image-16jpg-1680690640backend

Ordu və xalq birliyinin təcəssümü

image-reklam_sirab_01

“İki ildən artıqdır ki, bütün dünya Azərbaycanın müharibə təcrübəsindən danışır. Dünyaya səs salan, xalqımızın 30 illik torpaq həsrətinə son qoyan 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimiz dövlətimizin qətiyyətini, rəşadətli Ordumuzun gücünü, xalqımızın dəmir yumruq kimi birliyini dünyaya nümayiş etdirdi. Ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra bütün sahələr kimi, ordu quruculuğu da dövlət siyasətinin əsası istiqamətlərindən birinə çevrildi. Reallıq budur ki, müstəqilliyimizin bərpasının ilk illərində Silahlı Qüvvələrimiz torpaqlarımızın deyil, ayrı-ayrı qrupların maraqlarının müdafiəsinə xidmət edirdi. Dahi şəxsiyyətin hakimiyyətə qayıdışı ilə ordu quruculuğu istiqamətində atılan addımlar onun maddi-texniki bazasının möhkəmləndirilməsində, gənclərimizin vətənpərvərlik hisslərinin artmasında, hərbi xidmətə böyük ruh yüksəkliyi ilə getmələrində özünün aydın ifadəsini tapdı. Ümummilli Lider sülh danışıqlarının cəsarətlə aparılması üçün güclü ordunun olmasını əsas amillərdən biri kimi önə çəkdi. 1994-cü il mayın 12-də ulu öndər Heydər Əliyevin səyləri nəticəsində Ermənistanla atəşkəs sazişinin imzalanması ölkədə sabitliyin təmin olunmasında, bütün sahələrdə uğurlu addımların əldə olunmasında öz sözünü dedi.”

Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.

Malik Həsənov qeyd edib ki, son 20 ilə yaxın dövrdə ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyev ordu quruculuğunun prioritetliyini atdığı davamlı addımları ilə təsdiqlədi: “Bunların uğurlu nəticəsi Azərbaycan Ordusunun hazırda dünyanın ən güclü 50 ordusu sırasında qərarlaşması, bu gününə və sabahına inamın böyük olmasıdır. Rəşadətli Ordumuzun zəfərləri yaradılan möhkəm təməlin təqdimatıdır.”

Millət vəkili vurğulayıb ki, tarixi Zəfərimizə gedən yolun başlanğıcı kimi dəyərləndirilən 2016-ci ilin Aprel döyüşlərindən 7 il keçir: “7 il bundan öncə Lələtəpə yüksəkliyində ucaldılan Azərbaycan Bayrağı iki ildən artıqdır ki, azad Qarabağda və azad Şərqi Zəngəzurda dalğalanır. 2016-cı il aprelin 2-də Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq, Azərbaycan Ordusu sürətli əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğradaraq, Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsini azad etdi. Həmçinin minlərlə hektar ərazi Azərbaycan Ordusunun tam nəzarətinə keçdi. Azərbaycan Ordusu dörd günlük Aprel döyüşləri ilə xalqımıza qələbə sevincini yaşatmaqla yanaşı, işğal altında olan bütün torpaqlarımızın azad ediləcəyinə əminliyini artırdı. Müharibə şəraitində yaşayan ölkə üçün güclü Ordunun olması vacib amillərdən biridir. Azərbaycanın dövlət büdcəsindən ayırmalarında ilk yeri müdafiə xərcləri tutur. Baxmayaraq ki, işğalçı Ermənistan və ona havadarlıq edən dövlətlər ölkəmizin müdafiə qabiliyyətini gücləndirməsini öz maraqlarına uyğun təhlil edərək belə bir fikir yaratmağa çalışırdılar ki, ölkəmiz sülh danışıqlarında maraqlı deyil. Görünən, təbii ki, Ermənistanın danışıqlara imitasiya naminə qatılması, bununla da münaqişənin həlli prosesini uzatmaq istəyini reallaşdırması idi.”

Malik Həsənov bildirib ki, Aprel zəfəri ermənilərin illərdir yaratdıqları “məğlubedilməz erməni ordusu” mifini dağıtdı: “Aprel qələbəsi əsgərlərimizin döyüş ruhunun, ordu ilə xalqın birliyinin təcəssümü oldu. Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanılması, erməni işğalçılarının 2016-cı il aprelin 2-dən 5-dək qoşunların təmas xəttində törətdikləri silahlı təxribatların qarşısının qətiyyətlə alınması Silahlı Qüvvələrimizin özünə güvənini, inamını artırdı. Aprel döyüşlərinin ardınca 2018-ci ildə Günnüt əməliyyatı bir daha Ordumuzun nəyə qadir olduğunu dünyaya nümayiş etdirdi. Hər iki zəfər Ordumuzun peşəkarlığını, döyüş ruhunun yüksəkliyini göstərdi. Aprel döyüşlərinin tarixi əhəmiyyətindən bəhs edərkən bu zəfərin sayəsində Böyük Qayıdış prosesinə start verildiyi xüsusi qeyd edilir. Lələtəpə yüksəkliyinin azad edilməsi nəticəsində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində mülki əhalinin yaşayışı üçün təhlükə tamamilə aradan qaldırıldı. Cocuq Mərcanlı kəndinin bərpası və əhalinin yerləşdirilməsi Böyük Qayıdışın başlanğıcı kimi tarixə yazıldı.”

Malik Həsənov bu fikri böyük fəxrlə bildirib ki, Aprel döyüşləri möhtəşəm Zəfərə gedən yolda mühüm əhəmiyyət kəsb etdi: “2020-ci ilin 27 sentyabr tarixində Ermənistan silahlı qüvvələrinin müxtəlif istiqamətlərdən Azərbaycan ərazilərini raket atəşinə tutmaları 44 günlük İkinci Qarabağ müharibəsinin başlanmasını şərtləndirdi. Tarixi Qələbəni cəmi 44 gündə qazanaraq, Azərbaycanın ərazi bütövlüyünü və tarixi ədaləti bərpa edən rəşadətli Ordumuz işğalçı dövlətə tarix boyu unuda bilməyəcəyi dərsi verdi. Baxmayaraq ki, Ermənistanda bu dərsdən nəticə çıxarmayıb baş qaldıran revanşist qüvvələr var, Müzəffər Ali Baş Komandan hər zaman dəmir yumruğun yerində olduğunu xatırladır. Tarixi Zəfərimizdən sonra “Qisas”, Qətiyyətli addım” əməliyyatları deyilənlərin təsdiqidir. Azərbaycan Ordusunun gücünün artırılması bundan sonra da əsas hədəflər sırasındadır. 44 günlük İkinci Qarabağ müharibəsində tətbiq edilən ən müasir döyüş taktikası, dastana çevrilən Şuşa əməliyyatı dünyanın qabaqcıl ölkələrinin ekspertləri tərəfindən öyrənilir, təqdir edilir. İşğaldan azad edilmiş ərazilərimizdə Azərbaycan Bayrağının dalğalanması böyük qürurumuz, kimliyimizdir. Bu torpaqların sahibi Azərbaycan xalqıdır və burada daimi olacağıq. Genişmiqyaslı bərpa-quruculuq işləri, soydaşlarımızın öz dogma yurd-yuvalarına ardıcıl şəkildə qayıdışları tezliklə Böyük Qayıdışın tam şəkildə həyata keçəcəyinə əminliyi artırır.”

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki