Azərbaycanın Özbəkistanla əlaqələrindəki dinamik inkişaf bütün sahələrdə özünü göstərməkdədir. Şavkat Mirziyoyevin növbəti dəfə Özbəkistanda prezident seçilməsindən sonra Azərbaycana səfər etməsi münasibətlərimizin hazırkı səviyyəsindən xəbər verir. Beynəlxalq platformalarda hər zaman Azərbaycana dəstək verən qardaş ölkə bu gün də özünün xarici siyasətindəki bu ənənəyə sadiqdir. Rəsmi Daşkənd keçmiş Qarabağ münaqişəsində Azərbaycanın ədalətli mövqeyini hər zaman dəstəkləyib. 2021-ci il martın 31-də Türk Dövlətləri Təşkilatının videokonfrans formatında keçirilmiş qeyri-formal Zirvə görüşündə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycan xalqını və şəxsən Prezident İlham Əliyevi Qarabağın işğaldan azad olunması və tarixi ədalətin bərpa olunması münasibətilə təbrik edib. 2021-ci ilin noyabrında İstanbulda Türk Dövlətləri Təşkilatının VIII Zirvə Görüşündə Şavkat Mirziyoyevin Füzulidə Özbəkistan vəsaiti hesabına böyük məktəb inşa ediləcəyini bəyan etməsi və hazırda bu istiqamətdə real addımların atılması bütün bunların bariz nümunəsidir.
Bu sözləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili söyləyib.
Onun sözlərinə görə, türkdilli dövlətlər içərisində xüsusi çəkiyə malik olan Özbəkistanda aparılan iqtisadi-siyasi islahatlar bu ölkənin Mərkəzi Asiyanın aparıcı dövlətlərindən biri olması ilə nəticələnib. Bu isə Daşkəndin bütün türk dünyasında gücünün və nüfuzunun artması deməkdir. Ölkələrimizin başçılarının qarşılıqlı səfərləri, imzalanan sənədlər, yeni razılaşmalar bu əlaqələrin daha da genişlənməsinə böyük müsbət təsirlərini göstərməkdədir. Şavkat Mirziyoyevin Azərbaycana səfəri çərçivəsində imzalanan sənədlər, prezidentlərin mətbuata açıqlamalarında səsləndirdikləri fikirlər ölkələrimiz arasında münasibətlərdə yeni mərhələnin yarandığını deməyə imkan verir. Təbii ki, Azərbaycan-Özbəkistan münasibətləri qədim tarixə malikdir. Bizim çox yaxın milli adət və ənənələrimiz, ümumi dil qrupumuz, mədəniyyət və dini ənənələrimiz vardır. 1937-ci ilin kütləvi repressiyası zamanı on minlərlə azərbaycanlı Özbəkistana sığınıb. Bu gün 40 mindən çox azərbaycanlı Özbəkistan cəmiyyətinin sosial, ictimai, iqtisadi və digər sahələrində fəal iştirak edir. Ölkələrimiz arasında diplomatik münasibətlər 1995-ci il oktyabrın 2-də qurulub. 1996-cı ilin avqustunda Azərbaycanın Özbəkistanda, 1998-ci ilin iyulunda isə Özbəkistanın Bakıda səfirlikləri fəaliyyətə başlayıb. Hazırda iki ölkə arasında hərtərəfli və strateji tərəfdaşlıq münasibətləri mövcuddur. Ulu Öndər Heydər Əliyev hər zaman özbək xalqına böyük sevgi ilə yanaşıb. 1970-ci ildə o vaxt Azərbaycana rəhbərlik edən Heydər Əliyevlə Özbəkistanın rəhbəri Şərəf Rəşidov arasında yaranmış dostluq münasibətləri iki ölkə arasındakı əlaqələrin bugünkü inkişafının əsası olub.
Azərbaycan və Özbəkistan xalqları arasında tarixən ənənəvi dostluq və qardaşlıq əlaqələrinin olduğunu diqqətə çatdıran Tahir Mirkişili deyib: “Özbəkistanın 2008-ci ilin martında BMT Baş Assambleyasında səsverməyə çıxarılmış “Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət” adlı qətnamənin lehinə səs verən yeganə Mərkəzi Asiya ölkəsi olduğunu unutmamışıq. Özbəkistan Azərbaycanla ticarət dövriyyəsinin son 6 illik artım dinamikasında lider mövqeyə yüksəlib. 2016-cı ildə 15,3 milyon dollarlıq dövriyyə ötən il 183,3 milyon dolları ötüb. Bakıda keçirilən “Azərbaycan-Özbəkistan biznes forumu və energetika sahəsində 2023-2025-ci illər üçün enerji sektorunda əməkdaşlığın genişləndirilməsinə dair imzalanan Yol Xəritəsi” ölkələr arasında iqtisadi münasibətlərin yeni mərhələyə keçdiyini göstərir. İqtisadi sahələrdə əməkdaşlığın dərinləşdirilməsinə dair aparılan müzakirələr və imzalan sənədlər, 14 istiqaməti əhatə edən Yol Xəritəsi ölkələr arasında ciddi perspektivdən xəbər verir. Düşünürəm ki, Azərbaycan-Özbəkistan əlaqələrinin səviyyəsini daha da yüksəltmək üçün geniş potensial, imkanlar mövcuddur. İmzalanan sənədlər üzrə real addımlar atılarsa, yaxın gələcəkdə iki qardaş ölkə arasında ticarət dövriyyəsini əhəmiyyətli dərəcədə artırmaq mümkün olacaq”.