1992-ci il fevralın 25-dən 26-na keçən gecə bəşər tarixində misli olmayan bir faciə baş verdi. İnsanlığa qarşı törədilmiş bu ağır cinayətin canlı şahidlərindən biri Aynur Abışovanın acı həyat hekayəsini oxuculara təqdim edirik. Aynur xanım məhz həmin gündə başına gələnləri qələmə alıb. Bu yazı erməni terrorçularının törətdiyi qanlı faciəninin əsl məqsədini bir daha göstərir…
” O vaxt mənim yaşım az olsa da, hər şeyi bu gün kimi xatırlayıram. Uşaq yaddaşı silinməz olar deyiblər, doğurdan bu belədir.
Xocalı hər gün atəşə məruz qalırdı. Fevralın 25-i gecə saat iki radələrində bizim qapı döyüldü. Bu qonşumuz Yelmar kişi idi. O, bizə bildirdi ki, şəhər dörd tərəfdən mühasirəyə alınıb. O bizə dedi ki, təcili bizim zirzəmiyə gəlin. Bizim məhlənin camaatı onların zirzəmisinə girmişdi. Fevralın 26-sı səhərə qədər biz həmin o zirzəmidə qaldıq. Atışma isə kəsmirdi. Ermənilər artıq kəndə daxil olub, camaatı öldürür, əsir aparır, evləri isə yandırırdılar. Bizim isə xəbərimiz yox idi. Çünki zirzəmidən hadisələri görmək mümkün deyildi. Səhərə yaxın biz zirzəmidən çıxıb beş mərtəbə deyilən bir binaya girdik. O beş mərtəbə ki, təzə tikilmişdi, hələ istifadəyə verilməmişdi.
Ermənilər bizim orada olduğumuzu bilib binanı mühasirəyə alıb atəş açmağa başladılar. Bizimkilər isə binanın yuxarı mərtəbəsindən düşmənə qarşı vuruşurdular. Bizimkilərin artıq silah-sursatı bitirdi. Onlar bizə bildirdilər ki, əgər ermənilər içəri daxil olsalar o zaman sizi özümüz öldürəcəyik ki, düşmənə əsir düşməyəsiz. Gecəyə yaxın düşmənin atəş səsləri kəsdi. Artıq onlar özlərinə silah gətirməyə getmişdilər. Onların da silahları bitmişdi. Bu zaman biz binanı tərk edib meşəyə girdik. Biz meşəyə girən zaman anam bizə dedi ki, ayaqqabılarınızı çıxarın ki, camaatla ayaqlaşaq. Çünki arxada qalanı heç kim gözləmirdi. Ayaqlarım tamamilə donmuşdu. Ən çox da Qar-Qar deyilən çay var idi. O çayı ayaqyalın keçəndə ayaqlarımız dondu. Anam əynindəki paltarı cırıb ayaqlarımıza sarıyırdı. İki gün meşə ilə ac-susuz yol getdik. Taqətdən düşmüşdük. Meşədə meyidlərdən yol tapıb yerimək olmurdu. Kimisi donub ölürdü, kimisinə güllə dəyirdi. Ermənilər bizim meşədə olduğumuzu bilib bizi Azərbaycan dilində çağırırdılar.
“Sizinkilərik, qorxmayın, gəlin, sizə kömək etməyə gəlmişik”.
Meşədə çox insan onlara inanıb onlar tərəfə gedəndə düşmənə əsir düşdülər. Böyük bacım tamamilə donmuşdu. Anam ona nəfəs verə-verə gətirirdi. İki gün meşə ilə yol getdikdən sonra Ağdama çatdıq. Anam bizi çox çətinliklə gətirib çıxara bildi.
O qanlı gecə mən deyərdim ki, mənim uşaqlığım öldü. Ağappaq qara bürünmüş Xocalı meşəsi o gecə qıpqırmızı qana boyanmışdı. Bir daha qeyd etmək istəyirəm ki, o gecə insanlıq öldü. Mən artıq qara o qədər nifrət edirəm ki, qar yağanda o qanlı gecəni xatırlayıram.
Artıq biz xocalılar 26 fevralı fərqli formada yad edirik, çünki artıq Xocalımız düşmən tapdağından azad edilib. Müzəffər Ordumuzun rəşadəti və Ali Baş Komandanımızın apardığı düzgün siyasət nəticəsində torpağımız düşmən tapdağından azad olundu və şəhidlərimizin qanı yerdə qalmadı. Xocalı artıq şəhid şəhəri deyil, qəhrəmanlar şəhəridir”.
2024-cü il fevralın 7-də keçirilən prezident seçkiləri bir daha onu sübut etdi ki, xalq öz liderinə inanır və seçkilərdə də öz prezidentini seçdi. Bu gün biz cənab Prezident İlham Əliyevin memarı olduğu suveren ərazilərini qətiyyətlə bərpa edən güclü Azərbaycan dövlətinin qalib vətəndaşlarıyıq.
Azərbaycanımızın ərazi bütövlüyü uğrunda canlarını fəda verən bütün şəhidlərimizə ulu tanrıdan rəhmət, qazilərimizə can sağlığı diləyirik”.