycan dili milli dövlətçiliyimizin rəmzlərindən biri olaraq təsbit edilib, Azərbaycan dilinin siyasi hüquqi statusunun möhkəmləndirilməsi istiqamətində bir sıra Fərman və Sərəncamlar verilib. Ümummilli Liderin 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən avqust ayının 1-i “Azərbaycan əlifbası və Azərbaycan dili” günü kimi təsis edilib.
Bu gün müstəqil ölkəmizdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Ulu Öndər Heydər Əliyevin dövlət dili siyasəti çox uğurla davam etdirilir. Bu sahədə möhtərəm Prezidentimizin rəhbərliyi ilə həyata keçirilən tədbirlər, dilimizin inkişafı və qorunması üçün münbit qanunvericilik bazasınının daha da möhkəmləndirməsi naminə qəbul olunan qərarlar müstəsna əhəmiyyətə malikdir. Ölkə rəhbərinin Azərbaycan dilinin qloballaşma şəraitində qorunması və hərtərəfli inkişafı istiqamətində atdığı addımlar Azərbaycan dilçiləri ailəsi, ümumilikdə, Azərbaycan ziyalıları tərəfindən minnətdarlıqla qarşılanır.
Tədbirin sonunda mövzu ilə bağlı müzakirələr keçirilib, iştirakçılar tərəfindən bir sıra təkliflər verilib.